Zərbə PUA-sı nədir? “Bayraktar Akıncı” zərbə PUA-sının xüsusiyyətləri hansılardır? (FOTOLAR)

2024/07/1721972979.jpg
Oxunub: 1664     16:48     10 Avqust 2024    
“Baykar Teknoloji” tərəfindən hazırlanan “Bayraktar Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) qabaqcıl xüsusiyyətləri və üstün missiya performansı ilə tez-tez xatırlanır.

“Bayraktar Akıncı” zərbə PUA-sı nədir?

“Baykar Teknoloji” tərəfindən hazırlanan “Akıncı” zərbə PUA-sı yüksək daşıma qabiliyyəti, müxtəlif missiya yüklərini daşıma qabiliyyəti və qabaqcıl Süni Zəka (SZ) sistemləri ilə üstün xüsusiyyətlərə malik PUA-dır. 2021-ci ildə ilk uçuşunu həyata keçirən “Bayraktar Akıncı” zərbə PUA-sı ilə Türkiyə bu sinifdə PUA-ya malik dünyanın 4 ölkəsindən biri oldu.

“Bayraktar TB2”dən daha uzun və daha geniş olan “Bayraktar Akıncı” PUA-sı özünəməxsus burulmuş qanad quruluşu ilə 20 metr qanad genişliyinə malikdir və çoxlu sayda milli ağıllı sursat daşıya bilir. “Akıncı” eyni zamanda istifadəçilərinə unikal SZ sistemi sayəsində onları daha ağıllı və ətraf mühitin şərtlərindən daha xəbərdar edəcək təkmil uçuş və diaqnostika funksiyaları təklif edir.


“Bayraktar TB2” kimi öz sinfində lider olmağı hədəfləyən “Bayraktar Akıncı” PUA-sı döyüş təyyarələrinin yerinə yetirdiyi bəzi tapşırıqları da yerinə yetirə biləcək. Maşın radioelektron dəstək podu, peyk rabitə sistemləri, “hava-hava” radarları, maneə aşkar edən radar, sintetik diafraqma radarı kimi daha qabaqcıl faydalı yüklərlə işləyə bilir və həmçinin döyüş təyyarələrinin yükünü azaldaraq, havadan bombardmanlar həyata keçirə bilir.

Türkiyədə milli olaraq inkişaf etdirilən “hava-hava” raketləri ilə təchiz ediləcək “Akıncı” PUA-sı “hava-hava” missiyalarında da istifadə edilə bilər.

Öz sinfində dünyanın ən qabaqcıl texnoloji sistemi halına gəlməsi üçün çalışılan “Bayraktar Akıncı” PUA-sı yerli və milli olaraq istehsal edilən MAM-L, MAM-C, MAM-T “Cirit”, L-UMTAS, “Bozok”, MK-81, MK-82, MK-83, MK-84, Lazer Tuşlama Dəsti (Lazer Güdüm Kiti-LGK), Dəqiq Tuşlama Dəsti (Hassas Güdüm Kiti-HGK), Qanadlı Tuşlama Dəsti (Kanatlı Güdüm Kiti-KGK), “Gözde”, “Gökçe”, “Gökdoğan”, “Bozdoğan”, SOM-A kimi raket və sursatla təchiz edilir.


Texniki Xüsusiyyətlər

Rabitə Mənzili: Görmə Xətti Daxilində (LOS) və Görmə Xəttindən Kənarda (BLOS)
Kreyser Sürəti: 150 düyün
Maksimum Sürət: 195 düyün
Qanad Genişliyi: 20 m
Hündürlük: 4.1m
Uzunluq: 12.2 m
Əməliyyat Hündürlüyü: 30,000 - 40,000 fut
Maksimum Hündürlük: 45118 fut
Yükgötürmə qabiliyyəti: 1500 kq
Faydalı Yük – ISR: Sinxron EO/IR/LD, Çoxməqsədli AESA Radarı, SIGINT və ELINT podları
Faydalı Yük – Sursatlar: Lazerlə İdarə Olunan Ağıllı Sursatlar, Raketlər
Hərəkət Sistemi: 2 x 850 / 2 x 750 HP / 2 x 450 HP Turboprop Mühərrik
Havada Qalma: 24+ saat


Terrorla mübarizə, hərbi əməliyyatlar, təbii fəlakət və humanitar yardım əməliyyatları, sərhəd təhlükəsizliyi, axtarış-xilasetmə əməliyyatları kimi sahələrdə istifadə edilən “Bayraktar Akıncı” PUA-sı geniş missiya yükləri sayəsində ona verilən tapşırıqları ən yaxşı şəkildə yerinə yetirə bilir.

A, B və C olmaqla, 3 fərqli modeli olan “Bayraktar Akıncı”nın A modeli 2 ədəd 450 at gücündə “Ivchenko-Progress AI-450T” turboprop mühərriki, B modeli 2 ədəd 750 ad gücündə “Pratt & Whitney PT6” turboprop mühərriki, C modeli isə mənşəyi hələ açıqlanmayan 2 ədəd 850 at gücündə turboprop mühərriki ilə təchiz edilib.

“Bayraktar Akıncı”nın düşmənin radar və rabitə sistemlərinə qarşı Radioelektron Mübarizə (REM) tətbiq etmək üçün radioelektron hücum və radioelektron dəstək sistemləri ilə təchiz olunma fəaliyyətləri davam edir. Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan və bir çox ölkəyə ixrac edilən “Bayraktar Akıncı” PUA-sının qabaqcıl xüsusiyyətləri bunlardır:

40.000 Fut Uçuş Hündürlüyü
24 Saat Havada Qalma Müddəti
Qoşa Yedəkdə Daşınan SATCOM + Qoşa Yedəkdə Daşınan LOS
Tam Avtomatik Uçuş İdarəetməsi və 3 Yedəkdə Daşınan Avtopilot Sistemi (Triple Redundant)
Yerüstü Sistemlərdən Asılı Olmadan Tam Avtomatik Eniş və Qalxma Xüsusiyyəti
GPS Asılılığı Olmadan Daxili Sensor Birləşməsi ilə Səyahət Xüsusiyyəti
Tam Avtomatik Səyahət və Marşrut İzləmə Xüsusiyyəti
Daxili Sensor Birləşməsi ilə Dəstəklənən Dəqiq Avtomatik Qalxma və Eniş Xüsusiyyəti
Tam Avtomatik Taksi və Park Xüsusiyyəti
Yarımavtonom Uçuş Rejimləri Dəstəyi
Nasazlığa Dözümlü və 3 Yedəkdə Daşınan Sensor Birləşməsi Tətbiqi
Çarpaz Yedəkdə Daşınan YKİ sistemi
Orijinal Yedəkdə Daşınan Servo Aktuator Vahidləri
Orijinal Yedəkdə Daşınan Litium Əsaslı Batareya Vahidləri


“Bayraktar Akıncı” qəzaya uğrayan İran helikopterinin qalıqlarını tapdı

“Bayraktar Akıncı” bir müddət əvvəl İran prezidentini daşıyarkən qəzaya uğrayan helikopterin qalıqlarını aşkar edərək, adından söz etdirib. 2024-cü il mayın 19-da qəzaya uğrayan helikopterin axtarışı üçün çalışan İran rəsmiləri güclü yağışın qara çevrilməsi səbəbindən qəza bölgəsində hava şəraitinin getdikcə çətinləşdiyini bildirərək, axtarış-xilasetmə fəaliyyətləri üçün Türkiyədən dəstək istəyiblər.

İranın tələbi ilə Türkiyə axtarış işlərində iştirak etmək üçün bölgəyə “Bayraktar Akıncı” PUA-sı və gecə görmə qabiliyyətinə malik “Cougar” tipli helikopter göndərib. “Anadolu” Agentliyinin “Bayraktar Akıncı”nın axtarış əməliyyatları zamanı çəkdiyi görüntüləri canlı paylaşması bir anda qlobal xəbər mövzusu oldu. “Akıncı” dağlıq bölgədə xidmətə başladıqdan bir müddət sonra helikopter qalıqlarına aid olduğu güman edilən istilik mənbəyini aşkar edib. Bölgənin koordinatları İran rəsmiləri ilə paylaşılıb və bölgəyə gələn axtarış-xilasetmə qrupları həmin məntəqəyə göndərilib.

İran prezidenti və onu müşayiət edən rəsmilərin axtarışı ilə məşğul olan “Bayraktar Akıncı” dağıntı bölgəsinin uğurla tapılmasından sonra Türkiyəyə qayıdıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-Akıncı   PUA  


Bizi "telegram"da izləyin