Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-də növbəti konfrans keçirilib

2024/06/Ekran-1718902432.jpg
Oxunub: 242     20:13     20 İyun 2024    
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə – C24-ün illik iclası çərçivəsində "Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin Rolu" adlı konfrans öz işə başlayıb.

Ordu.az xəbər verir ki, konfransda Fransanın və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən, habelə Korsika, Fransız Qvianası, Qvadalupe, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı və Niderlanddan 40-dan artıq rəsmi nümayəndə, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak ediblər.

Konfransda Yeni Kaledoniyada Fransa polisi və jandarması tərəfindən öldürülən mülkü şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gün ərzində davam edən dəyirmi masa müzakirələri ölkəmizin BMT-dəki daimi nümayəndəliyinin birinci katibi Vadim Qusmanın moderatorluğu ilə baş tutub.

BTQ-nun icraçı direktoru Abbas Abbasov videomesaj vasitəsilə qonaqları salamlayıb və bildirib ki, BTQ yarandığı gündən səkkiz beynəlxalq konfrans keçirib və bu tədbirlərin əsas məqsədi müstəmləkəçilikdən əziyyət çəkən yerlərin problemlərini işıqlandırmaq, neokolonializmdən əziyyət çəkən xalqların ədalətli mübarizəsini dəstəkləmək, bu sahədə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində onlara dəstək nümayiş etdirməkdir. O, deyib ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların nümayəndələrinin iştirakı ilə yaradılmış qeyri-hökumət təşkilatı olan BTQ beynəlxalq hüququn norma və prinsipləri əsasında müstəmləkədən azad olmaq arzusunda olan xalqların ədalətli mübarizəsini dəstəkləyir. Təşkilat BMT-nin müvafiq qurumları, o cümlədən İnsan Hüquqları Şurası, eləcə də BTQ-nin təmsil olunduğu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və digər aidiyyəti təşkilatlarda beynəlxalq platformalar vasitəsilə müstəmləkələrdəki mövcud vəziyyəti dünya ictimaiyyətinin daim diqqətinə çatdırır və bu fəaliyyət yüksələn xətlə inkişaf edir.

Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev çıxışında qeyd edib ki, tədbirə dəvət olunmuş bəzi şəxslər Fransa hökumətinin əngəlləri səbəbi ilə öz hava limanlarından buraxılmayıblar. O, qeyd edib ki, bütün təzyiqlərə baxmayaraq, bu, onların mübarizəsinə heç bir mənfi təsir göstərməyəcək. Azərbaycan hər zaman müstəmləkələrin ədalətli mübarizəsini dəstəkləyəcək.

Konfransın ilk panelində assimilyasiyanın mənfi nəticələri və yerli əhalinin mədəniyyətinə, dininə, dilinə neqativ təsirləri barədə fikir mübadilələri aparılıb.

Konfransda çıxış edən Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərindən danışıb, Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edib və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəsinə qarşı apardığı işğal siyasətindən bəhs edib: "Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə məhəl qoymur, neokolonializm siyasətini davam etdirir".

Nazir BTQ-yə ötən müddət ərzində müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq mübarizəsini dəstəklədiyinə görə təşəkkür edib.

Konfrans gün ərzində müxtəlif müzakirələr və debatlarla öz işini davam etdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı-Təşəbbüs-Qrupu   BMT  


Bizi "telegram"da izləyin