İqlim Sammitinə hücum?| Aİ-nin göz yumma və təşviq siyasəti davam edir

2024/06/1718875861.jpg
Oxunub: 765     18:26     20 İyun 2024    
Artıq neçə gündür ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini atəşə tutması ilə bağlı məlumatlar yayılır. Üstəlik, Ermənistanın həyata keçirdiyi təxribatların hamısı Naxçıvan istiqamətinə aiddir.

Hər zaman olduğu kimi, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlıqlarını ardıcıl olaraq təkzib edir. Lakin gördüyümüz kimi, İrəvan inadla təxribatlarını davam etdirir. Bu pozuntuların, şübhəsiz ki, siyasi göstərişi var və hərbi-siyasi məqsədlər güdür. Daha öncə də qeyd etdiyimiz kimi, rəsmi İrəvanın daxili siyasi hadisələrdə gərginliyə məruz qaldığı bir anda ictimai əhval-ruhiyyəyə öz təsirini göstərməyə çalışdığı danılmazdır. Paşinyan hakimiyyəti yaranmış vəziyyətdən çıxmaq üçün ictimai fikrin düşüncəsini döyüş mövqelərinə adaptasiya etməyə çalışır. Habelə baş verənlərin Paşinyan hakimiyyətinə müxalif mövqe sərgiləyən ordu mənsubları tərəfindən də həyata keçirilməsi istisna edilmir. İstənilən halda, Ermənistanda bir-biri ilə kəskin qarşıdurmada olan iqtidar və etiraz hərəkatı, parlament müxalifəti və digər qruplar təxribatlardan uzaqlaşmalıdır.

Avropa İttifaqının müşahidə missiyası da “ənənəvi mövqeyinə” sadiq qalaraq qeyd paylaşıb və bildirib ki, müşahidəçilər Ermənistan-Azərbaycan sərhədində hər hansı qeyri-adi hərəkət və ya vəziyyət müşahidə etməyiblər.

Aİ-nin müşahidə missiyası faktiki olaraq Ermənistanın təxribatlarına göz yumur, təşviq siyasəti həyata keçirir. Eyni zamanda, əlbəttə, nəzərə alınmalıdır ki, hər hansı təxribat törədiləcəyi təqdirdə Ermənistan Aİ müşahidəçilərinin qiymətləndirməsindən çəkinməyəcək. Belə bir qiymətləndirmənin olmayacağına isə hər kəs əmindir. Buna görə də müşahidəçilərin qeydini İrəvanın təxribatlarına göz yummaq və təşviq komponenti kimi nəzərdən keçirərək, həm müdafiə, həm də diplomatik sahədə sayıq olmaq, Ermənistanın təxribatlarının yenidən başlamasını diqqətdən kənarda qoymamaq lazımdır.

Eyni zamanda, bəlkə də beynəlxalq ictimaiyyət qarşısında vurğulamaq lazımdır ki, Azərbaycana qarşı hər hansı bir dərəcədə təxribat, hətta İqlim Sammitinə hücum etmək demək olacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin