Müasir sualtı qayıqlarda tələb olunan yüksək texnologiyalı alt sistemlər üçün ixtisaslaşmış, effektiv və etibarlı həllər təklif edən şirkət aşağı həyat dövrü xərcləri ilə rəqiblərini qabaqlayır. Şirkət tərəfindən hazırlanmış həllər bu sahədə uğurla işləyir.
“KoçSavunma”nın sualtı qayıq sistemləri arasında siqnal emalı, məlumatların birləşdirilməsi, modelləşdirmə və simulyasiya, radioelektron və mexaniki dizayn, proqram təminatının dizaynı və inkişaf etdirilməsi, sistem inteqrasiyası, istehsal infrastrukturu və sınaq infrastrukturu qabiliyyətləri yer alır.
Şirkət tərəfindən sualtı qayıqlar üçün hazırlanmış sistemlər bunlardır:
Torpedo Əks-Tədbir Sistemi
Torpedo Əks-Tədbir Sistemi sualtı qayıqları torpedo təhlükələrindən qorumaq üçün istifadə olunur. Proqram təminatı müxtəlif komanda və idarəetmə sistemləri, əks-tədbir akustik qarışdırıcıları/aldadıcıları və əks-tədbir buraxılış qurğuları ilə işləyə biləcək şəkildə uyğunlaşdırıla bilər. Sistem sualtı qayıqlara müasir torpedo təhlükələrindən qorunmaq üçün lazımi vaxtda düzgün əks-tədbirlər görməyə və düzgün sualtı manevr etməyə imkan verir.
“Nəfəs Ala Bilən Hava Nəzarət Sistemi”
“Nəfəs Ala Bilən Hava Nəzarət Sistemi” hər cür əməliyyat vəziyyətində (sualtı naviqasiya, şnorkel, suüstü naviqasiya, rutin liman vəziyyəti) sualtı qayıq atmosferindəki qazlara nəzarət edir və bu qazlar təhlükəli səviyyəyə çatdıqda xəbərdarlıq edir. Sistem müstəqil və avtomatik işləyir.
Sonar “Beacon” Sistemi
Qəza və ya təhlükə zamanı sualtı qayığın ehtiyac duyduğu ən kritik komponentlərdən biri olan Sonar “Beacon” Sistemi fövqəladə vəziyyətlərdə təhlükə siqnalı olaraq işə düşərək, sonar siqnallarını yayımlamağa başlayır. Bu siqnallar sualtı qayığın yerini ətrafdakı gəmilər və xilasedici gəmilər tərəfindən dəqiq müəyyən etməyə imkan verir.
Fövqəladə Hal Sualtı Telefonu
Sualtı qayığın səthə çıxa bilmədiyi və gəminin elektrik dövrəsindən enerji ala bilmədiyi hallarda istifadə edilən sualtı telefonun telefon, teleqraf və “pinger” kimi fərqli iş rejimləri var.
Proqram Təminatı Əsaslı Sualtı Telefon
Proqram Təminatı Əsaslı Sualtı Telefon sualtı qayıqların mövcud sonar sistemlərinin çeviricilərindən (transducer) yararlanaraq və sonar və ya komanda idarəetmə sistemi konsollarında yaradılmış interfeyslər vasitəsilə sualtı akustik mühitdən istifadə edərək, sualtı rabitəni təmin edir.
Gəmi İnteqrasiya Məlumat Sistemi
Gəmi İnteqrasiya Məlumat Sistemi (GİMS) dənizdə, quruda və havada müxtəlif şəbəkələrə qoşulmuş cihazlarla birlikdə suüstü və sualtı platformalarda ümumi iş və ofis əməliyyatlarını həyata keçirməyə imkan verir. Bu kontekstdə platforma daxilində yerləşən ofisləri və yaşayış yerlərini də əhatə edən, “sənədsiz” ofis mühiti yaradır. Eyni zamanda TEMPEST qaydalarına uyğun infrastruktur təmin etməklə, gəmilərdə dolaşan məlumatların təhlükəsizliyini təmin edir.
Dəyanət Ağalarlı
Ordu.az