Şəhid Zahir Feyzullayevin atası: “Ata, şərəfsizlərin məhvinə başladıq dedi” (FOTOLAR)

2024/06/1718897572.jpg
Oxunub: 357     10:29     21 İyun 2024    
Azərbaycanın başını qara buludlar aldığı zamanlarda hər zaman əli silah tutan ərənləri bir olmağı və düşmənə qarşı birləşməyi bacarıblar. Boş yerə deməyiblər ki, bizim ərənlərin birliyi dağı yerindən oynadar. Bəli hər zaman yurdu, vətəni, eli sevmək təbliği evdən başlayar. Elə bunun nəticəsidir ki, vətənin dar günündə ölkənin hər bir yerindən bu torpaqları müdafiə etmək üçün ər oğullar ayağa qalxıb.

Ordu.az komandası olaraq hər zaman respublikamızın hər bir yerindən olan və xidməti ilə qürur duyduğumuz şəhidlərimizin həyat yolu barəsində silsilə yazılar veməkdə davam edirik. Bu gün Sizə Vətən müharibəsi şəhidlərindən biri, Azərbaycan silahlı qüvvələrinin leytenantı Zahir Feyzullayev barəsində hazırladığımız yazını təqdim edirik.


Yolumuz Oğuz rayonunadır. Respublikanın bir çox bölgələrində olduğu kimi, Oğuz rayonunda da yol kənarlarında Vətən müharibəsi şəhidlərinin böyük ehtiram və hörmətlə vurulan şəkillərinə rast gəlirik. Yolumuza davam etsək də, hər birinin qarşısından keçdikdə sayğı ilə anır, ruhlarına dua oxuyub, əsgəri salam verərək keçirik. Təbiət gözəlliyinin qoynunda yerləşən bu rayondan da 1988-ci ildən ermənilərin ərazi iddialarına etiraz edərək, təxribat xarakterli əməllərin qarşısının alınması yolunda da dəstək olan kifayət qədər vətən övladlarımız olub. Bu gün Vətən müharibəsində döyüşərək millətimizi qürurlandıran qələbəmizdə pay sahibi olanların demək olar ki, böyük bir hissəsi elə 90-cı illərin müharibəsində iştirak edənlərin övladlarıdır. Necə deyərlər, atalarının yarlımçıq qalan işlərini övladları tamamlaraq son nöqtəni qoyublar. Bu cür dəyərli vətən oğullarından biri olan Zahir Eyvaz oğlu Feyzullayevdir.

Yoldan sağa dönüb üzü Muxas kəndinə doğru hərəkət edirik. Kəndin girişində bizi ilk qarşılayan elə şəhidimiz Zahir Feyzullayev olur. Kəndin girişində adının əbədiləşdirilməsi üçün inşa edilən xatirə bulağı, müasir memarlıq üslubunda xüsusi zövqlə inşa edilib. Abidədə Zahirin xidməti dövrünü əks etdirən və müxtəlif illərdə çəkilən fotolarıyla yanaşı, həm də həyat yolu barəsində qısa məlumat həkk edilib. Əslində abidənin üstündə yazılan o qısa məlumat belə onun barəsində dolğun təsəvvür yaratmağa imkan verir. Vədələşdiyimiz kimi şəhidimizin atasıyla da görüşümüz elə abidənin yanında olur. Hər nə qədər övlad acısı yaşasa da, qürurlu duruşu və danışığıyla sözün əsl mənasında örnək göstəriləcək bir şəxs olduğunu deyə bilərik. Eyvaz dayı deyir ki, Zahirin Qarabağ sevdası, vətən təəssübkeşliyi əbəs deyil:


“Mənim qardaşım da Qarabağ müharibəsinin iştirakçısıdır. Onun müharibədə olması böyüməkdə olan uşaqlarımızın marağında olub. Müxtəlif vaxtlarda söz düşdükcə əmisindən müharibə xatirələrini danışmaqlarını təkidlə istəyirdilər. İki övladım var, Zahir kiçik oğlumdur. Onun hərbiyə və hərbiçi olmağa marağını hiss etmişdim. Odur ki, yolundan dayandırmağa və yaxud hansısa başqa sahəyə yönləndirməyə çalışmadım. Əksinə öz sevdiyi sahə üzrə uğur qazanması üçün ona xeyir dua verdim”.

Atasından aldığı xeyir-dua onu hərbçi olmağa bir az da ruhlandırır. Zahir Feyzullayev 201-ci il yanvarın 1-də Oğuz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılır. Xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsində davam edir. 2012-ci ilin iyul ayında xidmətini bitirsə də qısa bir vaxtdan sonra 2013-cü ilin noyabr ayının 12-də Müdafiə Nazirliyinin gizir hazırlığı kursuna qəbul olur. 2014-cü ilin yanvar ayının 25-də həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra, hərbi xidmətini davam etdirir. Onun xidməti yolu “N” saylı xüsusi təyinatlı hərbi hissədən keçir. Müxtəlif vəzifələrdə çalışan Z. Feyzullayev 2018-ci ildə Naxçıvanın Günnüt kəndi istiqamətindəki döyüşlərdə xüsusilə fərqlənir.


“Bir gün Zahir mənə zəng edəndə kiçik leytenant rütbəsi almasını deyərək sevincini böldü. Açığı çox sevinsəm də, rütbənin boş yerə verilmədiyini də bilirdim. Deməli hansısa bir xidmətdə seçildiyi üçün verilmişdi. Günnüt əməliyyatı barədə sonralar eşitdim. Əməliyyatdan sonra iyul ayının 2-də kiçik leytenant hərbi rütbəsilə təltif edilir. Xidmətində seçilməsi, onun üzərinə düşən vəzifənin məsuliyyətini necə hiss etməsi məni ayrıca qürurlandırırdı. Bir gün söhbət əsasında bildirdi ki, təlimlərə qoşulacaq. 2015-ci ildən başlayaraq müxtəlif vaxtlarda Türkiyənin Ankara, Kayseri, Qars şəhərlərində “görüntülü hədəf qiymətləndirmə”, “hərbi sərbəst paraşüt”, “statik təməl paraşüt”, “statik paraşütçü buraxıcı və yer ekip komutanlığı” kurslarında olur. Hər olduğu kursdan sonra mənə sevinclə danışır və bir az da hərb sahəsində öz bililərini necə təkmilləşdirdiyini deyirdi”, - deyə şəhidin atası həmin günləri xatırlayır.

Z. Feyzullayev xidməti illərində “Qış-2019” təlimlərində iştirak edir: “Müharibə başlayanda mənə zəng edib gözaydınlığı verdi ki, daha Azərbaycanın ürəyində yara olmayacaq. İlk olaraq nə demək istədiyini başa düşmədim. Amma yanında atəş səslərinə görə məsələnin nə yerdə olduğunu anladım. Amma yenə də nə demək istədiyini soruşdum. Ata, şərəfsizlərin məhvinə başladıq dedi. Oğlumun o kəlməsini necə ürəklə və fəxrlə deməsini heç vaxt unuda bilmərəm”.


Zahir Eyvaz oğlu Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuz rayon Muxas kəndində anadan olub. 1999-cu ildə şəhid Ağasəf Əhmədov adına Muxas kənd tam orta məktəbinin birinci sinfinə gedib. 2010-cu ildə şəhid Emin Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam orta məktəbini bitirir. Orta təhsilini başa vurduqdan sonra, təhsilini kollecdə davam etdirir. Hərbi xidməti dövründə bir sıra müvəffəqiyyətlər əldə edir. Vətən müharibəsionin ilk günlərindən döyüşlərdə iştirak edən Z. Feyzullayev oktyabrın 20-də Xocavənd rayonu Tuğ kəndinin işğalçılardan azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalır. Şəhadətindən sonra, doğulduğu Muxas kəndində dəfn olunub. Z. Feyzullayev 26.06.2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi”, 26.06.2018-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Şəhadətindən sonra, Azərbaycan respublikası prezidentinin sərəncamıyla 15.12.2020 “Vətən uğrunda”, 29.12.2020 “Şuşanın azad olunmasına görə”, 30.12.2020-ci ildə “Hərbi xidmətlərə görə”, 24.06.2021 “Füzulinin azad olunmasına görə”, 24.06.2021-ci ildə “Xocavəndin azad olunmasına görə”, 25.06.2022-ci ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Zahir-Feyzullayev  


Bizi "telegram"da izləyin