İctimai-siyasi hazırlıq mənəvi-psixoloji vəziyyətin zaminidir

2024/08/bcbf2-1723650419.jpg
Oxunub: 766     12:38     16 Sentyabr 2024    
Rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət edən gənclərin mənəvi dəyərlərə sədaqəti, xalqa, millətə, Vətənə olan sevgisi göz qabağındadır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun Aprel, Tovuz döyüşləri, “Günnüt əməliyyatı”, 44 günlük Vətən müharibəsi və həyata keçirdiyi digər döyüş əməliyyatları zamanı əldə edilən zəfər bir daha ordumuzun güc və qüvvətini bütün dünyaya nümayiş etdirdi. Əlbəttə, bu qələbəni bizlərə yaşadan məğrur döyüşçülərimizdir. Məhz onların igidliyi və şücaəti sayəsində torpaqlarımız işğaldan azad edildi, şəhidlik zirvəsinə yüksələn silahdaşlarımızın qisası alındı və bütün torpaqlarımız azadlığa qovuşdu. Əlbəttə, bu qələbəni əldə etmək üçün hər bir döyüşçünün döyüş, atəş, fiziki hazırlıqları ilə yanaşı, mənəvi-psixoloji vəziyyətləri də hər zaman yüksək olmalıdır. Bunun üçün isə hərbi hissələrdə günün nizam qaydalarına uyğun olaraq, ictimai-siyasi hazırlıq dərsləri keçirilir. Məhz bu dərslərin sayəsində şəxsi heyətin döyüş ruhu formalaşır, dünyagörüşü artır, mənəvi maariflənməsi həyata keçirilir. Tədris sualları ordumuzun yaranması və inkişaf mərhələləri, hərb tariximizi, hərbi nizamnamələr və təlimatların tələbləri və digər mövzuları əhatə edir. Bu zaman vətənpərvərlik haqda geniş mühazirələr oxunur, qəhrəmanlıq nümunələrindən misallar gətirilir. Şəxsi heyətin qorxmaz və cəsur ruhda formalaşmasında bu cür dərslərin keçirilməsinin əhəmiyyəti misilsizdir. Bu səbəbdən ordu rəhbərliyi tərəfindən ictimai-siyasi hazırlıq dərslərinə xüsusi önəm verilir.

"N" hərbi hissəsində bölmədə ictimai-siyasi hazırlıq dərsinin yüksək səviyyədə təşkil olunduğuna şahid oldum. Dərs keçirilən otaqda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin portretləri, Azərbaycan Respublikasının dövlət rəmzləri, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin foto və məlumat stendləri yerləşirdi. Stendlərdən birində hərb tariximizə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımıza dair məlumat və fotolar yer alırdı. Dərs başlamamış artıq hiss olunurdu ki, bölmədə təbliğat və təşviqat işi yüksək səviyyədədir.

Qrup rəhbəri leytenant Azər Ağayev şəxsi heyətə mövzunu elan edərək dedi: "Ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionunun siyasi və hərbi-strateji əhəmiyyəti hər zaman böyük olub. Bəllidir ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və təbii sərvətlər ilə dolu ərazisi hegemon dövlətlərin maraq dairəsində olub. Bu təbii sərvətlərin əsasında faydalı qazıntı yataqları, bol olan qızıl, boya, yun, ipək, pambıq, tütün və neftdir. Bu cür əlverişli bölgəyə nəzarəti özündə saxlamaq, bölgədə yaranan qüvvələr nisbətini öz xeyrinə çevirməkdir. Bu səbəbdən, Cənubi Qafqaz həmişə mürəkkəb siyasi, hərbi-siyasi və iqtisadi vəziyyətə malik idi.

19-cu əsrin əvvəllərində yaranan vəziyyətin nəticəsi ona gətirib çıxardı ki, Qacarlar dövləti Çar Rusiyasından öz qoşunlarını Cənubi Qafqazdan çıxarmasını tələb etdi.

1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Çar hökümətinin generalı Sisianov ilə Gəncə yaxınlığındakı Kürəkçayın sahilində müqavilə imzaladılar.
Bundan sonra imzalanan Gülüstan və Türkmənçay müqavilələri də Vətənimiz Azərbaycanın Çar Rusiyası ilə Qacarlar dövləti arasında bölüşdürülməsinə gətirib çıxardı".

Dərs prosesi bitdikdən sonra şəxsi heyətin fikirlərini öyrənmək üçün onlarla həmsöhbət oldum. Əsgər Əmrah Aslanov bildirdi ki, Gülüstan və Türkmənçay müqavilələri tariximizin ən çətin səhifələrindən biridir. "Çar Rusiyasının Cənubi Qafqazı öz ərazilərinə qatmaqda işğal etməkdə əsas amalı Xəzər dənizini öz daxili dənizinə çevirmək idi. Lakin Azərbaycanın iki imperiya arasında bölüşdürülməsi bu planlara qismən də olsa, son qoydu. Bununla barışmaq istəməyən Çar Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaratmağa başladı. Evsiz-yurdsuz ermənilər Türkmənçay müqaviləsindən çox məmnun idilər. Çünki buna qədər onların müəyyən yaşayış əraziləri yox idi, - deyən əsgərin üzündən düşmənə nifrət oxunurdu, - o zamanlardan ermənilərin gözü torpaqlarımızdadır. Onlar hər zaman kiməsə güvənərək, öz hiylələrini qurmaqda idilər. Yalnız Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə şanlı Azərbaycan Ordusu buna son qoydu. Artıq nəinki namərd ermənilər, hətta bütün dünya belə rəşadətli ordumuzun gücünü, qüdrətini gördü. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan Zəfərin şahidi oldu".

Əsgər Rəvan Manafov ictimai-siyasi hazırlıq dərslərinin mənəvi-psixoloji hazırlıqlarının yüksəldilməsində böyük rolu olduğunu qeyd etdi. "Komandirlərimizin rəhbərliyi altında günün nizam qaydalarına uyğun olaraq bizimlə müxtəlif dərslər və məşğələlər keçirilir. Bunlardan biri də ictimai-siyasi hazırlıq dərsləridir. Keçirilən dərslərdə Əbədiyaşar Komandanın Vətənimiz qarşısında misilsiz xidmətləri, Ali Baş Komandanın ordu quruculuğu istiqamətində apardığı uğurlu siyasəti, hərb tariximiz, mədəni irsimiz və digər maraqlı mövzularda biliklərimizi artırırıq. 44 günlük Vətən müharibəsində düşmənə göz dağı verən, torpaqlarımız uğrunda müqəddəslik, şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızı tanıyırıq, onların döyüş yollarını öyrənirik.

Əsgər Qafar Cəfərli də bildirdi ki, keçirilən dərslər zamanı bizə vacib biliklər ötürülür, vətənpərvərlik, igidlik aşılanır. Peşəkar komandirlərimiz tərəfindən ötürülən bilikləri böyük həvəs və maraqla mənimsəyirik.
Əsgərlər Pərvin Qurbanov, Amil Şükürlü, Pərvin Xıdırov və digərləri hərbi xidmətlərindən, Vətən qarşısında övladlıq borclarını ləyaqətlə yerinə yetirmələrindən, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən asanlıqla gələcəklərindən, ictimai-siyası hazırlıq dərslərinin mahiyyətindən ətraflı söz açdılar.

İbrahim Məmmədbəyov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ordu   Mənəvi-psixoloji-vəziyyət  


Bizi "telegram"da izləyin