Ordu.az-ın bu məqaləsində qonağı olduğumuz Xocalı ailəsindən söz açacağıq.
Əlbəttə bu gün qürur və fəxrlə deyə bilirik ki, şəhidlərimizin tökülən qanlarının qisası alınıb. Bir vaxtlar hər qarış torpağı günahsız insanların qanıyla yoğrulan bu yerlərdə indi sabitlik və əmin-amanlıq hökm sürür. Maraqlıdır, bəs o ağrılı-acılı günlərdən keçib, hər göz qırpımında qanlı ölümün əlinin yaxalarına keçməsini həyəcanla “gözləyən”, əzizlərini bir nəfəs çəkimində gözləri qarşısında itirənlər bu gün Xocalıda hansı hisləri yaşayırlar?
Xocalı, bir vaxtlar ölüm saçan güllələrin demək olar ki, hər gün can aldığı, qan çanağına dönmüşdü. İnsan harayının bir-birinə qarışıb ərşə qalxdığı bu yerdə, indi doğma insanlarına qucaq açır.
Bizi Qarabağa yox, Qarabağı bizə qaytardılar
Xocalıya ilk köçən ailələrdən biridə Hümbətovlar ailəsidir.
Ailənin xanımı Zeynəb Sadıqova deyir ki, əslində bizi Qarabağa yox, Qarabağı bizə qaytardılar: “Bunun üçün ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu təkcə bu günün qələbəsi yox, həm də əsirlərdir parçalanmağa son qoyulan bir nöqtədir. Mən və bütün xalqımız bununla necə qürur duymasın. Cənab prezidentimizə uzun ömür arzulayıram. Onun gördüyü işlər bu gün bir millət olaraq hamımızın başını uca edib. Onun verdiyi əmr əsasında igid oğlanlarımız, mərd igidlərimiz bugünkü sevinci bizə yaşatdılar. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün bizim yaşadığımız bu sevinci heç bir kəlmə ilə izah edə bilmərik. Kim deyə bilərdi ki, bu gün Xocalıda ola bilərdik? Kim deyə bilərdi ki, dünya bizim liderimizə böyük həsədlə baxacaq. Sizcə bu bizim millətimizin xoşbəxtliyi deyil bəs nədir? Düzdür bizim xalq heç zaman məğlub olmağı həzm edə bilməyib. Sadəcə bu xalqı arxasınca aparacaq bir dahi rəhbər olmayıb. Amma bu gün qürurla, fəxrlə deyə bilirik ki, Cənab prezident İlham Əliyev kimi bir igidi, bir ərəni, dahi sərkərdəsi, hərtərəfli düşüncəli bir rəhbəri olan xalq ancaq qələbələrə layiqdir. Biz də şükürlər olsun ki, bu qələbələrin şirinliyini fıxarətlə dadırıq. Axı biz niyə də bu xoş anları bizə yaşdan şəxsə xüsusi rəğbət bəsləməyək. Mən bir daha vurğulamaq istəyirəm və çalışacam ki, məndən sonra gələcək nəslimiz də cənab prezidentimiz İlham Əliyevə xüsusi hörmət və izzətlə böyüsünlər”.
Zeynəb xanım danışır. Az müddətdə adam burada yaşadığı sevimli və kədərli anlara toxunur. O, sözləri bir-birinə hörüb cümlə qurduqca gözlərimizin önündə ermənilərin dinc sakinlərə qarşı etdikləri amansızlıq və vəhşiliyin mənzərəsi canlanır. Əslində əlavə suallarımız olsa da, danışığını kəsmək istəmirik. Neçə illərdir ürəyində yığılıb qalan doğma Xocalı həsrətini başa vuran Zeynəb xanım, o xatirələrini bəlkə də nə vaxtsa Xocalıda danışacağını ağlına belə gətirməmişdi. Amma bu gün artıq o doğma yurdunda, hətta doğma evində oturub ötən günlərin dəftərini bir-bir vərəqləyir. Danışır. Arada kövrəldiyi üçün, ara verir. Bir neçə saniyə sonra, səsinin boğulmasına və boğazını tutan qəhərə güc gəlib yenidən söhbətinə davam edir. Danışdığı xatirələrin hər birində keçirdiyi ürək yanğısını üzündəki ifadələrdən sezmək o qədər də çətin deyil.
Söz arası ermənilərin Qarabağdan çıxmasına da münasibət bildirir:
“Bunu hamı bilir ki, biz necə ürəyi təmiz və haqq yolunu bilən millətik. İndi erməni qadınlarının buradan köç xatirələrinə qulaq asıram sadəcə dəhşətə gəlirəm. Müqayisə aparıram, biz burdan necə çıxdıq, hansı gün və hansı şəraitdə. Körpələrimizin iniltisi, böyüklərin ah-naləsi, insanın qulağını batıran partlayışlar və güllə səsləri... Axı nə günahımız varıydı deyə illərdir bu suala cavab axtarıram. Açığını deyim ki, hələ də bu suallara cavab axtarışındayam. Yəqin ki, o cavabları mənim kimi axtaran çoxları olub. Amma ömür vəfa etmədiyi üçün suallar da yarımçıq qalıb. Amma son vaxtlar bir məsələni də düşünürəm, müqayisə aparıram. Bizim köçdüyümüz mənzərə ilə ermənilərin buranı öz istəkləri ilə tərk etməsini heç cür müqayisə edə bilmirəm. Bizim evlərimizdən çıxdığımız vaxtı eşitdiyimiz güllə sələrini, ah-nalələri xoş ünsiyyət, “getməyin qalın” çağırışları, insani münasibətlər əvəzləmişdi. Düşünürəm ki, İlahi görəsən hansısa bir erməni qadını bu münasibətlərin fonunda onların təbliğilə bizə qarşı düşmən mövqeyində olan və xüsusi qəddarlaşan nəsillərinə özlərinin barbar və vəhşi olduqlarını heç olmasa indi deməyə cürətləri və insanlıqları çatacaqmı? Amma özüm də bu suala bir kəlmə ilə cavab verirəm ki, “YOX”. Ona görə də, mən onları bir yaradan Allaha həvalə edirəm”.
Zeynəb xanım sonda “Əslində bizi Qarabağa yox, Qarabağı bizə qaytardılar. Bu həm də əsrlərdir davam edən parçalanmaya son qoyan nöqtədir” deyə ifadə etdi. Onu da qeyd etdi ki, o öz övladlarına da bu tarixi hər zaman öz gələcək nəsillərinə təbliğ etməyi vəsiyyət edib.
Həyat yoldaşının sözlərinə qoşulan Mahir Hümbətov Xocalı faciəsində yaxınlarını və ailə üzvülərini itirdiyini deyir:
“Mən 23 yaşında Xocalıdan çıxmışam. Müharibə bizə çox yaralar vurub. 13 yaşında bacım şəhid olub, xalam şəhid olub, qardaşım yaralanıb. Müharibə bizə nə yara vurmadı ki, heç vaxt o anları unutmaq olmaz. Bizim bəlkə də ömrümüzün yarıya enməsinə səbəb oldu müharibə. Onu demək istəyirəm ki, bu vaxta qədər əksəriyyəti elə bilirdi ki, biz geri qayıtmayacağıq. Əslində bu cür düşünənləri də bir yandan qınamıram. Çünki azdan-çoxdan müəyyən şərait yaratmışıq. Amma indi nə o şərait, nə də mülk gözümdə deyil. Mənə bu gün Xocalının küçəsində yatmaq belə heç bir dəyərlə ölçülməyəcək qədər qiymətlidir. Mən axşamı burda yatdım. Əminliklə sizə deyirəm ki, bu yaşıma qədər hələ belə rahat yatdığım olmamışdı. Bu təkcə mənim rahatlığım yox, düşünürəm ki, həm də şəhidlərimizin narahat ruhlarının rahat qovuşmasına bir işarədir”.
M. Hümbətov deyir ki, müharibənin vurduğu acıların yarası onsuz da sağalmayacaq: “Kim deyir ki, illər ötdükcə o yaralar qaysaq bağlayacaq, buna inanmıram. Hansı unudulmaqdan söz gedə bilər ki, günahsız yerə şəhid edilən əzizlərimin heç biri geri qayıtmayacaq. Hələ bu azmış kimi onların əksəriyyətinin taleyindən belə xəbər yoxdur. Deməli, bu cür yaraların sağalması yalandır və ola da bilməz. Amma onu qürurla deyirəm ki, torpaqlarımızın azad edilməsi və bu gün bu yerlərə gəlməyimiz bizi onlara yaxın etdi. Bilmirəm, bəlkə də addımladığımız cığırların altında onların qalıqları var. Biz nə qədər bilməsək də, onların ruhlarının rahat olması bizim yeganə təsəllimizdir. İnanıram və buna tam əminəm ki, qısa zamanda onların da taleyinə aydınlıq gələcək. Mən bu sevincli anları bizə yaşatdıqlarına görə, Ali Baş Komandana, hərbiçilərimizə minnətdaram. Şəhidlərimizin ruhu qarşısında da baş əyirəm ki, onlar bu gün bizə bu cür qürurlu anlar miras qoyub getdilər”.
Mahir Hümbətov da xatirələrini danışdıqca duyğusal anlar yaşadı. Üzünü qarşıdakı dağlara tutub gecə ikən çıxdıqları yerlər barədə də danışdı. Sonda onu bildirdi ki, indi çiyinlərinə düşən böyük yük, şəhidlərin onlara miras qoyduğu qürur və fəxarət dolu bu günləri, o ağrılı anları unutmadan yaşatmaqdır.
Daşqın Güneyli
Ordu.az