Onun üçün döyüş hələ də davam edir| Ermənistan bayrağı əvəzinə qara bayraq bağlayan qəhrəmanlar – FOTOLAR

2024/06/15-1718189639.jpg
Oxunub: 685     15:41     12 İyun 2024    
1988-ci ildən başlayaraq ermənilərin dinc sakinlərin yaşadığı kəndləri atəşə tutmaları və burada əliyalın sakinləri qətlə yetirmələri halları tez-tez baş verib. Ermənilərin kəndləri atəşə tutması mütəmadi hal aldığı üçün, sakinlər müəyyən qruplara ayrılaraq kəndlərin müxtəlif istiqamətlərində ermənilərə qarşı mübarizə aparırdılar. Bu cür mübarizələrdə bütün çətinliklərə baxmayaraq soydaşlarımızın yalnız bir istəyi vardı. Düşmən həmləsinin qarşısını layiqincə almaq.

Ordu.az saytı olaraq hər zaman bu cür olaylarda xüsusi fəallıqlar göstərən soydaşlarımızla bağlı yazılar təqdim edirik. Bu yazımızda da onlardan biri olan Seymur Sarı oğlu Quliyev barədə yaxınları və döyüş yoldaşlarının dediklərini Sizə çatdırmağı özümüzə borc bilirik.

Seymur Sarı oğlu Quluyev kimdir və yaxınlarının yaddaşlarında necə qalıb?

Seymur Sarı oğlu Quliyev 1969-cu il martın 11-də Ağdərə rayonunun Sırxavənd kəndində dünyaya gəlib. O dövrün çox uşaqlı ailələrindən biri də Seymurgilin ailəsi olub. 9 övlad böyüyüb bu ailədə. 4 bacı 5 qardaşın sonuncusu olan Seymur, hər zaman özünün çılğınlığı və dəcəlliyi ilə seçilib. Sırxavənd kənd orta məktəbini bitirən Seymur Quluyev həqiqi hərbi xidmətini 88-89 illərdə Xabarovsk vilayətində keçib. Seymurun keçdiyi döyüş yolu bu gün yaxınları tərəfindən qürurla xarılanır. Həmsöhbətimiz olan Nuridə Ərşadqızı Seymurun keçdiyi döyüş yolundan şahidi olduqlarını və eşitdiklərini belə nəql edir.


O, patronu kəndlilərə hansı üsulla çatdırıb?

Qarabağda müharibənin aktiv dövrlərində yerli sakinlər müxtəlif vasitələrlə düşmənə qarşı aparılan mübarizədə öz köməkliklərini göstərməyə çalışırdılar. Təpədən dırnağa qədər silahlanmış erməni silahlılarının azərbaycanlı kəndlərinə hücumlarının qarşısının alınmasında primitiv üsullardan istifadə edilirdi. Söz yox ki, nizami ordu quruculuğu olmadığı dönəmlərdə peşəkar istehkamların qurulması da sıfır dərəcəsindəydi. Amma yerli sakinlər əllərində olan ov tüfəngləri və az sayda avtomat silahlarla düşmən həmləsini dəf etməyə çalışırdılar. Kəndlilərin əsas istehkam kimi istifadə etdikləri yerlər isə kəndin kənarında olan evlər olurdu.

“Seymurun ən çox danışılan fəaliyyətlərindən biri də kəndçilərimizə patron aparması olub. Danışırlar ki, mühasirədə qalan milis leytenantı Şükran Cəfərovu, Qardaşxan Mehdiyevi, Yusif Əliyevi, Cavanşir Hüseynovu, Talıb və Yasən Hüseynovları və Araz Meydanovu mühasirədən çıxarmaq lazım idi. Onlar kəndin axırıncı evi olan Cahangirin evində mövqe tutaraq hücum edən ermənilərin həmləsinin qarşısını alırdılar. 7 nəfərin həyatı ciddi təhlükə altındaydı. Onların ermənilərə əsir düşmək, ya da ölmək kimi 2 variantı qalmışdı. Patronları tam qurtarır və yaşca ən kiçikləri olan Yasəndən onların sayı qədər patron saxlamağı, erməni əlinə keçməsinlər deyə onları sonra da özünü güllələməyi xahiş edirlər. Gözündən güllə yarası almış Qardaşxanın vəziyyəti isə çox pis olub, yalnız nəfəs alırmış”.

Təbii ki, həmin dönəmlərdə silah tapmaq nə qədər çətin idisə, patron tapmaq daha da çətiniydi. Odur ki, hər kəs əlində olan patronları ehtiyatla işlətməli olurdu. Ermənilərin Sırxavənd kəndinə olan hücumlarının birində ön xəttə döyüşən kəndlilərin patronu qurtarır. Belə zamanda nə qədər təhlükəli olsa da, ön xəttə patron aparmaq zərurəti yaranır. Belə anda çatdırlan 1 patron belə düşmənlə mübarizədə əsaslı dönüş yarada bilərdi.

Müsahibimiz deyir ki, həmin vaxt hər tərəf qarla örtülü olduğu üçün, ani bir hərəkətlilik düşmən tərəfindən dərhal seçilirdi. Ön xəttə tutulan mövqedən geri çəkilməməkdə israrlı olan Sırxavəndin döyüşən oğulları, avtomat silahlar üçün patron olmasa belə, ov tüfəngilə mübarizə apararaq geri çəkilmə niyyətində deyildilər. Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün rabitənin olmaması ciddi problem yaradırdı. Açıq səslə verilən informasiya isə ermənilərin mühasirəsini daha da daralda bilərdi. Patron çatışmazlığını geridəkilərə elə bildirmək lazımıydı ki, düşmən məsələni anlamasın. Öncədən razılaşdırıldığı kimi, onsuz da məhdud sayda olan patronlar tam azaldıqda iki hədəfi bəlli edən bir adi güllə Ballı Qaya istiqamətində atılmalıydı. Verilən parol burada vəziyyətin olduqca kritik olmasından xəbər verirdi. Ancaq gündüz saatları olduğundan patronların aparılması açıq hədəf vəziyyətinə düşmək risqi yaradırdı. Amma bütün çətinliklərə baxmayaraq, o, bu addımı atmağa qərar verir.


Nuridə xanım bildirir ki, Seymur evlərində olan yataq dəstinin üzərində olan ağ parçanı götürərək bədəninə sarıyır: “Ağır olmasına baxmayaraq 2 patron sandığını da bədəninə bağlayaraq qarın üstü ilə sürünməyə başlayır. Əsas döyüş xəttinin olduğu evə aparan yol yüksəklikdən ermənilərin müşahidəsi altında olduğundan keçilməsi çətin olan yerləri sürünərək keçən Seymur patronları çatdırmağa nail olur. Yalnız bundan sonra düşmənə kəskin müqavimət göstərilir və onlar itki verərək geri çəkilir”.

O, erməniləri bu hərəkətinə görə şoka salmışdı

Sırxavənd kəndi ilə ermənilərin sonradan məskunlaşdığı Kiçan kəndini aradan keçən kiçik su arxı ayırırdı. Bu qədər yaxınlıq hər iki tərəfin həyətlərində hərəkətlərini aydın müşahidə etməyə imkan verirdi. Hadisələr aktiv müharibəyə çevrildikdən sonra ermənilər bu yaxınlıqdan maksimum dərəcədə istifadə edərək, kəndin sakinlərini hədəf alırdılar. Bunun nəticəsiydi ki, Sırxavəndin bir neçə yaşlı sakini həyətində təsərrüfat işlərilə məşğul olarkən qətlə yetirilmişdi.

Həm məsafənin yaxın olması, həm də ermənilərin bəzi təxribatçı hərəkətləri ilə də insanlarda ruh düşkünlüyü yaratmağa çalışırdılar. Bir səhər hamı yuxudan duranda qonşu Kiçan kəndində İsraqan adlı erməninin evinin yanındakı böyük palıd ağacından Ermənistanın bayrağı asıldığının şahidi olurlar. Bayraq elə bir yerdən asmışdı ki Sırxavəndin hər tərəfindən görünürdü. Təbii ki, bu cür qıcıqlandırıcı hərəkətin cavabı belə qala bilməzdi. Böyüklər bu hərəkətin xüsusilə diqqətdə saxlanılacağını bildikləri üçün kəndin cavanlarının müəyyən addım atmalarından ehtiyat edərək reaksiya verməmələrini, bir neçə gün gözlədikdən sonra qarşılıqlı cavab verəcəklərini bildirirlər.

Ağsaqqalların tapşırığına baxmayaraq, axşam düşən kimi Seymur və dostu Rizvan evdən gizli çıxaraq Kiçan kəndində evlərdən birinin həyətində gizlənirlər. Sonralar bunu gülərək danışan Ceymur və Rizvan hadisəni belə nəql eləyiblər.

Nuridə xanımın sözlərinə görə, Seymurla Rizvan sonralar danışıblar ki, böyüklərin nə üçün, narahat olduqlarında haqlı olduqlarının şahidi olublar. Ermənilərin bayaraq asdıqları yerdən bir neçə metr arlıda iki sitiqamətdə mövqe tutduqlarını görürlər. Havanın şaxtalı olmasına baxmayaraq gecənin bir vaxtına qədər gözləməyə qərar verən dostlar, gecə yarıda asılan bayrağı çıxardaraq yerinə qara rəngli parça bağlayırlar.


Nuridə xanım Seymur haqqında danışarkən təkcə şahidi olduqları yox, həm də döyüş dostlarının Çıldıran döyüşləri barədə dediklərini qürurla nəql edir: “Döyüş dostları deyirdi ki, Çıldıran uğrunda gedən döyüşlərdə düşmən artilleriya və “Qrad”qurğularından mövqelərimizi güclü atəşə tuturdular. Seymur Ağdərə rayon polis şöbəsinin rəis müavini Camal Cəfərovla ön səngərdə idi. Artilleriya atəşinin ardınca ermənilərin güclü hücumu başladı, daha sonra tanklar hücuma keçdi. C.Cəfərov “tanklardan bir-ikisini vura bilsək o birilər geri qayıdacaq” deyir. Seymur bir neçə nəfərlə irəli sürünüb mövqe tutur. Buradan tanklar aydın görünürdü. Üç tank irəliləyirdi onların üstünə. Seymurun gözləməyə səbri çatmır. O, xeyli irəliyə sürünərək tanklara yaxın məsafədə özünə yer tutur. Ona yaxınlaşan tankı qəfil atəşlə məhv edir. Digər tankı da vurmağa nail olur. İki tankın vurulduğunu görən ermənilər geri çəkilməyə məcbur olurlar”.

Nuridə xanım onu da deyir ki, Seymurun fəaliyyəti sonralar çox danışılıb. Hətta kənd sakinlərinin danışdıqları əsasında 1992-ci il fevralın 24-də Saleh Cəfərovun “Döyüş davam edir” sərlövhəli məqalədə bu barədə geniş məlumat da verilib.

1992-ci il martın 12-də Seymur kəndi axırıncı tərk edənlərdən biriydi. Şəldi bulağının üstündən kəndə doğru gələn ermənilərlə hələ də atışırdı.

1992-ci ilin sentyabr ayından Seymur döyüş yolunu Ağdərə polis şöbəsində davam etdirir. Çıldıran, Heyvalı, Çardaxlı, Vışka, Qlobus və başqa məntəqələr uğrunda gedən döyüşlərdə iştirak edir. O, 1994-cü ilin may ayında Ağdərə rayonu “Üçüncü sovxoz” istiqamətində bir neçə döyüş dostları ilə Seymur, Polad, Natiq və Mehman şəhid oldular. Dörd dostun olduğu mövqedə şiddətli döyüşlər gedir. Onlar öz mövqelərini tərk etməyərək ermənilərlə son patronları bitənə qədərə atışırlar. Həmin mövqe ermənilərin əlinə keçdikdən sonra şəhidlərimizin nəşlərini də özlərilə aparırlar. Uzun axtarışdan sonra tapılan Seymur Quluyev Bakıxanov şəhidlər xiyabanında dəfn edilir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 iyun tarixli 1545 nömrəli sərəncamı ilə Seymur Quliyev “Vətən Uğrunda” medalı ilə təltif edilib.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ağdərə   Sırxavənd   Qəhrəman   Seymur-Quliyev  


Bizi "telegram"da izləyin