“N'an laara, an Saara” Rusiyaya qucaq açır, Fransanı qovur | Burkina-Fasoda 2-ci müstəqillik dövrü necə yaşanır?

2024/07/1721971996.jpg
Oxunub: 748     12:31     15 Avqust 2024    
“N'an laara, an Saara - Yatsaq, öləcəyik”. Tarixçi Cozef Ki-Zerbonun öz adı ilə də tanınan Uaqaduqu Universitetinin mərkəzi binasında yazılmış bu aforizmi Burkina-Fasonun tarixi təbəssümünü işıqlandırır və 60 min tələbənin keçmişdəki məsuliyyətlərini xatırladır.

Əslində, VIII əsr Mossi krallığına ev sahibliyi edən Burkina-Faso 1896-cı ildə fransızlar tərəfindən müstəmləkə olunduqdan 64 il sonra müstəqilliyini əldə edib. 1984-cü ildə ölkənin adı Yuxarı Voltadan şərəfli, vicdanlı insanların ölkəsi olaraq Burkina-Fasoya çevrildi. Burkina-Faso yeni oyanış üçün idrak, siyasi, hərbi və iqtisadi mübarizə apardı.

Xalq üçün və ya xalqa rəğmən çevriliş

2022-ci ildəki çevrilişlərdən sonra Burkina-Faso regional aktorlar, xüsusilə Fransa və Rusiya tərəfindən yaxından izlənilən xarici siyasət geosiyasətinin mərkəzində qərarlaşıb. 1960-2022-ci illər arasında 10 uğurlu və 10 uğursuz dövlət çevrilişi yaşayan ölkə Sudan və Burundidən sonra ən çox çevrilişlərə məruz qalan Afrika ölkəsidir. Uğurlu çevrilişlərin sayını nəzərə alsaq, siyahının başında Burkina-Faso gəlir.

1983-cü ildə Tomas Sankara və 2022-ci ildə İbrahim Traorenin təbiətcə populyar olmayan və ictimaiyyət tərəfindən dəstəklənməyən çevrilişləri xüsusi olaraq araşdırıldığında, sosial sahiblik, keyfiyyət, ideologiya, çıxış və aktorlar kontekstində çox mühüm nüansları müşahidə edə bilərik.

Birinci nüans çevrilişin əsas səbəbi ilə bağlıdır. Ən ümumi mənada Afrikada hərbi çevrilişlər iki əsas səbəbdən həyata keçirilir: xalq üçün və ya xalqa rəğmən. Müstəqillik mübarizəsinin siyasi/hərbi addımı olan 1960-cı il çevrilişləri xalqa azadlıq motivasiyası və Qərb imperializminə qarşı həyata keçirilib. Bu prosesdə çevrilişlər təkcə hakimiyyəti ələ keçirmə üsuluna çevrilmədi, həm də Qərb hökmranlığına qarşı Panafrikanizm ideyasının “kimlik” aktına çevrildi.

Lakin sonrakı dövrdə hakimiyyətdə rahatlıq zonası romantizminə qapılan Afrika liderləri öz güclərini möhkəmləndirmək üçün “təkpartiyalı rejimlər” və bunun militarist əksi olan “avtoritar hərbi hökumətlər” qurdular.

Sankara və Traoreni birləşdirən ümumi nöqtələr

Sankara və Traorenin çevrilişləri xalq üçün sosial aksiya kimi qəbul edildi. Əslində çevrilişdən sonra küçələrə çıxan ictimai dəstək nümayişləri hər iki liderin tam müstəqilliyə aparan prosesdə “xilaskar” kimi görünməsindən, həm də xarizmatik şəxsiyyətlərindən qaynaqlanırdı. Bu mənada Sankara və Traore dövrü çevrilişçilərlə xalq arasında müsbət münasibətin anlaşılmasında mühüm istinaddır.

Sankara və Traoreni bir araya gətirən başqa bir ümumi məqam onların Qərbə qarşı olma üzərində qurulan və gənc millətçilərə əsaslanan perspektivləridir. Xalq arasında legitimlik mənbəyi axtarmaq cəhdi və öz hakimiyyətlərini gənc millətçilər vasitəsilə cəmləşdirmək siyasəti hər iki lideri xarakterizə edir. Traorenin 2022-ci il çevrilişindən dərhal sonra özlərini “Könüllü Gənclik” (Jeunes benevoles) olaraq təyin edən gənc millətçilər hər axşam Burkina-Fasonun müəyyən bölgələrində “könüllü vətəndaş növbətçiliyi” saxlayaraq, Traoreyə qarşı mümkün əks-müdaxilə üçün hazırlaşdılar.

Vətəndaş təşəbbüsündən ibarət olan bu struktur özlərini hökumətin bir parçası kimi görür və xaricdən dəstəklənən mümkün yeni çevriliş cəhdinə qarşı vətəndaşlıq borcunu yerinə yetirdiklərini ifadə edir. Bu tip vətəndaş təşkilatının digər Afrika ölkələrində də olub-olmadığı mübahisəli olsa da, gənc millətçilərin Burkina-Fasonun tarixi yaddaşında Sankaranın şübhəli ölümünə bənzər bir sona qarşı Traorenin yanında olduqlarını göstərmələri vacibdir.

Rusiyaya üstünlük verən xarici siyasət

Sankara və Traoreni bir araya gətirən digər ortaq məqam Rusiya reallığıdır. Afrikanın Çe Qevarası kimi tanınan xarizmatik lider Tomas Sankara 1983-cü ildə 33 yaşında olarkən, solçu çevriliş həyata keçirib. Anti-imperializm baxışı çərçivəsində Sankara Afrika həmrəyliyi prinsiplərinə əsaslanan daha demokratik və iştirakçı sosializm vizyonunu yaratmaq üçün Sovetlərdəki yerli hərəkatlarla əməkdaşlıq etdi. Lakin Sankaranın xalq səfərbərliyi ideyası hakimiyyətə gəldikdən 4 il sonra sui-qəsd nəticəsində sona çatdı. 2022-ci ildə hakimiyyətə gələn Traore Sankaranın mirasını davam etdirmək istəyirmiş kimi Rusiya ilə yeni bir prosesə başladı.

Bu dəfə daha institusional və radikal addımlarla Rusiyaya yer açan Traore Rusiya ilə atom elektrik stansiyasının qurulması layihəsindən müdafiə sənayesində əməkdaşlığa qədər xüsusi bir münasibət modelinə daxil oldu. Uaqaduqu küçələrində hər 200 metrdən bir dalğalanan Rusiya bayrağı ilə Fransaya və Qərb aktorlarına meydan oxuyan Traorenin yeni xarici siyasət orientasiyasının orbitində Fransanın olmadığı açıq-aydın görünür. Fransız dilinin Konstitusiyadan çıxarılması, Fransa ilə bütün hərbi əməkdaşlığa son qoyulması və fransızlara viza sanksiyaları bunun müəyyən tətbiqləridir.

Nəticə olaraq Burkina-Faso uzun illər Fransanın təsiri altında qalaraq yaranan dil bağına, pul vahidinin CFA frankı olmasına və intellektual kütlə üzərində davam edən fransız təsirinə baxmayaraq, gənc nəsilin etiraz təşkilatçılığı ilə Rusiyanın çətiri altında gələcək axtarmağa çalışır. Böyük yol ayrıcında olan Burkina-Fasonun gələcəyini iqtisadiyyat və təhlükəsizlik istiqamətləndirəcək.

Qərbdə fəaliyyət göstərən şirkətlərin ölkədən getməsi, vergilərin artırılması, ölkəyə valyuta axınının ciddi şəkildə kəsilməsi, banklarda xarici valyutalara nəzarətin gücləndirilməsi tam müstəqilliyə aparan proseslərin ağrılarından xəbər verir. Bu prosesdə təhlükəsizlik və iqtisadiyyat arasındakı əlaqəni həll edə bilməyən Sankaranın boşluğunu Traorenin tətbiqlərinin doldurub-doldurmayacağı bir nəsildən sonra anlaşılacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Fransa   Burkina-Faso  


Bizi "telegram"da izləyin