Məkkədə şəhidlərimizin ruhuna ehsan verilib - FOTOLAR

2024/06/qmi_2-5156718195.jpg
Oxunub: 296     21:33     20 İyun 2024    
Bu gün Səudiyyə Ərəbistanının Məkkə şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Azərbaycan Həcc Missiyası tərəfindən Azərbaycan şəhidlərinin ruhuna ehsan məslisi verilib.

Ordu.az xəbər verir ki, məclisdə QMİ rəsmiləri, azərbaycanlı zəvvarlar, şəhid ailələri iştirak ediblər.

QMİ Sədrinin 1-ci müavini Hacı Salman Musayev tədbiri çıxış nitqi ilə açaraq, bu missiyanın məqsədlərindən danışıb. QMİ Sədri, bütün Qafqazın Şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin salam və təbriklərini məclis iştirakçılarına çatdırıb. O, bildirib ki, Şeyxülislam həzrətləri azərbaycanlı zəvvarların vəziyyəti ilə daim maraqlanır, Qurban Bayramı münasibətilə bütün zəvvarlarımızı təbrik edərək, hər birinin Həcc Ziyarətinin qəbul olmasını diləyir.

Salman Musayev qeyd edib ki, azərbaycanlı zəvvarlar sağ-salamat şəkildə ziyarətlərini yerinə yetiriblər. O, hər il müqəddəs Həcc Ziyarəti dövründə Məkkə şəhərində Azərbaycan Həcc Missiyasının şəhidlərin ruhuna ehsan verdiyi diqqətə çatdırıb: "Biz həmişə şəhidlərimizin ruhları üçün duaçıyıq. Şəhidlərimiz dilimizin əzbəridir və həmişə qəlbimizdədir. Bizdən sonra gələn nəsillər də həmişə, hər yerdə onları yad etməlidir. Bizim azad etdiyimiz torpaqlar o şəhidlərin qanı ilə suvarılıb, o torpaqlar da onlar üçün şahidlik edəcək. Şəhidlik məqamını Allah Öz istədiyi bəndələrinə nəsib edir. Şəhid olarkən onları böyük fəzilətli əməllər gözləyir. Əvvəla şəhidlərə Cənnətdəki məqamı görünər, Allah şəhidlərə elə bir nemət verir ki, onlar öz istədikləri insanlardan 70 nəfərin bağışlanmasına şəfaətçidir" - deyən QMİ Sədrinin 1-ci müavini dinimizin şəhadət haqqındakı hökmlərindən danışıb.

Salman Musayev qeyd edib ki, şəhidlərin xatirəsinə həsr olunan belə məclislər həm dini icmalar, həm bütün cəmiyyət üçün nümunədir və gələcək illərdə də ənənə şəklində davam etdirilməlidir.

Azərbaycan Həcc Missiyasının nümayəndəsi Ceyhun Cəfərov çıxışında şəhidlərimizin xatirəsinin müqəddəs torpaqlarda yad edilməsinin gözəl nümunə olduğunu dilə gətirib. Şəhidlərin ucaldığı məqamından danışıb, onların ailələrinin bütün cəmiyyətə örnək insanlar olduğunu deyib: "Biz desək ki, şəhidlər ancaq torpaqlar uğrunda şəhid olub, bu onlara verilən çox az qiymət olar, onlar Allahın adını uca tutaraq şəhadətə yüksəliblər. Şəhidlərimizin ən üstün məqamı odur ki, onlar Allahın varlığına, uca qüdrətinə şahiddirlər. Bu məqama sahib olmaq həm də bizim milli kimliyimizdir. Ruhunuz şad olsun, sizin əziz ruhlarınız bizim üçün çox əzizdir" - Ceyhun Cəfərov qeyd edib.

QMİ-nin Qazilər Şurasının üzvü Qəni Axundzadə çıxışında Azərbaycanın multikultural və dini tolerantlığı yaşadan ölkə olduğunu vurğuladı: "Bizim şəhidlər təkcə məscidləri yox, kilsələri, sinaqoqları da işğaldan azad etdilər. Azərbaycan multikultural ölkədir, Azərbaycanın hər bir şəhidi də bir məktəbdir, hər biri tək-tək qəhrəmanlıq örnəyidir. Bizim əqidəmizə görə şəhidlər ölməyiblər, onlar yaşayırlar, Rəbbimizin yanında ruzilənirlər. Şəhidlik elə bir məqamdır ki, pulla, vəzifə ilə əldə edilmir, şəhidləri Allah seçib. Onlar da bizim başımızı uca etdilər. Qələbə üçün qəhrəmanların başında qəhrəman bir sərkərdə dayanmalıdır. Bizim bu savaşımızda bacarıqlı sərkərdə, Ali Baş Komandan çox güclü nizam-intizam yaratdı, hər şey onun rəhbərliyi altında ölçülüb-biçildi" - QMİ rəsmisi Qəni Axundzadə çıxışında qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsi Sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov Azərbaycan Həcc Missiyasının şəhidlərin xatirəsinin yad olunması üçün hər il Məkkədə düzənlənən məclislərdən danışıb: "Biz Məkkədə Azərbaycan Həcc Missiyasının hər il təzə formatını yaşayırıq. Müqəddəs torpaqda keçirilən bu mərasimlərdə biz xalqımızın milli həmrəyliyinin, bərabərliyimizin nümunəsini görürük".

Ehsan məclisində iştirak edən şəhid ailələrinin üzvləri də çıxış edərək Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsünü böyük razılıq hissi ilə qarşıladıqlarını ifadə edərək təşəkkürlərini bildiriblər.

Şamaxı şəhidi gizir Sübhan Əbdürrəhmanlının atası Mahir Əbdürrəhmanov çıxış edərək deyib ki, övladı Vətən uğrunda fədakarlığı özünə borc bilirdi və buna görə də ailəsinə nigaran qalmamağı tapşırıb: "Şəhidlik hər kəsə nəsib olmur, bizim övladlarımız müharibəyə gedəndə ancaq onu dedilər ki, bizdən arxayın olun. 2020-ci ilin sentyabrında başlanan savaşla alnımızdakı qara ləkə təmizləndi, Ordumuz üzümüzü ağ etdi. Bu savaşda həm əsgərlərimiz, həm xalqımız Prezidentimizin dəmir yumruğu ətrafında birləşdi".

Astara rayonu Ərçivan kənd sakini, şəhid kapitan Şahmar Hüseynovun anası Hədiyyə Hüseynovanın çıxışında övladının Vətən uğrunda şəhadəti ilə fəxr etdiyini deməsi məclis iştirakçılarının alqışı ilə qarşılandı. "Əgər dərd insanı Allahdan uzaqlaşdırırsa pis dərddir, bəladır, amma Allaha yaxınlaşdırırsa o bir şərəfdir. Mən fəxr edirəm ki, övladım şəhiddir. O, şəhadəti ilə Allaha yaxınlaşıb. Bizim şəhid övladlarımız bu torpaqların üzərində hər kəsin xoşbəxt yaşamasını istəyirdilər" - şəhid anası H.Hüseynova dilə gətirib.

Goranboy rayonu Qızılhacılı qəsəbəsinin şəhidi əsgər Hüseyn Nəsibovun atası Əfqan Nəsibov çıxışında şəhidlərin misilsiz fədakarlıq göstərərək qəhrəmanlıq tarixi yaratdığını dedi: "Oğlum özünün də, mənim də başımı uca etdi".

Həcc ziyarətində olan və ehsan məslisində iştirak edən şəhid ailələrinin üzvləri Astara rayonu Ərçivan kəndinin şəhidi kapitan Şahmar Hüseynovun anası Hədiyyə Hüseynova, Şamaxı şəhidi gizir Sübhan Əbdürrəhmanlının atası Mahir Əbdürrəhmanov, Goranboy rayonu Qızılhacılı qəsəbəsindən şəhid əsgər Hüseyn Nəsibovun atası Əfqan Nəsibov, Goranboy rayon Safukürd kəndinin şəhidi Səməd Rzayevin anası Zərqələm Kazımova, Tərtər rayonu Bəyim-sarov kəndinin şəhidi Tural Məmmədlinin anası Güldanə Məmmədli, Bakı şəhərindən şəhid Cavid Cabbarzadənin anası Almaz Cabbarova bu tədbirə görə QMİ rəhbərliyinə, bütün təşkilatçılara təşəkkürlərini ifadə ediblər.

Sonda süfrə duası oxunaraq, şəhidlərin ruhlarına Allahdan rəhmət dilənib, yaralı qazilərimizə şəfalar arzu edilib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məkkə   Şəhid  


Bizi "telegram"da izləyin