Sahib Alıyev: "Lukaşenkonun Azərbaycan Prezidentini Qafqazın lideri adlandırması reallığın təsbiti idi"

2024/05/66507-1716550630.jpg
Oxunub: 164     15:24     24 May 2024    
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidentini Qafqazın lideri adlandırması reallığın təsbiti idi.

Ordu.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Deputat deyib ki, Ermənistanın 2020-ci ildə təslimçilik aktı imzalamasından cəmisi bir həftə sonra Xudafərinə baş çəkən Azərbaycan Prezidentinin işğaldan azad edilən Arazboyu torpaqları qonşu İranla dostluq sərhədi adlandırdığı yəqin ki, unudulmayıb: “Tehrandakı səfirliyimizə qarşı terror aktından sonra iki qonşu ölkənin rəhbərlərinin mayın 19-da sərhəddə bir araya gələrək Xudafərin”lə “Qız Qalası” hidroqovşaqlarının açılışını etmələrini əlaqələrdə yeni mərhələyə start verildiyinin və dövlətimizin başçısının o zaman dediklərinin reallığa çevrilməsi yönündə mühüm addım atılmasının əlaməti kimi qiymətləndirirəm. Burada ondan da məsələ isə tərəflərin Şimal-Cənub Nəqliyyat Dəhlizini Prezident İlham Əliyevin təbirincə desək, dünyanın ən önəmli nəqliyyat damarına çevirmək niyyətləridir ki, İrandan keçməklə Naxçıvana çəkilən yeni kommunikasiya xətləri də onun bir parçası olacaq. Yəni hələ 2016-cı ildə İranla Araz üzərində hidroqovşaq və elektrik stansiyalarının tikintisi haqda hökumətlərarası saziş imzalanarkən Prezident İlham Əliyev işğal altındakı torpaqlarımızın azad ediləcəyinə tam əmin idi”.

Sahib Alıyev qeyd edib ki, ötən həftə ölkəmizdə dövlət səfərində olan Belarus Prezidenti Lukaşenkonun açıqlamasından da görünür ki, hələ ikinci Qarabağ savaşından bir neçə il əvvəl Prezident İlham Əliyev növbəti seçkini deyil, millətin gələcəyini düşünən əsl Dövlət Böyüyü olaraq nəinki torpaqlarımızın savaş yoluyla azad edilməsinin, eyni zamanda orada aparılacaq quruculuq işlərinin plan-proqramını hazırlayırmış: “Yəni Lukaşenko Azərbaycan Prezidentini elə-belə bütün Qafqazın lideri adlandırmadı, bu, sadəcə reallığın təsbiti idi. MDB üzvü olan digər bir ölkənin - Tacikistanın Prezidentinin Azərbaycana dövlət səfəri isə ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə töhfə verməklə yanaşı, rəsmi Bakının dünya güclərinin sıx əməkdaşlığa can atdıqları Mərkəzi Asiya Birliyi ilə bağlı planlarına da təsirsiz ötüşməyəcək. O planın tam reallaşacağı günün uzaqda olmadığını isə ötən il BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA Sammitinin Bakıda keçirilməsi və Mərkəzi Asiyanın 4 ölkəsinin başçısının Azərbaycana səfərlərinin hamısının dövlət səfəri statusu daşımaları haradasa bunun təsdiqi deyilmi? Həm də onun təsdiqi deyilmi ki, KTMT-də Azərbaycanı dəstəkləyən dövlətlərin sayı heç də Ermənistan Baş nazirinin bildirdiyi kimi 2 yox, daha çoxdur. Ancaq Paşinyanın xarizmasını darmadağın etdiyi Qriqorian kilsəsinin əsrlərdir “böyük təsir agenti” rolu oynadığı haqda dediklərini bölüşürəm. Ermənistanın ən böyük düşməni orada təqdim edildiyi kimi Azərbaycanla Türkiyə yox, hay kilsəsi və hay diasporudur ki, qonşu ölkədə bunu dərk edənlərin sayı getdikcə artmaqdadır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Azərbaycan  


Bizi "telegram"da izləyin