“Oculus”u “Facebook”a satdıqdan sonra Palmer Laki tərəfindən 2017-ci ildə qurulan müdafiə startapı “Anduril” son zamanlar adından söz etdirməyə başlayıb. Başlanğıcda ABŞ-nin köklü müdafiə şirkətləri arasında şansının olmadığı düşünülsə də, “Anduril” nəhəng şirkətlərə rəqib olmaq bir yana, onları geridə qoyan qabiliyyətlərini ortaya qoyur. İndi “Anduril” ABŞ-nin xəyal etdiyi PUA sürüsünü yaradır.
ABŞ tam avtonomluq istəyir
Təxminən 9 ay əvvəl ABŞ-nin parkına Süni Zəkaya (SZ) malik 2000 pilotsuz döyüş təyyarəsi əlavə etmək istədiyi bildirilib. Ötən ay “Anduril” və “General Atomics” ABŞ Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələri (HDQ) üçün Kooperativ Döyüş Təyyarəsi və ya CCA adlı yeni növ avtonom döyüş təyyarəsi istehsal etmək üçün seçildi. “Anduril” tender çərçivəsində “Boeing”, “Lockheed Martin” və “Northrup Grummond” kimi dünyanın ən böyük müdafiə şirkətlərini qabaqlamağı bacardı.
“Anduril”in sürətli böyüməsi əslində yaxşı oxunmalıdır. Firmanın məqsədi PUA-ları, sualtı qayıqları və qabaqcıl proqram təminatı ilə təchiz edilmiş digər avadanlıqları nisbətən aşağı qiymətə sürətlə çatdırmaqdır. Buna görə də köklü müdafiə şirkətlərinin tam əksi olan bir iş modeli var. Bu həm də ABŞ-nin müharibə texnologiyalarına baxışının dəyişdiyini göstərir. ABŞ artıq proqram təminatı və avtonomluq ehtiva edən daha ucuz sistemlərə üstünlük verir.
“Anduril” “Fury” vasitəsini qurur
“Anduril”in “Fury” adlı prototip CCA təyyarəsi hələ də ilkin inkişaf mərhələsindədir. Daha bir təyyarə “MQ-9 Reaper”i istehsal edən “General Atomics” tərəfindən hazırlanacaq. “Anduril” “Fury”ni etibarlı və əməkdaşlığa əsaslanan avtonomluq təmin edən yüksək performanslı, çoxmissiyalı “qrup 5” sinfinə məxsus avtonom hava vasitəsi kimi təsvir edir. Bu qrup təsnifatı ABŞ tərəfindən PUA-lar üçün hazırlanmış kateqoriyanı ifadə edir. “Qrup 5” qabiliyyət, hündürlük və sürət baxımından ən yüksək səviyyəni qeyd edir.
Birləşmiş Ştatlar yeni nəsil CCA PUA-larının hazırkı ekipajsız vasitələrdən daha bacarıqlı və müstəqil olmasını istəyir. Bu təyyarələrin təkbaşına və ya insan pilot və ya başqa bir avtonom təyyarə ilə əməkdaşlıqda kəşfiyyat, hava hücumları və radioelektron mübarizə də daxil olmaqla, geniş spektrli missiyaları yerinə yetirməsi planlaşdırılır. Belə düşünün, F-35-i idarə edən pilot hücum üçün bu hava vasitələrindən uzaqda olarkən istifadə edə biləcək və ya vasitə öz infrastrukturu ilə birbaşa nişan ala biləcək.
Yəni, əslində ABŞ hazırda avtonom adlandırılan, lakin əslində insanlar tərəfindən idarə olunan PUA-ların həqiqətən “avtonom” olduğu süni zəkalı düzənə keçid edir. Təbii ki, son məqsəd bu avtonom və ucuz sistemləri çoxlu sayda istehsal etməkdir. Bu sürülər havada uçan pilotu müşayiət edəcək. F-35-in və ya Türkiyə üçün danışsaq, “Kaan”ın yanına başqa bir “Kaan” parkı qoymaq əvəzinə, bu tip avtonom, yüksək sürətli, geniş sursata malik yeni nəsil hava vasitələri tətbiq edilə və döyüş meydanında əzici çoxluq təmin edilə bilər.
“Anduril” bu böyük çoxluğu məhsulun ən əsas hissəsi olan “Lattice” proqram platforması ilə birləşdirir. “Lattice” platforması müxtəlif sensorlar və silah sistemlərini birləşdirmək və koordinasiya etmək üçün istifadə edilə bilər və döyüş meydanının vizuallaşdırılmasını təmin edir. Təbii ki, bu cür avtonom hava vasitələri mülki itkilər baxımından da böyük narahatlıq yaradır, lakin ABŞ bu məsələdə qərarlı görünür. Ölkə gələcək müqavilələr də daxil olmaqla, növbəti beş il ərzində CCA proqramına təxminən 6 milyard dollar xərcləməyi planlaşdırır.
Dəyanət Ağalarlı
Ordu.az