İŞİD-in Afrikadakı Genişlənmə Sahələri: Taktika və Təbliğat Fəaliyyətlərinə BAXIŞ (FOTOLAR)

2024/08/ISS3--8614197790.jpg
Oxunub: 587     14:29     13 Avqust 2024    
Somali, Mozambik və Sahel bölgəsi İŞİD-in regional genişlənmə strategiyalarında önə çıxan nöqtələr kimi nəzərdən keçirilir.

Son zamanlar Afrikanın müəyyən bölgələrində terror fəaliyyətinin artması bir çox regional və beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. BMT-nin müvafiq hesabatında “Əl-Qaidə” və İŞİD-ə bağlı qrupların qitənin şərqində (Somali-Puntland Yarımuxtar Bölgəsi) və cənubunda (Mozambik), xüsusilə Sahel bölgəsində ciddi genişlənmə yaşadığı bildirilir.

Müvafiq olaraq, İŞİD-in Mali, Burkina-Faso və Nigerdəki Səhra Qolu (ISGS), Puntland əyalətindəki Somali İŞİD terror təşkilatı və Mozambikdə İŞİD-ə bağlı “Ənsar əl-Sünnə”nin hücumları və zorakılıqları 2024-cü ilin birinci rübündən etibarən tədricən artmaqdadır. Demək olar ki, bu qrupların əsas ortaq nöqtəsi nəzarət etdikləri bölgələrdə həyata keçirdikləri güclü təbliğat fəaliyyəti ilə yerli ictimaiyyətin dəstəyini qazanmaq və döyüşçülərin sayını artırmaq məqsədləridir.


Bu sayədə müvafiq bölgələri əcnəbi döyüşçülər üçün cazibə mərkəzinə çevirmək istəyən İŞİD-ə bağlı qruplar vergi (“zəkat”) və müxtəlif maliyyə mənbələri hesabına xeyli gəlir əldə edirlər. Bundan əlavə, ölkə sərhədləri daxilində idarəçilik problemlərindən və mərkəzi-yerli əlaqəsinin kəsilməsindən istifadə etmək və ya nəzarət etdikləri bölgələrdə cəmiyyəti dini və sosioloji cəhətdən dəyişdirmək cəhdləri İŞİD-i dəstəkləyən terror təşkilatlarının tez-tez istifadə etdiyi üsullar sırasındadır.

Bu vəziyyət bir tərəfdən terror təşkilatlarının idarəetmə üslublarına və onların legitimlik axtarışlarına xidmət edərkən, digər tərəfdən təhlükəsizlik ədəbiyyatında “cihadçı dövlət quruculuğu” adlandırılan prosesin başlanğıcını göstərir. Digər tərəfdən, bütün qitədə “Əl-Qaidə”yə bağlı terror təşkilatları ilə yaşanan rəqabət “qollar” (qruplar) arasında koordinasiya və əməkdaşlığı gücləndirərkən, həm maddi-texniki təminat, həm də döyüşçülərin cəlb edilməsi baxımından “tranzit terror dəhlizi” yaradılır.

Təkanverici və çəkici faktorlar

Ümumiyyətlə, Afrikada Qeyri-Dövlət Silahlı Aktorlarından (QDSA) təhdidlərin yaranmasında bəzi əsas təkanverici və çəkici amilləri qeyd etmək olar. Bunları dörd əsas başlıq altında qruplaşdırmaq olar: siyasi, iqtisadi, hərbi və sosial. Bununla belə, bir az daha ətraflı danışsaq, siyasi qeyri-sabitlik və kövrək idarəetmə strukturu İŞİD və bu kimi radikal qruplara Afrikadakı mərkəzi hakimiyyət boşluğundan istifadə edərək, məkan və güc qazanmağa imkan verir.

Yoxsulluq və işsizlik problemi iqtisadi imkanların olmaması ilə birlikdə gənc əhalini radikal fikirlərə və radikal qrupların təklif etdiyi alternativ resurslara yönəldir. Bununla belə, müstəmləkə dövründən qalma mübahisəli sərhədlər və etnik müxtəliflik bir çox vətəndaş müharibələrinə yol açan etnik və dini gərginliklərin mənbəyi kimi şərh edilə bilər. Bu bölünmələri fürsət pəncərəsi kimi görən terrorçu qruplar mövcud gərginlikdən öz xeyirlərinə istifadə edərək, yerli ictimaiyyətin dəstəyini qazanmaq üçün icmaları səfərbər edirlər.

Hərbi baxımdan zəif sərhəd nəzarətləri və yetərsiz hərbi potensialı olan ordular İŞİD kimi qrupların hərəkətliliyini və əməliyyat çevikliyini artırır. Nəhayət, vətəndaş qarşıdurmaları və zorakılıq aktları nəticəsində yaranan miqrasiya və qaçqın böhranları əhəmiyyətli sayda köçkünlər yaradır. Bu icmalar radikal terror təşkilatları üçün yeni üzvlər cəlb etmək üçün potensial yaraqlılar hovuzunu təşkil edir.


Çəkici amillər dörd alt başlıq altında göstərilməlidir. Əvvəla, İŞİD-in transmilli ideologiyası həm qitədə, həm də beynəlxalq aləmdə (xüsusilə gənc əhali üzərində) güclü cazibə qüvvəsi yaradır. Bu radikal fikirləri seçmək ədalətsizlik və yoxsulluqla üzləşən insanlar üçün cəlbedici olur. Digər tərəfdən, İŞİD-ə bağlı qruplar öz maliyyə və hərbi resurslarından etnik şəkildə istifadə edirlər. Bu mənada yüksək maaşlar və digər stimullar təşkilata qoşulmanın cəlbediciliyini artırır. Üçüncü məsələ isə İŞİD-in təbliğat və sosial media vasitələrindən istifadə edərək, geniş auditoriyaya çatmasıdır.

Bu strategiya xüsusilə gənc üzvlərin/yaraqlıların işə götürülməsində effektivdir. Nəhayət, İŞİD-in QDSA kimliyi təşkilatın regional şöbələrinə müxtəlif cinayət təşkilatları ilə əməkdaşlıq etmək imkanı və çevikliyi təmin edir. Yerli milis qrupları, quldur dəstələri və müxtəlif qiyamçı qruplarla qurulan ittifaqların regional əsasda terror təşkilatının əməliyyat imkanlarını artırdığını söyləmək olar.

Regional Genişlənmə

İlk növbədə, Sahel bölgəsində son hərbi çevrilişlər nəticəsində siyasi qeyri-sabitlik yaşanır. Belə ki, Burkina-Faso, Mali və Nigerdəki mülki hökumətlər bölgədəki terror təşkilatları ilə mübarizədə aciz olduqları üçün devrildi. Əslində çevrilişlərdən sonra Niger, Mali və Burkina-Fasonun cənub-qərbində ISGS-dən qaynaqlanan hücumlar davam edir.

Məsələn, 2023-cü ilin iyulunda Nigerdə baş verən hərbi çevrilişdən sonra terror hücumlarının sayı əvvəlki dövrlə müqayisədə üç dəfə artıb. ACLED məlumatlarına görə, ISGS 2023-cü ilin ilk 7 ayında təxminən 19, avqust ayından bəri isə ayda orta hesabla 7 hücum həyata keçirib. Digər tərəfdən, ISGS və “Əl-Qaidə” ilə əlaqəsi olan “Jama’at Nusrat val Islam Muslimin” (JNIM) terror təşkilatının yumşalma vəziyyətində olduğu müşahidə edilir ki, bu vəziyyət də müəyyən nöqtələri terror təşkilatları üçün “təhlükəsiz sığınacaq”a çevirmək potensialına malikdir.

Çünki ISGS və JNIM Burkina-Faso və Malidə torpaq paylaşaraq, gizli ittifaq yaradıblar.


“Critical Threats”a görə, ISGS 2024-cü ildə JNIM ilə müqayisədə ərazi nəzarətini genişləndirdi. Genişlənmə ilə paralel olaraq, yerli icmalara vergiləri artırmaqla, yaraqlıların sayını artırdı. ISGS-nin bu yüksəlişi təşkilatı Şimali Afrika və Avropadan olan əcnəbi döyüşçülər üçün “mərkəz”ə çevirdi. Bununla belə, bu vəziyyət birbaşa mütənasib olaraq Avropa, Şimali Afrika, Sahel və Qərbi Afrikada mümkün terror hücumlarına səbəb ola bilər.

Bu məqamda unutmaq olmaz ki, əcnəbi döyüşçülər yerli parçalanmalardan meydana gələn hədəflərdən çox İŞİD-in transmilli ideologiyalarını mənimsəyən, radikallaşmadan sonra əsas məqsədi öz ölkəsində hücum planlaşdırmaq olan insanlardır. BMT Təhlükəsizlik Şurasının 2023-cü ildə dərc etdiyi hesabatda ISGS-nin Cənubi Avropa ilə Sahel arasında tranzit “terror” dəhlizi qurduğu bildirilir. Hətta bir addım irəli daşıyaraq, Mərakeş və İspaniyanın prioritet hədəflər olduğu iddia edilir. 2023-cü ilin fevralında baş verə biləcək terror aktından əvvəl Mərakeşin paytaxtı Rabatda ISGS-ə bağlı yaraqlının ələ keçirilməsi bu istiqamətdə arqumentləri gücləndirir.

Mozambikin Kabu-Delqadu bölgəsi İŞİD-lə əlaqəli terror təşkilatının aktiv olduğu başqa bir qaynar nöqtədir. Bu kontekstdə “Ənsar əl-Sünnə”nin dinc əhaliyə və təhlükəsizlik qüvvələrinə qarşı törətdiyi terror aktlarının zorakılığı günü-gündən artır. Əslində, son vaxtlar İŞİD-ə bağlı təşkilat ictimai dəstək qazanmaq və yaraqlıların sayını artırmaq üçün çox müşahidə olunan üsula, “imic dəyişikliyi”nə getdi. Bu baxımdan “mübarizə” adı altında terror fəaliyyətini qanuniləşdirərək, İslam dininə yeni bir şərh gətirməyi hədəfləyirlər.

Bundan əlavə, dövlət xidmətlərindəki çatışmazlıqlardan öz maraqları üçün istifadə edərək, mühafizə xidməti, qida və geyim dəstəyini öz üzərlərinə götürürlər. Xüsusilə Mosimboa-da-Praya bölgəsi “Ənsar əl-Sünnə”nin sosial yardımlar vasitəsilə həyata keçirdiyi təbliğat strategiyasının cəmləşdiyi bölgə olaraq seçilir. Yuxarıda qeyd edildiyi kimi, bu cür taktikalar İŞİD-ə bağlı təşkilatın yerli narazılıqlardan və idarəçilik böhranlarından istifadə etmək strategiyasının bir hissəsidir.

Bu yolla son dövrlərdə Ruanda, Cənubi Afrika və Tanzaniyadan çoxlu əcnəbi döyüşçünü öz sıralarına çəkməyi bacaran təşkilat BMT və Cənubi Afrika İnkişaf Birliyi (SADC) kimi regional və beynəlxalq aktorları ölkədən sıxışdırmağı hədəfləyir.


Mozambikin mərkəzi və sahilyanı hissələrindən cənuba doğru genişlənmə mərhələsinə qədəm qoyan təşkilatın genişlənmə prosesi onun müxtəlif yerli icmalara çıxışını da asanlaşdırır. Lakin bu vəziyyət, BMT-nin məlumatına görə, 61 mindən çoxu uşaq olmaqla, 100 min insanın didərgin düşməsinə səbəb olub. May ayı ərzində Mozambik və Ruanda hərbi birləşmələri bu genişlənməni dayandırmaq üçün Nampula əyalətində antiterror əməliyyatlarına başladılar.

Nəhayət, qitənin şərqində yerləşən Somalinin yarımmuxtar Puntland bölgəsi İŞİD-Somalinin artan hücumları ilə üzləşir. Uzun illər “Əl-Qaidə” ilə əlaqəli “Əş-Şəbab” terror təşkilatı ilə münaqişədə olan İŞİD-Somali strateji əhəmiyyətli Əl-Miskad dağlıq bölgəsinə nəzarəti ələ keçirib. Bu bölgəyə nəzarət təkcə İŞİD-in Somalidə dənizə çıxışını təmin etmir, həm də əhəmiyyətli əməliyyat çevikliyi, ən əsası Yəməndəki qolu ilə koordinasiya və logistik əməkdaşlıq imkanları təqdim edir.

Bundan əlavə, Sahel və Mozambikdə olduğu kimi, İŞİD-Somalinin Puntlandda genişlənməsi qrupa üzv toplamaq və əcnəbi döyüşçüləri cəlb etmək üçün yol açır. Ərazi qazanmalarına paralel olaraq təbliğat fəaliyyətlərinə də önəm verən İŞİD-Somali Afrika buynuzu ölkəsində terrorla mübarizə işlərinin axsamasına səbəb olur. Məlum olduğu kimi, BMT-nin Somali Missiyası (UNSOM) ölkədən çəkiləcəyini açıqladıqdan sonra Somalinin mövcud təhlükəsizlik boşluqlarını necə aradan qaldıracağı müzakirə mövzusu olub.

Hal-hazırda varlığını qoruyan “Əş-Şəbab” təhdidinə əlavə olaraq, İŞİD-Somalinin getdikcə güclü bir təhdid ünsürünə çevrilməsi yalnız Somali federal hökuməti üçün deyil, dəniz təhlükəsizliyi baxımından yaradacağı problemlər səbəbindən də beynəlxalq aktorlar baxımından narahatverici bir vəziyyət kimi nəzərdən keçirilə bilər. Bununla belə, “Əş-Şəbab” və İŞİD-Somali arasında artan rəqabət Puntland və regionda təhlükəsizlik dinamikasına dərindən təsir etmək potensialına malikdir.

Xülasə, İŞİD-ə bağlı qrupların və ya İŞİD terror təşkilatının ideologiyasını Afrikada mənimsəmiş qrupların genişlənməsi regional miqyasda getdikcə daha konkret bir hadisəyə çevrilir. Təşkilat Uqanda, Konqo Demokratik Respublikası (KDR), Misir və Mərakeşdə güclü zərbələr alsa da, qitənin müxtəlif yerlərində səfərbərliyini davam etdirir. Digər müzakirə mövzusu isə BMT, Avropa İttifaqı və ABŞ-nin ötən ay münaqişə zonalarından çıxmasının bu vəziyyətə nə dərəcədə təsir edəcəyidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Afrika  


Bizi "telegram"da izləyin