"Azərkosmos" “DynaSys Networks”lə “Əşyaların interneti” sahəsində tərəfdaşlığa başlayıb

2024/07/d3561-1720694708.jpg
Oxunub: 403     14:36     11 İyul 2024    
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") “Əşyaların İnterneti” (IoT) ekosisteminə malik texnologiya şirkəti olan “DynaSys Networks”lə strateji tərəfdaşlığa başlayıb.

Ordu.az bu barədə "Azərkosmos"a istinadən xəbər verir.

Məlumata görə, bu tərəfdaşlıq çərçivəsində qurum həm özünün, həm də müştərilərinin peyk rabitə infrastrukturunu “DynaSys”in hərtərəfli “IoT” platforması ilə inteqrasiya etmək imkanı əldə edir. Öz növbəsində bu, "Azərkosmos"a Avropa, Afrika və Yaxın Şərq bölgələrindən olan tərəfdaşlarına “IoT” həlləri vasitəsilə əməliyyat səmərəliliyini artırmaq, resursların idarə edilməsini optimallaşdırmaq və yeni gəlir mənbələri yaratmaqda dəstək olacaq.

Əməkdaşlıq nəticəsində hər iki tərəf “ağıllı” şəhərlər, kənd təsərrüfatı, əmlakın izlənilməsi, gəmi donanmasının idarə olunması, ətraf mühitin davamlılığı və biznes proseslər üzrə tətbiq olunan xüsusi “IoT” həllərinin müəyyənləşdirilməsi və inkişafı istiqamətində birgə təşəbbüslər də irəli sürə biləcəklər.

"Azərkosmos" və “DynaSys” arasında əməkdaşlıq həm də Yerin müşahidəsi tətbiqlərini əhatə edir.

"Azərkosmos"un sədr müavini Fuad Aslanov vurğulayıb ki, Azərkosmos xidmət göstərdiyi regionlarda peyk rabitə infrastrukturu üzrə yenilikləri tətbiq etməkdə maraqlıdır. Onun sözlərinə görə, güclü rəqəmsallaşma məqsədi ilə birlikdə “IoT” həlləri üzrə liderlərdən olan “DynaSys” ilə əməkdaşlıq peyk bağlantısından daha geniş çeşiddə xidmətlər təqdim etməyə imkan verəcək.

“DynaSys Networks”un təsisçisi və baş icraçı direktoru Əli Axtar (Ali Akhtar) də əməkdaşlıqdan məmnun olduğunu bildirib. “Biz "Azərkosmos"u dəstəkləməyə tam hazırıq, “IoT” ekosistemimiz vasitəsilə onların müştəri bazasının xeyrinə müxtəlif məlumat axınlarını səmərəli istifadə etməkdə birgə səy göstərəcəyik,” – deyə baş icraçı direktor əlavə edib.

“DynaSys Networks” Pakistan və Birləşmiş Ərəb Əmirliklərində məhsulun inkişafı və sistem inteqrasiyasında innovasiyaların təşviqinə yönəlmiş texnologiya startapıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərkosmos   DynaSys-Networks  


Bizi "telegram"da izləyin