Rusiyanın kosmik və peyk texnologiyaları sahəsində mövqeləri güclənir?

2024/07/dfg-1721971463.jpg
Oxunub: 1037     12:21     12 Avqust 2024    
Kosmik texnologiyalar sahəsində dünyanın qabaqcıl ölkələrindən biri olan Rusiya hər il istehsal etdiyi və orbitə çıxardığı müxtəlif peyklərlə bu sahədəki mövqelərini möhkəmləndirməyə çalışır.

Rusiya Federal Kosmik Agentliyinin (Roscosmos) və Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatlarına görə, hazırda ölkədə 240-dan çox peyk var ki, onların da yarıdan çoxu sosial-iqtisadi məqsədlər üçün istifadə olunur.

Bu il kosmosa 100-dən çox peykin buraxılması planlaşdırıldığı halda, bunların əhəmiyyətli rabitə və yüksək sürətli internet təmin etmək məqsədi daşıyacağı bildirilib. Dövlətə məxsus “Roscosmos”un Rusiya peyk sənayesinin inkişafında mühüm rolu olduğu halda, bir çox özəl şirkətlər də istehsal etdikləri müxtəlif mülki və hərbi peyklərlə Rusiyanın kosmosdakı mövqelərini gücləndirmək üçün addımlar atır.

Rusiya prezidenti Vladimir Putin fevral ayında verdiyi açıqlamada ölkəsinin hər yerində yüksək sürətli internet təmin edəcək peyklərin istehsalı üçün 116 milyard rubl (təxminən 1,5 milyard dollar) büdcə ayırdıqlarını açıqlamışdı. Rusiya səlahiyyətliləri bundan sonra xaricdə istehsal edilən meteoroloji peyklərin əvəzinə yalnız yerli istehsal olan peyklərdən istifadə edəcəklərini bəyan etmişdilər.

Ötən il 120-dən çox kosmik gəmi istehsal edən və onlardan 20-ni orbitə göndərən “Sputnix” özəl şirkətlər arasında seçildiyi halda, “Avant Space” bu il səmada reklam nümayiş etdirə bilən ilk peyki kosmosa göndərdi. Ukrayna müharibəsi və inkişaf edən Pilotsuz Uçuş Aparatı (PUA) texnologiyaları ilə Rusiyanın yaxın illərdə peyk istehsalını diversifikasiya edəcəyi və artıracağı gözlənilir.

Peyk sahəsində ilklər

İllərdir davam edən araşdırmalar, istehsal gücü və peyk infrastrukturuna qoyulan strateji sərmayələr ilə seçilən Rusiya kosmik sektoru bu sahədə dünyada ön sıralardadır. Rusiya 1957-ci ildə “Sputnik 1” ilə dünyanın ilk süni peykini orbitə çıxarıb, bundan əlavə, ölkə kosmosa yüzlərlə peyk çıxarıb.

1960-cı ildə kosmosa göndərilən “Molniya” peykləri Rusiyanın o dövrdəki rabitə və televiziya verilişlərini dəstəkləyib və Sovet İttifaqının geniş coğrafiyasında yaşayanların bu xidmətlərdən istifadə etməsini təmin edib. Kosmosa çıxan ilk insan Yuri Qaqarini 1961-ci ildə “Vostok 1” ilə kosmosa göndərən Rusiya 1970-ci illərdən etibarən kosmosa buraxdığı “Resurs” peyklərindən dünyanın yüksək keyfiyyətli şəkillərini əldə etmək üçün istifadə edir.

GLONASS və “Ekspress”

Rusiya tərəfindən hazırlanan peyklər rabitə, naviqasiya, yer və kosmos müşahidələri, elmi araşdırmalar və milli təhlükəsizlik kimi ehtiyaclar üçün müxtəlif sahələrdə istifadə olunur. Ölkənin inkişaf etdirdiyi ən mühüm peyk sistemlərindən biri olaraq 1982-ci ildə buraxılan GLONASS (Qlobal Naviqasiya Peyk Sistemi) diqqəti cəlb edir.

ABŞ istehsalı olan GPS-in (Qlobal Mövqeləşdirmə Sistemi) ekvivalenti hesab edilən GLONASS istifadəçilərə 24 peyk vasitəsilə öz yerlərini və vaxt məlumatlarını təyin etməyə imkan verir. Rusiyanın milli təhlükəsizliyi və müdafiə qabiliyyəti, eləcə də mülki ərazilər üçün strateji əhəmiyyət kəsb edən GLONASS hərbi əməliyyatların effektivliyini artıraraq, hərbi personal, nəqliyyat vasitələri və silah sistemləri üçün dəqiq naviqasiya və hədəfləmə təmin edir.

GLONASS ilə yanaşı, 1990-cı illərdən kosmosa buraxılan “Ekspress” rabitə peykləri Rusiya və ətraf regionlarda telekommunikasiya, yayım və internet xidmətləri göstərir. “Ekspress” peykləri coğrafi baxımdan dünyanın ən böyük ölkəsi olan Rusiyada xüsusilə şəhərlərdən uzaqda yerləşən və kifayət qədər xidmət ala bilməyəyən ərazilərin rabitə şəbəkələrinə qoşulmasında mühüm rol oynayır.

Beynəlxalq əməkdaşlıqlar

Rusiya elmi-tədqiqat institutları, layihə büroları və peyk istehsalı üçün qurğulardan ibarət əhəmiyyətli infrastruktura malikdir, “Roscosmos”, “ISS Reşetnev” və “Xruniçev” Dövlət Kosmik Tədqiqat və İstehsalat Mərkəzi kimi aparıcı şirkətlər və qurumlar seçilir. Ölkə xarici ölkələrlə kosmik və peyk texnologiyaları sahəsində də əməkdaşlıq edir.

Son olaraq “Roscosmos” prezidenti Yuriy Borisov bildirib ki, Rusiya və Çin 2033-2035-ci illər arasında Ayda nüvə enerji bloku yerləşdirməyi planlaşdırır. “Roscosmos” ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması üçün anlaşma memorandumu imzalanıb.

Digər tərəfdən, ölkənin Ay üçün son böyük layihəsi olan “Luna-25” kosmik gəmisi Ayın səthinə çırpılaraq parçalanıb. “Luna-25” avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostoçnı” kosmodromundan “Soyuz 2.1b” raketi ilə buraxılıb.

Rusiyanın 1976-cı ildən bəri Aya göndərdiyi ilk kosmik gəmi olan “Luna-25”in Ayın səthinə yumşaq eniş edərək, elmi araşdırmalar aparması planlaşdırılırdı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kosmik   Peyk  


Bizi "telegram"da izləyin