Hazırkı qayda-qanunlara əsaslanan nizam pozulduqca, geosiyasi çərçivədə güclənən regional güclərin sistemli tələbləri də buna uyğun olaraq güclənir. Bu vəziyyət regional gücləri diplomatik fəallığa və geosiyasi tarazlığa yönəltsə də, ənənəvi müttəfiqlik strukturlarının aşınmasına və yeni siyasi-iqtisadi təsir sferalarının yaranmasına səbəb olur. Bu kontekstdə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın formalaşdırdığı BRICS önə çıxan güc mərkəzi kimi diqqət çəkir.
Çin və Rusiyanın başçılıq etdiyi BRICS 2024-cü ildə baş verən genişlənmə ilə bərabər dünya əhalisinin 46 faizini və dünya iqtisadiyyatının 31 faizini təşkil edir. Bununla belə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çinə qarşı gücləndirilmiş mühafizə strategiyası BRICS-in strateji marşrutunu da dəyişdirir. ABŞ hərbi çəkisini Asiya-Sakit Okean regionuna keçirərkən, Çin və Rusiya BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi mexanizmlər vasitəsilə ABŞ-nin bu məhdudlaşdırma strategiyasını yarmağa cəhd etmək üçün strateji meyldədirlər.
Məhz bu konyukturada Türkiyənin xarici işlər naziri Hakan Fidanın Çinə rəsmi səfəri təkcə Türkiyə-Çin münasibətləri çərçivəsində deyil, həm də regional və qlobal miqyasda rezonans doğuran diplomatik gediş kimi diqqəti çəkir. Geosiyasi dəyişikliklərin və qırılmaların yaşandığı bu post-hegemonluq prosesində getdikcə güclənən regional güc kimi diqqət çəkən Türkiyənin Çin və BRICS ilə intensivləşən münasibətləri oyun dəyişdirici təsirə malik ola bilər.
Fidanın Türkiyə və Çinin beynəlxalq sistemdə daha ədalətli anlaşma tərəfdarı olduqlarına dair açıqlamasının vurğulanması lazım olan bir məsələdir. Bu həm də onu göstərir ki, Türkiyə və Çin sistemli problemləri qəbul edir və çoxqütblü təxəyyüllə bağlı onlar arasında konsensus var. Fidanın xüsusilə “Bir Kəmər, Bir Yol” təşəbbüsünün Orta Dəhlizlə inteqrasiya edilməsini gündəmə gətirməsi tarixin kəfgirinin Asiyaya doğru sürüşməsi anlayışının bir daha təsdiqi deməkdir.
“Bir Kəmər, Bir Yol” təşəbbüsü və Orta Dəhliz son dərəcə uyğundur”
Çinin xarici işlər naziri Vanq Yinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə Orta Dəhlizin bir-birinə çox uyğun olduğunu deməsi də diqqət çəkir. Digər tərəfdən, Fidan Çinin ərazi bütövlüyü və siyasi suverenliyini tam dəstəkləməklə yanaşı, mövcud ticarət həcminin asimmetrik vəziyyətini də gündəmə gətirib və bu sahədə atılacaq əməli addımların vacibliyini vurğulayıb.
Bundan əlavə, Türkiyənin Qəzzaya humanitar yardımın fasiləsiz və təhlükəsiz çatdırılması və iki dövlətli həll üçün önümüzdəki dövrdə Çin ilə işləməyə davam edəcəyini açıqlaması qlobal münaqişə nöqtələrində koordinasiyalı birgə səylərin davam edəcəyini göstərir.
Çin səfəri zamanı verilən əhəmiyyətli mesaj
Honq-Konqda yerləşən “South China Morning Post” qəzetinin xəbərinə görə, səfərin ən diqqətçəkən detalı Fidanın Pekində bir beyin mərkəzində BRICS haqqında dedikləri olub. Xəbərə görə, Fidan Türkiyənin BRICS-ə üzv olmaq istədiyini və bunun Avropa İttifaqına (Aİ) yaxşı alternativ ola biləcəyini bildirib. Daha sonra Fidanın 2024-cü il iyunun 11-də Rusiyada keçirilən BRICS Xarici İşlər Nazirləri Toplantısına qatılması Türkiyənin BRICS-ə qoşulmaq istədiyi barədə müzakirələrə səbəb olub.
Moskvada keçirilən görüşdə Türkiyənin xarici işlər naziri deyib: “Biz BRICS ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. BRICS-dəki müxtəliflik inkişafı və sabitliyi artırmaq üçün mühüm vasitədir”. Fidanın Rusiya prezidenti Vladimir Putinlə də ayrıca görüşü olub. Həmin görüşdə Putin bildirib: “Biz Türkiyənin BRICS-in işinə marağını alqışlayırıq. İttifaq ölkələri ilə bir yerdə olmaq istəyini hər cəhətdən mütləq dəstəkləyəcəyik”. Fidan isə qeyd edib: “İki ölkə arasında münasibətlər həqiqətən də yaxşı gedir”.
Bu mövzuda yeni hadisələrin şahidi olsaq da, Türkiyənin BRICS-ə marağı yeni deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2018-ci ildə xüsusi qonaq qismində iştirak etdiyi BRICS sammitində Türkiyənin də üzvlükdə maraqlı olduğunu bildirib. Bu dövrdə hətta BRICST kimi bir ad təklif edildi. Lakin sonradan bu məsələdə irəliləyiş olmadı. 2022-ci ilin sentyabrında Türkiyənin ŞƏT-ə daxil olmasının mümkünlüyü qeyd olundu, lakin bundan sonra heç bir inkişaf olmadı. Digər tərəfdən, Ərdoğanın iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçirilən ŞƏT sammitində iştirakını da qeyd etmək lazımdır.
Ərdoğan bu sammitdən dərhal sonra iyulun 9-11-də Vaşinqtonda keçirilən NATO zirvəsinə qatıldı. Türkiyənin bu iki zirvə görüşündə istifadə etdiyi diskursun gələcək üçün həlledici olacağını söyləmək mümkündür.
Geosiyasi tarazlıq və xarici siyasətdə “strateji muxtariyyət” axtarışı
Rusiya Türkiyənin mümkün BRICS üzvlüyünü alqışlayacağını bəyan edərkən, NATO üzvü olan bir ölkənin belə bir addımının Qərbdə necə qarşılanacağı sualı maraq doğurub. Türkiyənin uzun illər davam edən çoxölçülü diplomatiyasını Qərbdən qopmaqdansa, Qərbdən asılılığı azaltmağa yönəlmiş strateji muxtariyyət quruculuğu kimi oxumaq olar. Bu kontekstdə demək olar ki, Türkiyənin irəli sürdüyü geosiyasi prioritetlər qətiyyətli fəal diplomatiya ilə ölkənin maraqlarını maksimuma çatdırmağa yönəlmiş “geosiyasi balanslaşdırma səyi”ni dəstəkləyir.
Xarici siyasətə reduksionist və ya sıfır məbləğli oyun kimi baxmaq Soyuq müharibə dövründən qalan əzbər yanaşmadır. Heç bir dövlət və ya rasional aktor bütün yumurtalarını eyni səbətə qoymaz. Digər tərəfdən, Türkiyə indiki konyukturada Qərbin təmin etdiyi strateji təhlükəsizlik səviyyəsini ona təklif edə biləcək başqa alternativin olmadığının fərqindədir. Lakin Soyuq müharibə bitdikdən sonra Qərblə münasibətlərində problemlər yaşayan Türkiyənin illərdir Aİ-yə üzvlük üçün gözləməsi və heç bir nəticə əldə etməməsi, eləcə də Qərb müttəfiqləri ilə yaşadığı son regional problemlər hələ də yaddaşlarda təzədir.
Bu kontekstdə Avropa və ya daha geniş mənada bütövlükdə Qərb Türkiyəni daha strateji səviyyədə görməli və siyasətlərini gözdən keçirməlidir. Nəticədə qlobal nizam xaotik prosesə daxil olub və bu vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil. Bundan əlavə, ABŞ-Çin rəqabəti getdikcə dərinləşdikcə, bu vəziyyətin yaratdığı münaqişələr nəticəsində qlobal düzəndə özünəməxsus yeni normal yaranıb. Türkiyənin xarici siyasəti də XXI əsrin bu dinamik geosiyasi mühitində çoxqütblü, ədalətli qlobal nizam və tarazlıq tələbini xarici siyasətinin mərkəzinə qoyan paradiqmatik transformasiya prosesindədir.
Bu kontekstdə Türkiyənin çoxölçülü və aktiv diplomatiya yanaşması beynəlxalq münasibətlərdə daha çevik və praqmatik mövqe nümayiş etdirməsinə şərait yaradacaq. Bu yanaşma Türkiyənin həm regional, həm də qlobal miqyasda daha güclü və təsirli bir aktor olmasına töhfə verəcək.
Sevinc Əliyeva
Ordu.az