The Economist: Partlayıcı maddələrin çatışmazlığı Aİ-nin Ukraynaya yardımını çətinləşdirir

2024/05/1716787078.jpg
Oxunub: 268     07:23     27 May 2024    
Avropa İttifaqında (Aİ) partlayıcı maddələrin çatışmazlığı Ukraynanın ehtiyacları üçün silah istehsalını ləngidir.

Ordu.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı müsahibə götürdüyü ekspertlərə istinadən bildirib.

Nəşrin məlumatına görə, soyuq müharibə başa çatdıqdan sonra Avropanın bir çox partlayıcı istehsalçıları tələbatın kəskin azalması səbəbindən ya istehsalını əhəmiyyətli dərəcədə azaltmağa, ya da zavodlarını tamamilə bağlamağa məcbur olub. Misal üçün, Böyük Britaniya son partlayıcı istehsalı zavodunu 2008-ci ildə bağlayıb. Başqa ölkələrdə bir çox dövlət müəssisəsi ya özəlləşdirilib, ya da işi dayandırılıb. Hazırda Aİ-də sonuncu böyük trotil istehsalı zavodu Polşanın şimalında yerləşir.

Dərgi qeyd edib ki, hazırda yalnız bir neçə şirkət artilleriya barıtı və raketlər üçün NATO standartlarına cavab verən yüksəkenerjili materiallar ərsəyə gətirir. Onlardan biri Norveçin paytaxtı Oslodan 45 km cənubda “Chemring Nobel” şirkətinin ixtisaslaşmış zavodudur. Başqa bir belə şirkət İsveçin Karlskuqa şəhərində müəssisəsi olan Fransanın “Eurenco” şirkətidir.

Nəşr vurğulayıb ki, müxtəlif müdafiə şirkətləri Aİ-dən verilən subsidiyaları nəzərə alaraq bu istiqamətdə istehsal potensialının genişləndirilməsinə sərmayə qoysalar da, sıfırdan bir zavod tikmək üç ildən yeddi ilədək çəkə bilər. Jurnal nümunə kimi Almaniyanın “Rheinmetall” konserni tərəfindən Macarıstanda tikilən və yalnız 2027-ci ildə fəaliyyətə başlayacaq partlayıcı maddələr istehsalı kompleksinə diqqət çəkib.

Analitiklərin fikrincə, Aİ-nin təhlükəsizlik və ətraf mühit qaydaları da istehsal gücünün genişlənməsinə əngəl ola bilər. Digər problem ixtisaslı kadr çatışmazlığıdır. Bundan başqa, kritik xammalın, o cümlədən istehsal məqsədləri üçün lazım olan nitroselülozun tədarükü risk altındadır.

Nəşrə görə, bu çətinliklər fonunda bəzi sursat tədarükçüləri xaricdə, o cümlədən Hindistan və Yaponiyada partlayıcı maddələr axtarırlar. Eyni zamanda, orada hazırlanan maddələrin keyfiyyətinin aşağı olması səbəbindən hərbi texnikaya və silahlara zərər verə biləcəyindən ehtiyat edirlər.

Xatırladaq ki, daha əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq Avropanın Ukraynaya vəd etdiyi bir milyon artilleriya mərmisindən “əsər-əlamət görmədiyini” bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aİ.Ukrayna  


Bizi "telegram"da izləyin