Fransa-Ermənistan “işgüzar nahar”ında “Minsk qrupu” sifarişi| Hansı təlimatlar verilib?

2024/06/1719054270.jpg
Oxunub: 669     20:40     22 İyun 2024    
Yayılan rəsmi açıqlamaya əsasən, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Parisə etdiyi işgüzar səfər zamanı Fransa prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buxvalter və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin rəhbəri, artıq de-fakto olaraq öz ömrünü başa vurmuş ATƏT-in Minsk qrupunun fransalı “həmsədri” hesab olunan Bris Rokfo ilə “işgüzar nahar” edib.

Rəsmi açıqlamada bildirilir ki, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın perspektivləri müzakirə edilib. İşgüzar səfər zamanı ATƏT-in Minsk qrupunun həmsədrlik formatının taleyinin müzakirə edilib-edilməməsi ilə bağlı rəsmi açıqlma susur. ATƏT-in Minsk qrupunun həmsədrlik formatı ilə bağlı Bakıdan İrəvana edilən təklif məlumdur.

Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib ki, rəsmi Bakı İrəvana təklif edib ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin: “Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir”. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə bildirib ki, sülh sazişi imzalanandan sonra Minsk Qrupunun mənası itəcək: “Sülh sazişindən sonra bu məsələ də həll olunacaq”.

Bu yaxınlarda Ermənistana gələn ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə müavini Ceyms O-Brayn Minsk qrupunun lazım olub-olmadığını tərəflərin həll etməli olduğunu bildirərək, məsuliyyəti Bakı və İrəvanın üzərinə qoyub. Fransa və Rusiya ən azından hələlik cavab verməyib.

Burada Fransanın rolu Ermənistan üçün əhəmiyyətlidir, çünki Minsk qrupunun həmsədrliyi hazırda fəaliyyətsiz olmasına baxmayaraq, Qafqazdakı rolu baxımından Fransa üçün mühüm status hesab olunur. Burada kifayət qədər incə təbəqələr var. Sözügedən təbəqələr bu qondarma həmsədrliyi Paris üçün, məsələn, Vaşinqton və müəyyən dərəcədə Moskvadan daha vacib edir, Qafqazın siyasi həyatına müdaxilə üçün “əsas”lar formalaşdırır.

Ermənistan bu məsələdə Fransanın əhval-ruhiyyəsinə toxunur, yoxsa bundan sonra nə edəcəyi ilə bağlı təlimatlar alır?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan   ATƏT  


Bizi "telegram"da izləyin