Pezeşkian fürsət, yoxsa aldatmadır? Rusiya-İran münasibətlərində qeyri-müəyyənlik davam edəcək?

2024/07/1720697497.jpg
Oxunub: 1039     16:38     11 İyul 2024    
İranda prezident seçkilərində islahatçıların namizədi Məsud Pezeşkian qalib gəldi. O, artıq İlham Əliyev tərəfindən təbrik edilib, Azərbaycana dəvət edilib. Pezeşkian etnik azərbaycanlıdır. İlham Əliyev onu Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısının çağırıldığı Şuşadan təbrik edib.

İranda prezident seçkiləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana sammitindən sonra keçirilib, burada Türkiyə, Azərbaycan və Pakistan üçtərəfli yüksək səviyyəli görüş keçirib, Çin və Azərbaycan strateji əməkdaşlıq bəyannaməsi imzalayıblar. İranın mərhum prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra Rusiya prezidenti Vladimir Putin İranın birinci vitse-prezidenti Məhəmməd Möhbərlə 2 dəfə telefonla danışıb, onunla Astanada danışıqlar aparıb.

2021-ci ilin sonunda haqqında müzakirələrin başladığı hərtərəfli Rusiya-İran əməkdaşlığına dair saziş imzalanmayıb. “RİA Novosti” prezident seçkilərinin nəticələri haqqında məlumat verərək, Məsud Pezeşkianı İranın çoxvektorlu xarici siyasətinin tərəfdarı kimi təqdim edib. Pezeşkian Qərblə yaxınlaşmanın tərəfdarıdır və təcriddən çıxmağı bir nömrəli prioritet hesab edir. Qərb ekspert mərkəzlərinin fikrincə, Rusiya Şimali Koreya və İranla hərbi ittifaq yaratmaq niyyətindədir.

Daha geniş mənada İranda prezident seçilməsinin, icra hakimiyyətinin mühafizəkarlardan islahatçılara keçməsinin Rusiya-İran münasibətlərinə necə təsir edəcəyi Qafqaz üçün əhəmiyyətli bir hal ola bilər, çünki Rusiya-İran əməkdaşlığı son bir-iki ildə Qafqazda atmosferi və mühiti şərtləndirən mühüm amillərdən birinə çevrilib.

Moskva və Tehran bir ilə yaxındır elan edilən böyük strateji sazişi imzalayacaqmı? Müqavilənin imzalanmağa hazır olduğu və bunun yaxın vaxtlarda baş verməli olduğu açıqlandı, lakin təxirə salınmasına səbəb İran prezidenti Rəisinin faciəvi ölümü oldu. Eyni zamanda, İranda prezident seçkilərinin ikinci turu öncəsi İran və Rusiya böyük qaz sazişi imzalayıb. Putinin İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbərlə görüşü Astanada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Assambleyası çərçivəsində keçirilib. Möhbər Putini əmin edib ki, prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, İran Rusiya ilə strateji münasibətlər mövqeyində qalacaq.

Maraqlıdır ki, prezident seçkilərinin ikinci turu öncəsi Çin İranın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Bəzi məlumatlara görə, ötən il İran və Pakistan arasında sərhəd gərginliyi Pekinin vasitəçiliyi ilə qısa zamanda aradan qaldırılıb. Artıq İlham Əliyev İslamabaddadır. Güman etmək lazımdır ki, Azərbaycan və Pakistan fundamental əhəmiyyət kəsb edən sazişi müzakirə edir. Görünür, İslamabad 2021-ci il Şuşa Türkiyə-Azərbaycan Bəyannaməsinə qoşulacaq. Bu, Azərbaycanın təhlükəsizliyinin təminatıdır.

Çinlə strateji əməkdaşlıq haqqında bəyannamə rəsmi Bakının statusunu regional aktor səviyyəsinə qaldırır. İran hansı qərarı verəcək: Çin-Pakistan-Azərbaycan-Türkiyə oxuna uyğunlaşacaq, yoxsa Rusiya ilə hərtərəfli əməkdaşlıq sazişini tamamlayacaq və imzalayacaq?

Prezidentliyə namizədlər hələ qeydə alınmayanda İranın Bakıdakı keçmiş səfiri, analitik mərkəzin direktoru olan etnik Süleymani şikayət edib: “Rusiya Qafqazda İrana heç nə qoymayıb”. Məsud Pezeşkianın türk simvolikası İrana nə verəcək? O, ümumən Qafqaz üçün fürsət, yoxsa aldatmadır?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin