Hindistan Üçüncü Modi dövründə – Xarici siyasətdə hansı mövqelərə yenidən baxılmalıdır?

2024/06/2024--1718173204.jpg
Oxunub: 295     18:39     12 İyun 2024    
Hindistanın qarşıdakı illərdə kritik xarici siyasət problemi Rusiya və Çin oxunu idarə etmək olacaq.

Hindistanda seçkilər başa çatdıqda, Baş nazir Narendra Modi üçüncü dəfə hakimiyyətini təmin etdi. Seçkilərdə iştirak gözləniləndən də aşağı oldu. Bu vəziyyət “Bharatiya Janata” Partiyasında (BJP) narahatlığa səbəb olsa və partiyanın namizədlərinin, xüsusən də Baş nazir Modinin hindu milliyətçi ritorikasını daha da sərtləşdirsə də, BJP-nin Hindutva ideologiyası ölkə daxilində, xüsusən də cənubda rezonans doğurmadı.

Əksər ştatlarda kampaniyalarda gənclərin işsizliyi və inflyasiya kimi yerli siyasi və iqtisadi narahatlıqlar üstünlük təşkil etdi. Lakin Modinin populyarlığının ən güclü səbəblərindən biri onun Hindistanı güclü Hindu dövləti kimi yenidən təşkil etmək fikridir. Hökumətin Hindistanı Hindu xalqına çevirmək cəhdi dövlət və din arasındakı fərqi aradan qaldırarkən, üçüncü Modi dövrü ölkənin dünyəvi etimadnaməsinə təzyiq göstərməyə davam edəcək.

Hindistanın xarici siyasəti necə formalaşır?

Hindistanda hökuməti kim formalaşdırırsa, yüksək səviyyədə siyasət davamlılığı var. Hindistanda sağçı BJP və ya solçu Konqresin siyasətlərinə baxmaq mənasızdır. Diqqət edilməli əsas məqam hakimiyyətin gücüdür. Xarici siyasət kontekstində Hindistanın bütün əsas siyasi partiyaları beynəlxalq sistemdə əhəmiyyətli təsir qütblərinə malik “strateji muxtariyyəti” saxlamaq üçün ardıcıl öhdəlik götürürlər.

Lakin hinduların əksəriyyətinin müdafiəçisi rolu, Hindistanın qlobal mövqeyini yüksəltmək rekordu və dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birini və ən böyük demokratiyasını idarə etmə bacarığı ilə bağlı kampaniya aparan Modi və BJP iddialı və güclü xarici siyasət yanaşmasına sahibdir. İndiyə qədər bunların əksəriyyəti sadəlövh ifadələrdən ibarət olub. Bu ifadələrə misal olaraq Hindistana “Bharat”, ölkəyə “Vişvaquru”, yəni dünyanın müəllimi və “Vişvamitra”, yəni dünyanın dostu deyilməsi göstərilə bilər.

Hindistan bu yaxınlarda kommersiya gəmiçiliyini dəniz quldurluğu və Husi hücumlarından qorumaq üçün Hind okeanında dəniz qüvvələrinin yerləşdirilməsindən tutmuş G20-yə sədrliyi dövründə qlobal problemlərə Hindistan həllərini təklif etməyə qədər beynəlxalq sistemdə konstruktiv rol oynamağa çalışdı. Lakin Hindistan xüsusi və ya müstəsna statusuna görə qlobal norma və qaydalardan azad olmaq üçün də müraciət edə bilər. Bu vəziyyət Hindistanın Qərblə münasibətlərində gərginliyi artıracaq.

Eyni zamanda, ABŞ və Çin arasındakı rəqabət də daxil olmaqla, qlobal geosiyasi hadisələr kontekstində nəzərdən keçirildikdə, Hindistan, idarəçilərinin narahatverici ritorikasına və hindu millətçi gündəminə baxmayaraq, beynəlxalq ictimaiyyətin xoş niyyətindən faydalanacaq. Çünki Qərb dünyası Si Cinpinin iddialı Çininə həm demokratik tarazlıq, həm də kommersiya alternativi axtarmağa davam edir.

Hindistanın xarici siyasətinin mövcud dəyişməzlərindən olan həm ABŞ, həm də Rusiya ilə müttəfiq olmadan tərəfdaşlıq əlaqələrini davam etdirmək səyləri yeni dövrdə də davam edəcək. ABŞ Hindistanın Çinə qarşı əvəzsiz dəstəkçisi, mühüm iqtisadi tərəfdaşlarından biri, kritik texnologiyalarının təminatçısı və hind diasporunun nüfuzlu, zəngin seqmentinin əsasıdır. Rusiya Hindistan üçün həyati silah təminatçısı, nüvə enerjisində mühüm tərəfdaş və Hindistanın strateji muxtariyyətinin həyat qabiliyyətini qorumaqda ABŞ-nin əvəzedilməz əks çəkisi olaraq qalır.

- Xarici siyasətdə kritik problem

Hindistanın qarşıdakı illərdə kritik xarici siyasət problemi Rusiya-Çin oxunu idarə etmək olacaq. Hindistanın Rusiya hərbi texnikasından asılılığını nəzərə alsaq, yaxın Çin və Rusiya əlaqələri bu əməliyyatların şərtlərinə təsir göstərə bilər. Bu yaxın əlaqə Hindistanın qabaqcıl texnologiyalara çıxışını potensial olaraq məhdudlaşdıra və ya hərbi dəstək balansını dəyişdirə bilər.

Rusiya enerji ixracı üçün Çinə üz tutduqca, Hindistan Rusiya nefti və təbii qazı ilə artan rəqabətlə üzləşə bilər. Gücləndirilmiş Çin və Rusiya iqtisadi əməkdaşlığı Hindistanı regional infrastruktur layihələrində və ticarət yollarından kənara qoya bilər. Qlobal səhnədə Çin və Rusiyanın sıx əməkdaşlığı Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRICS kimi regional forumlarda təsirini azalda bilər. Hindistanın zahirən çoxqütblü dünyanı idarə etmək qabiliyyəti bu yenidən qurulma nəticəsində sınaqdan keçiriləcək. Bu, Hindistanın milli maraqlarını qoruyarkən, böyük güclər arasında tarazlığı qorumaq üçün xarici siyasətinin diqqətlə yenidən tənzimlənməsini tələb edəcək.

Hindistan nəzəri cəhətdən xarici siyasətdə mötədilliyi qorumağa çalışan bir ölkədir. Qərblə Rusiya arasında, İsraillə ərəb dünyası arasında, bir sözlə, sistemdəki güc qütbləri arasında orta yol tutmağa çalışan bir ölkədir. Ancaq Hindistan həm də praktikada birindən digərinə qarşı istifadə etməyə çalışan bir ölkədir. Hindistan Çin və Rusiya oxunu ABŞ və Qərblə, ABŞ-ni Rusiya ilə, Pakistan və Türkiyəni isə Yunanıstan, Ermənistan, İsrail, hətta Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı ilə balanslaşdırmaq istəyən bir ölkədir.

Daha çox digər ölkələrin təcrübələrini də bu şəkildə qəbul edən Hindistan ənənəvi rəqibləri Pakistan və Çinə diqqət yetirərək, Çin-Rusiya, Çin-Pakistan, Pakistan-İran, Pakistan-Türkiyə kimi potensial təcrübələrlə manevrlər inkişaf etdirir.

Azərbaycan və Türkiyə Hindistanın xarici siyasətində hansı mövqedədir?

Məsələn, Cənubi Qafqazda Ermənistanla, Aralıq dənizində Yunanıstanla strateji yaxınlıq yaratmaq istəyini açıq şəkildə ifadə edən Hindistan Hindistan-Ermənistan-İran və Hindistan-Ermənistan-Yunanıstan-Fransa formatlarında ikitərəfli və çoxtərəfli razılaşmalarda əməkdaşlıq edərək, türk hegemonluğu ilə üzləşəcək bir bölgədə strateji hesablamalar aparır. 2021-ci ilin martında Hindistanın İrandakı səfiri Qəddam Dharmendra Hindistanın İranın Çabahar limanı və Ermənistan vasitəsilə Hind okeanını Avropa və Rusiyaya birləşdirərək, Cənub-Şimal Nəqliyyat Dəhlizinin yaradılması niyyətini açıqladı.

Hindistanın geostrateji ambisiyasının arxasında duran əsas geosiyasi məqsəd rəqibi Pakistandan və bununla da Pakistan-Azərbaycan-Türkiyə oxundan yan keçməkdir. Nəhayət, Türkiyə-Hindistan münasibətləri üçün səmimi bir təklif olaraq bunları söyləmək yerinə düşər. Hindistan Türkiyənin regionun geosiyasətinə rəhbərlik etdiyini nəzərə alaraq, Türkiyə ilə münasibətlərində strategiya hazırlamalıdır. Üstəlik, Hindistan Türkiyənin Pakistanla və ya problemi olan hər hansı bir aktorla qarşılıqlı əlaqələrini “fərdiləşdirmə” vərdişindən əl çəkməlidir.

Bu yanlış oxunuşla Hindistan xüsusilə Ermənistan və Yunanıstan münasibətlərində əksini tapdığı kimi, Türkiyənin təsirini qırmaq üçün qisasa-qisas yanaşmasından əl çəkməlidir. Hindistan Bakı və Ankaranın addımlarına qarşı əks addımlar atmaq üçün əbəs cəhdlərdən əl çəkməli və ikitərəfli münasibətlər üçün daha məhsuldar ola biləcək sahələrdə əməkdaşlıq üçün çalışmalıdır. Beləliklə, Hindistan-Türkiyə əlaqələrindəki potensialının altında qalan maneə aradan qaldırılacaq və lazımi siyasi etimad çiçəklənəcək. Bu baş verərsə, Hindistan regionda daha möhkəm “qazan-qazan” münasibətləri yarada bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Ermənistan   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin