Qərbi Azərbaycan Xronikası: Ermənilər Üçkilsəni necə Eçmiədzin etdilər?

2024/06/Ekran-1718219515.jpg
Oxunub: 196     22:37     12 İyun 2024    
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilər tərəfindən zaman-zaman azərbaycanlı əhalisi sıxışdırılaraq çıxarılan və ağır mərhumiyyətlərə düçar edilən Üçkilsə rayonu haqqında süjet hazırlanıb.

Ordu.az xəbər verir ki, "İrəvan xanlarının əlamətdar günlərini keçirdiyi Üçkilsə" adlı süjetdə son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən, soydaşlarımızın məşəqqətlərə məruz qalmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Karbibasar mahalında, şərqdən Göyçə gölü, şimaldan Alagöz, cənubdan Ağrı dağı ilə sərhədi olan Ağrı vadisində, qədim İrəvan şəhərinin yaxınlığında yerləşən Üçkilsə rayonunun adı IV əsrdə, yəni 303-cü ildə tikilən məbədin adı əsasında yaranıb. 1502-1827-ci illərdə İrəvan xanlığının inzibati ərazi bölgüsünə daxil edilib. 1827-ci ildə Çar Rusiyası tərəfindən işğal edilən, etnik tərkibi əsasən azərbaycanlılar olan bu məkana 1828-1830-cu illərdə İranın Xoy və Salmas, Türkiyənin Van, Sasun, İğdır, Sürməli vilayətlərindən ermənilər köçürülüb. 1918-ci ildə erməni-daşnak quldur dəstələri tərəfindən Üçkilsədə əksər yaşayış məntəqələri yerlə yeksan edilib, minlərlə əhali qırılıb və etnik ərazilərindən qaçqın düşüb. 1918-1919-cu illərdə rayondakı azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulublar.

Diqqətə çatdırılır ki, Üçkilsə kimi tanınan bu rayonun adı 1930-cu il sentyabrın 9-da rəsmən dəyişdirilərək Vağarşabad adlandırılıb və 1938-ci ildə respublika tabeli şəhər statusu verilib. 1945-ci il martın 12-dən isə adı yenidən dəyişdirilərək Eçmiədzin qoyulub. 1932-ci ilin inzibati bölgüsünə görə Üçkilsə rayonu ərazisində olan 52 kənddə sırf azərbaycanlılar yaşayıblar. 1948-1953-cü illərdə bu ərazidə yaşayan azərbaycanlılar deportasiyaya ediliblər. Azərbaycanlıların ata-baba yurdlarından qovulmasının növbəti yeni mərhələsi 1950-ci illərin sonlarından başlayıb və 1988-ci ildə sona çatıb. Bundan sonra Üçkilsə rayonu üzrə 50 tarixi yer adları dəyişdirilib. 1995-ci ildə Üçkilsə rayonunun ərazisi Armavir mərzliyinə daxil edilib.

Sonda vurğulanır ki, oğuz-türklərinin qədim yaşayış məskəni olan, İrəvan xanlarının əlamətdar günlərini keçirdiyi Üçkilsə rayonu da ermənilərin əsarətinə düşüb: "Lakin Qərbi Azərbaycanın bütün əhalisi kimi, Üçkilsə bölgəsinin sakinləri də ata-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərbi-Azərbaycan-Xronikası  


Bizi "telegram"da izləyin