Rusiyanın nə qədər S-400 sistemi qalıb?

2024/05/1716803482.jpg
Oxunub: 498     13:37     27 May 2024    
Təkmil xüsusiyyətlərinə baxmayaraq, S-400-ün Ukraynada müdafiəsiz qaldığı görünür. Rusiya inteqrasiya olunmuş Hava Hücumundan Müdafiə (HHM) imkanlarını gücləndirmək üçün S-400 “yer-hava” raket sisteminə böyük sərmayə qoyur.

Hazırkı say Kreml tərəfindən dəqiq göstərilməsə də, mövcud məlumatlar Rusiyanın 2020-ci illərin əvvəllərinə qədər təxminən 16-18 divizion və ya 56 tam S-400 sisteminə malik olduğunu göstərir. Lakin Rusiya Ukrayna ilə davam edən münaqişədə bu dəyərli sistemlərdə xeyli itki verib. Bu, hazırda neçə ədədinin fəaliyyət göstərdiyini müəyyən etməyi çətinləşdirir.

İnventar və tərkib

S-400 2007-ci ildə köhnə S-300 sistemlərini əvəz edərək, Rusiyada xidmətə daxil olub. Rusiyanın TASS dövlət xəbər agentliyinin məlumatına görə, 2015-ci ilin sonunda Rusiyanın S-400-lərlə silahlanmış 11 raket alayı var idi və 2016-cı ilin sonuna qədər bu sayın 16-ya çatdırılması planlaşdırılırdı.

Dövlət qəzeti “Pravda” yazır ki, normal S-400 divizionu 32 raket və 8 buraxılış qurğusundan ibarətdir və təxminən 200 milyon dollara başa gəlir. Hər bir buraxılış qurğusu 40-400 kilometr mənzilə sahib olan müxtəlif növ raketləri daşıya bilər və yük maşınına quraşdırılmış radarlar, mobil komanda mərkəzi və çoxsaylı buraxılış platformalarından ibarətdir.

Ukrayna müharibəsində itkilər

Təkmil imkanlarına baxmayaraq, S-400 Ukraynada zəif olduğunu sübut etdi. Böyük Britaniya kəşfiyyatının məlumatına görə, Ukrayna 2023-cü ilin oktyabr ayının sonunda 3-ü Luqansk vilayətində olmaqla, Rusiyanın ən azı 4 uzun mənzilli S-400 sistemini məhv etmiş ola bilər. Bu itkilər Rusiyanın qalan HHM-ini gərginləşdirə və sistemlər yenidən yerləşdirildikcə digər əməliyyat bölgələrində əhatə dairəsini zəiflədə bilər.

Təsdiqlənmiş itkilərdən başqa, digər S-400 sistemlərinin Ukrayna tərəfindən zədələndiyi və ya məhv edildiyi barədə məlumatlar var. 2023-cü ilin sentyabrında Ukrayna Krımda modifikasiya edilmiş “Neptun” gəmi əleyhinə raketlərindən istifadə edərək, 2 S-400-ü vurduğunu iddia edib. 1 S-400-ün də həmin ay Rusiya daxilində bir Pilotsuz Uçuş Aparatı (PUA) hücumu nəticəsində zədələndiyi bildirilib. Digər uğurlu Ukrayna hücumlarında ABŞ Ordusunun Taktiki Raket Sistemi (ATACMS) kimi Qərb tərəfindən tədarük edilən dəqiq uzun mənzilli silahlardan istifadə edildiyi görünüb.

Strateji əhəmiyyət

Bu itkilər Rusiyanın “aparıcı” HHM sistemi üçün əhəmiyyətli uğursuzluqdur. Hərbi ekspertlər daha əvvəl bildirmişdilər ki, bu sistemlərin məhv edilməsi Rusiyanın inteqrasiya olunmuş HHM şəbəkəsində Ukraynanın istifadə edə biləcəyi boşluqlar açıb. S-400 ilkin olaraq Ukraynada yaxşı performans göstərsə də, onun son zəiflikləri Qərb orduları üçün sistemə qarşı mübarizə yolları ilə bağlı potensial dərs ola bilər.

Sistem xüsusilə Qara dənizin qərb sahili kimi əsas ərazilərin hava məkanına nəzarət etmək üçün yerləşdirildiyi Krım kimi bölgələrdə Rusiyanın müdafiə strategiyasının mühüm komponenti olub. S-400 NATO müdafiə sistemləri ilə qarşılıqlı fəaliyyət və mümkün sanksiyalar mövzusundakı narahatlıqlar səbəbindən ABŞ və NATO-nun müqavimətinə baxmayaraq, Çin və Türkiyə də daxil olmaqla, bir çox ölkəyə ixrac edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin