Şəhid İbrahim Qasımovun anası: "Mən onu ölməz bilirdim, o qədər gücə, dəmir iradəyə malik idi ki..."

2024/08/eaa21-1723302810.jpg
Oxunub: 789     12:37     13 Sentyabr 2024    
Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2023-cü ildə Xankəndi şəhərində çıxışı zamanı demişdir: "Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında başəyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir".

Qarabağ həsrətini, ana Vətənimizin bir parçası olan yurd nisgilini övladlarımıza da ötürdük. Onlar Qarabağı görmədən sevdilər: şəkillərlə, video-kadrlarla. Bir də təbii ki, hər birimizi ana yurda bağlayan tellərlə. Yurdumuzu viran qoyan düşmənə qarşı nifrət hissi, düşmən tapdağı altında inləyən torpağın səsi güclü, vətənpərvər bir nəsil yetişdirdi. Günü-gündən qüdrəti artan ordumuzun sıralarında xidmət etmək həvəsi neçə-neçə gəncin yolunu hərbidən saldı. Məqsədi səbiridi: Vətən torpaqlarını işğaldan azad etmək, gözü yaşlı qalan yaşlılarımızı yurduna qovuşdurmaq, haqq-ədaləti bərpa etmək.

Malikəjdər Qasımovun ailəsində ikinci oğul övladı torpaqlarımızın işğal olunduğu, torpağa şəhid verdiyimiz bir zamanda dünyaya göz açdı. 1992-ci il yanvarın 29-da Əliabad qəsəbəsində doğulan körpəyə İbrahim adı verildi. Maral ananın sonbeşiyi olan İbrahim 1998-2009-cu illərdə təhsil aldığı Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə biliyi, intizamı ilə seçildi. Müəllimlərinin sevimlisinə çevrildi. Azərbaycan Kooperasiya Universitetində mühasibat uçotu ixtisası üzrə təhsil aldı. Şahbuzda hərbi xidmətini başa vurandan sonra öz ixtisası üzrə Bakı şəhərində işləməyə başladı. Niyyətin hara, mənzilin ora demiş atalar. Torpaqlarımızın işğal altında olması ilə barışmayan İbrahim qəti qərarını verir. Hərbçi olacaqdı. Bu niyyətlə 2019-cu ildə "Ehtiyat zabit hazırlığı" kursunu bitirir və leytenant rütbəsi ilə Goranboyda xidmətə başlayır. Ürəyi Vətən sevgisi ilə döyünən İbrahim idmana böyük həvəs göstərərək gücünə güc qatır. Və o günü səbirsizliklə gözləyir...


2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində iştirak etmək, torpaqlarımızın düşmən işğalından azad olunmasında iştirak etmək leytenant İbrahim Qasımova da nəsib olur. Həssas ürəkli, zərif Maral ana narahat olmasın deyə ondan müharibədə iştirakını gizlədən İbrahim "Suqovuşanın azad olunmasına görə" medalı ilə Naxçıvana qayıdır. Atası Malikəjdər kişi qürur duyur. Belə bir zəfərdən sonra qəlbi dağa dönən Maral ana qohumları, dost-tanışları başına yığıb oğluna təmtəraqlı toy edir. 2022-ci ildə İbrahimin Malik adlı oğlu dünyaya gəlir. Bu, İbrahim üçün ikinci böyük sevinc idi. "Oğlum böyüyəndə atası ilə qürur duyacaq",-deyirdi. Həmin ili İbrahim Qasımova baş leytenant hərbi rütbəsi verilir. İgid İbrahim "Komando" kursunu keçərək xidmətini davam etdirir.

Təqvim 2023-cü il sentyabr ayını göstərir. Məzuniyyətdə olan İbrahim ailəsi ilə birlikdə Naxçıvana-ana yurduna gəlib. Oğlu İbrahimin doğum gününü atası, anası qardaşı ilə birgə qeyd etmək üçün. Lakin... Vətən çağırır. İbrahim hər şeyə rəğmən getməlidir. Oğlunun doğum gününü xidmət yerində keçirməli olur. Ermənistan ordusunun qalıqları və Qarabağ iqtisadi zonasında qeyri-qanuni erməni silahlı dəstələri bir daha "şansını" sınayır. Lakin Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində öz sözünü demiş, gücünü bütün dünyaya göstərmişdi. Bu bir haqq savaşı idi. Sonuna qədər gediləcəyi şəksiz idi. 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatı zamanı Ermənistan ordusunun tör-töküntülərinə və qeyri-qanuni erməni silahlı dəstələrinə ağır zərbələr vurulur. Düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılır. Və düşmən təslim olur. Antiterror əməliyyatı zamanı hərbi qulluqçularımız ağır relyef və düşmən tərəfindən uzun illər ərzində qurulan istehkamların mövcudluğu şəraitində böyük igidliklər göstərirlər.

Həyat yoldaşı Vəfa Qasımova deyir ki, İbrahimin sonuncu zəngi 20 sentyabrda səhər saatlarında oldu. Həmin vaxt valideynləri ilə də əlaqə saxlayıb danışmışdı. Sanki bizimlə vidalaşmaq üçün zəng etmişdi. Üstündən bir neçə saat keçəndən sonra İbrahimin şəhadət xəbəri gəldi.

Maral ana: "Mən onu ölməz bilirdim, o qədər gücə, dəmir iradəyə malik idi ki... Düşünürdüm ki, o bir gücdür, silahın ona gücü çatmaz. Naxçıvana gətirib torpağa verən anadək ölümünə inanmırdım".

Baş leytenant İbrahim Qasımov ölümündən sonra "Vətən uğrunda" medal və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Saçları bəyaz ana, doğru düşünmüsən. İbrahim ölməyib ki. İbrahim aramızdadır, İbrahim qəlbimizdədir. İbrahim bizdən ucalardadır. O ucalığa sonsuz sayğı və ehtiram hissi ilə.

Ruhiyyə Rəsulova, Naxçıvan televiziyasının baş redaktoru
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu   Vətən  


Bizi "telegram"da izləyin