Moldova Prezidenti Aİ-yə üzvlük danışıqlarının başlanması ilə bağlı fərman imzalayıb - FOTO

2024/06/1718961071.jpg
Oxunub: 140     12:54     21 İyun 2024    
Moldova Prezidenti Maya Sandu ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlanması üçün bu gün fərman imzalayıb.

Ordu.az MoldPres-ə istinadən xəbər verir ki, Avropaya İnteqrasiya üzrə Milli Komissiyanın iclasında Moldova Respublikasının hökumət tərəfindən təsdiqlənəcək ümumi danışıqlar mövqeyi müzakirə edilib və Baş nazirin Avropa inteqrasiyası üzrə müavini Kristina Gerasimov baş müzakirəçi təyin edilib.

"Moldova Respublikası Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib. Beləliklə, namizəd ölkə statusunu aldıqdan iki il sonra, iyunun 25-də Moldova - Aİ ilk Hökumətlərarası Konfransı keçiriləcək və bu konfransla üzvlük danışıqlarına rəsmən start veriləcək", - Moldova Prezidenti Maya Sandu bildirib.

Ölkə prezidenti görülən işlərə görə hökumətə minnətdarlığını çatdırıb, Moldova Respublikasını Lüksemburqda Avropa İttifaqına qəbulla bağlı danışıqların rəsmi açılış mərasimində təmsil edəcək nümayəndə heyətinə uğurlar arzulayıb.

"Ölkənin modernləşdirilməsi istiqamətində bu səylərin arxasında dövlət qurumlarından minlərlə insan dayanır və onların hər birinin işi ölkəmizin məqsədinə - Moldova Respublikasını 2030-cu ilə qədər üzvlüyə hazırlamaq üçün həlledici təsir göstərir. Moldovanın Aİ-yə üzv olması yeganə inkişaf yoludur ki, biz bütün vətəndaşlarımıza sülhü, firavanlığı və daha yaxşı həyatı təmin edəcəyik", Prezident Sandu deyib.

Qeyd edək ki, Avropa İttifaqı Moldova Respublikası və Ukraynanın üzvlük danışıqlarına başlayır. İyunun 25-də Belçikanın Aİ-yə sədrliyi iki ölkə ilə ilk hökumətlərarası konfranslar keçirəcək.

Xatırladaq ki, Aİ Şurası 2023-cü il dekabrın 14-də keçirilən sammitdə Moldova Respublikası və Ukrayna ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul edib. Qərar hər iki ölkə Aİ-yə üzvlük üçün müraciət etdikdən və iki il əvvəl namizəd ölkə statusunu aldıqdan sonra qəbul edilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova    


Bizi "telegram"da izləyin