Dünyanın ən güclü orduları: Türkiyə dünyada 8-ci, Yaxın Şərqdə 1-cidir! (FOTOLAR)

2024/05/1716453871.jpg
Oxunub: 540     17:24     23 May 2024    
2024-cü il üçün dünyanın ən güclü ordularının siyahısı açıqlanıb. Bir çox ölkəni geridə qoyan Türkiyənin sıralaması siyahıda öz izini qoyub.

Türkiyə Silahlı Qüvvələrinin yüksəlişi hər sahədə davam edir. Hərbi tədqiqatlar üzrə aparıcı beynəlxalq tədqiqat mərkəzlərindən biri olan və ABŞ-də yerləşən “Global Firepower” 2024-cü il üçün qlobal atəş gücü reytinqini açıqlayıb.

Araşdırma Güc İndeksi (PwrIndx) adlı ölçü əsasında dünya üzrə orduların əhatəli sıralamasını təqdim edir. Bu indeks ölkələrin hərbi imkanlarını qiymətləndirərkən, təkcə mövcud hərbi hissələrin miqdarını və onların maliyyə vəziyyətini deyil, həm də maddi-texniki imkanlardan tutmuş coğrafi mövqeyə kimi 60-dan çox müxtəlif amili nəzərə alır.


“PwrIndx” hesablamaları hər bir ölkənin hərbi gücünü daha dəqiq ifadə etmək və qlobal hərbi balansları obyektiv göstərmək üçün nəzərdə tutulub. Bu indeksin tərtib etdiyi sıralama beynəlxalq təhlükəsizlik siyasəti və müdafiə strategiyaları baxımından kritik əhəmiyyət kəsb edir, çünki o, hərbi imkanlar və hazırlıq haqqında anlayışı təmin edir.

“Global Firepower” mərkəzi hərbi qüvvələrin sıralamasını təyin edərkən, kiçik, texnoloji cəhətdən inkişaf etmiş dövlətlərin daha böyük, daha az texnoloji cəhətdən inkişaf etmiş dövlətlərlə rəqabət aparmaq qabiliyyətini nəzərə alaraq, öz unikal meyarlarından istifadə edir. Bu mərkəzin hər il tərtib etdiyi siyahı müxtəlif ölkələrin hərbi qüvvələrinin daha ədalətli və əhatəli şəkildə qiymətləndirilməsi məqsədilə il ərzində aparılan çoxsaylı araşdırmalarla daim təkmilləşdirilir.

Bu yanaşma kiçik, lakin texnoloji cəhətdən inkişaf etmiş ölkələrin sayca üstün, lakin texnoloji cəhətdən geridə qalmış ordularla strateji tarazlığının daha yaxşı başa düşülməsini təmin edir. “Global Firepower”ın ordu gücü reytinq siyahısı dünya üzrə 145 ordunun ətraflı təhlilini təqdim edir. Siyahıda hər bir ölkənin əvvəlki illə müqayisədə reytinqdəki dəyişikliyini göstərən oxlar da var.

Bu oxlar sağ tərəfdə yerləşərək, ölkələrin əvvəlki illə müqayisədə necə irəlilədiyini və ya gerilədiyini aydın şəkildə göstərir. Dünyanın ən güclü ordularının ilk onluğunu təqdim edirik:

10. İtaliya

9. Pakistan

8. Türkiyə

7. Yaponiya

6. Britaniya

5. Cənubi Koreya

4. Hindistan

3. Çin

2. Rusiya

1. ABŞ


Dünyada səkkizinci, Yaxın Şərqdə birinci

“Global Firepower 2024” siyahısında Yaxın Şərqin ən güclü orduları da açıqlanıb. Türkiyə Silahlı Qüvvələri birinci yerdədir. Yaxın Şərqin ilk 10 ölkəsi arasında reytinq aşağıdakı kimidir:

1. Türkiyə
2. İran
3. Misir
4. İsrail
5. Səudiyyə Ərəbistanı
6. İraq
7. BƏƏ
8. Suriya
9. Qətər
10. Küveyt


Türkiyə Silahlı Qüvvələrinin uğuru

Türkiyə son illərdə müdafiə sənayesi sahəsində əldə etdiyi diqqəti çəkən inkişaflarla beynəlxalq arenada özünü təsdiq etmiş bir gücə çevrilib. 2023-cü ilə qədər müdafiə büdcəsini 40 milyard dollara yüksəldən Türkiyə bu investisiyalarla öz təhlükəsizliyini təmin etməklə yanaşı, qlobal müdafiə sənayesində də lider mövqeyə yüksəlib.


“Global Firepower” internet saytındakı məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri aktiv və ehtiyat hərbi qulluqçular da daxil olmaqla, ümumilikdə 883 min 900 şəxsi heyətlə əhatəli və nizam-intizamlı bir quruluşa malikdir. Hava, quru və dəniz qüvvələrinin modernləşdirilməsi layihələri Türkiyənin hərbi potensialını xeyli artırıb.

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) 1069 hərbi hava vasitəsi ilə hava üstünlüyü təmin etmək gücünə sahibdir, başda “Kaan” olmaqla, 5-ci nəsil döyüş təyyarələri ilə bağlı planlar bu gücü daha da gücləndirir. Onu da qeyd edək ki, Türkiyənin regional gücünü zirvəyə çatdıran Pilotsuz Uçuş Aparatı (PUA) və zərbə PUA-sı sistemləri “Global Firepower”ın siyahısında nəzərə alınmayıb.

Müdafiə sənayesindəki innovativ irəliləyişlər arasında Türkiyənin PUA və zərbə PUA-sı texnologiyaları sahəsindəki uğurları xüsusilə əhəmiyyətli yer tutur. Bu sahədəki inkişaflar Türkiyə Silahlı Qüvvələrinə kəşfiyyat məlumatlarının toplanması, hədəfin aşkarlanması və dəqiq zərbə imkanları kimi strateji üstünlüklər verir. Bu insansız sistemlər Türkiyənin müdafiə texnologiyalarında yenilikçi simasını təmsil edir.


Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) strateji mövqeyinin tələb etdiyi yüksək səviyyəli dəniz qabiliyyətini nümayiş etdirir və 16 freqat, 9 korvet, 11 döyüş mina gəmisi, 34 patrul gəmisi, 12 sualtı qayıq, 1 hovuzlu desant gəmisi, müxtəlif sayda patrul gəmiləri və hücum qayıqları ilə çox güclü donanma kimi seçilir.

Quru Qoşunları tərəfində isə inventarında 2231 tank və 55 min 104 zirehli vasitə ilə seçilən Türkiyə regional və qlobal təhlükələrə qarşı quru əməliyyatı qabiliyyətinə malikdir. O, həm də sərhədləri aşan əməliyyat imkanları ilə regional təhlükəsizlikdə əsas rol oynayır. Nəticə etibarilə Türkiyənin müdafiə sənayesində atdığı addımlar texnoloji tərəqqini təmin etməklə yanaşı, milli təhlükəsizlik və regional sabitlik baxımından da kritik əhəmiyyətə malikdir.

Türkiyə Silahlı Qüvvələrinin bu təkmil qabiliyyəti ölkənin müdafiə strategiyasında müqavimət və çəkindirmənin mühüm elementini təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SQ  


Bizi "telegram"da izləyin