Rusiyanın Ukraynadakı yeni hədəfi – Çasov Yarın strateji əhəmiyyəti (ARAŞDIRMA+FOTOLAR)

2024/05/1716452408.jpg
Oxunub: 470     15:58     23 May 2024    
ABŞ böyük müzakirələrdən sonra Ukraynaya yardım paketlərini təsdiqləyərkən, Rusiya Ukraynadakı əməliyyatlarını davam etdirmək üçün növbəti hədəf kimi Çasov Yar şəhərini seçdi.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Donbas bölgəsində münaqişələrin ortasında olan yaşayış məntəqələrindən biri də Çasov Yar şəhəridir. Çasov Yar Avdeyevkanın tutulmasından sonra Moskva administrasiyasının prioritet hədəflərinə çevrildi. Şəhər Baxmutdan təxminən 10 kilometr qərbdə və Avdeyevkadan 50 kilometr şimalda yerləşir.


Ukrayna mətbuatının şəhər ilə bağlı xəbərlərində tez-tez vurğuladığı məlumata görə, Rusiya qüvvələri mayın 9-dan əvvəl şəhəri ələ keçirməyi və Ukraynanın şərqindəki Donbas bölgəsində əhatəli hücumlarını artırmağı planlaşdırırdı. Ukrayna prezidenti Volodomir Zelenski də “NBC News” telekanalına müsahibəsində bildirmişdi ki, Rusiya İkinci Dünya müharibəsində Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsinin qeyd olunduğu 9 mayda Çasov Yarı tutmağa çalışıb. Rusiya şəhəri ələ keçirə bilməsə də, plan bu gün də öz aktuallığını saxlamaqdadır.


Beləliklə, qəsəbənin işğalı həm tarixi simvol olacaq, həm də Donbas vilayətinin işğal prosesini asanlaşdıracaqdı. Rusiya təbliğatı tez-tez ukraynalıları qərbə yaxın olduqları üçün nasist olmaqda ittiham edir.

Rusiya niyə prioritet hədəf kimi Çasov Yar şəhərini seçib?

Çasov Yar şəhəri Ukraynanın məşhur Donbas sənaye bölgəsində yerləşən şəhərdir. Donbas sənaye bölgəsi Sovet İttifaqı yaranandan bəri Rusiyanın ürəyi kimi tanınır. 1870-ci illərə qədər sənaye varlığının olduğu deyilən şəhər coğrafi mövqeyinə görə Rusiya-Ukrayna müharibəsində əsas rol oynayır. Donbas bölgəsində sənayenin, mədənlərin, su ehtiyatlarının və münbit torpaqların əhəmiyyəti hətta SSRİ-nin yaradılması zamanı çap olunmuş plakatlarda da yer alıb.


Şəhər coğrafi cəhətdən regionun ən yüksək nöqtəsində yerləşir. Şəhərin şərqindəki Siverski Donetsk çayı 1950-ci illərdə tikilmiş Donets-Donbas kanalına ev sahibliyi edir. Bu kanal həm Donbas sənaye bölgəsinə, həm də Donbas bölgəsinə həyati əhəmiyyətli şirin su təchizatı aparır. Bundan başqa, kanalın bir hissəsinin şəhərin mərkəzindən keçməsi təbii maneə deməkdir. Bundan əlavə, Ukraynada təbii su səddini hərbi yolla saxlamaq həm də müəyyən bir bölgənin dağılmasının qarşısını almaq deməkdir.


Məsələn, təqvim 2022-ci ilin mayını göstərəndə məlum olur ki, şəhər yaxınlığında baş verən Siverski Donetsk toqquşmalarında çay xəttini tutmağı bacaran ukraynalılar Rusiyanın hərbi planlarını tamamilə dəyişməyə məcbur ediblər. Bu səbəbdən Avdeyevka, Soledar, Baxmut şəhərləri və ətraf kəndlərin rus qüvvələri tərəfindən tutulmasından sonra Moskvanın xeyli sayda hərbi qulluqçunu ora köçürdüyü bildirilir.

Çasov Yar 10 ildir müharibə şəraitində olan şəhər kimi tanınır

2014-cü ildə başlayan münaqişə zamanı Çasov Yar mühüm hərbi cəmləşmə mərkəzinə çevrildi və eyni zamanda bölgədəki münaqişələr səbəbindən Ukrayna ordusu üçün həyati əhəmiyyət kəsb edən hərbi xəstəxanaya ev sahibliyi etdi. Bundan əlavə, burada Ukrayna ordusunun Birgə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı öz qərargahını yaradıb.


Təbii ki, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hücumları başlayanda rus artilleriyası Çasov Yar qəsəbəsini hədəfə aldı. Şəhərin qatar stansiyası 2022-ci il iyulun 9-da raket hücumları nəticəsində dağıdılıb. Gün ərzində raket hücumlarında 48 nəfər ölüb. 2023-cü ilin yanvarına qədər Soledar və Klisciyivkanın süqutundan sonra Çasov Yar Ukrayna qoşunlarının mühasirəyə alınmış ərazilərə girib çıxa biləcəyi yeganə nöqtə oldu. Təxminən 10 aya yaxın davam edən qanlı Baxmut toqquşmaları boyu Ukrayna müdafiəsinin cəmləşmə yeri kimi yadda qalmağa davam etdi.


Həmin ilin may ayında Rusiyanın həyata keçirdiyi hücumlar Ukrayna qüvvələri tərəfindən dəf edilərkən, “Agance France-Presse”də işləyən fransız müharibə müxbiri Arman Soldin raket hücumu zamanı həlak olub. Ruslar Baxmutu ələ keçirdikdən sonra Çasov Yar şəhəri cəmləşmə yeri olmaqla yanaşı, möhkəmləndirilmiş irəli artilleriya bazasına çevrildi. Ukrayna qüvvələrinin Baxmuta cinahlardan etdiyi bütün hücumlarda Ukrayna artilleriyası mərmiləri bu şəhərdən atdı.


2024-cü ilin ilk günlərindən Rusiya Çasov Yar ətrafında qurudan hücumlar həyata keçirir. Beləliklə, şəhər düz 10 ildir ki, müharibə aparır. Məlumata görə, Ukrayna şəhərə nəzarət edir, lakin bölgədən gələn xəbərlərə və hesabatlara görə, bu vəziyyət günü-gündən çətinləşir. Qərb və Ukrayna mənbələrinin məlumatına görə, Rusiya Çasov Yar üzərinə hərtərəfli hücuma keçəcək.

Ukraynada aylardır davam edən sursat çatışmazlığının ABŞ-dən alınan 61 milyard dollarlıq yardım paketindən sonra sona çatacağı gözlənilir. Bununla belə, Qərbdə yerləşən tədqiqat institutlarının fikrincə, ABŞ-nin hərtərəfli yardımı ölkəyə çatana qədər Rusiya Donbas regionunda öz təsirini artırmağa çalışacaq. Ukrayna ordusu xüsusilə artilleriya sursatlarında böyük çətinliklər yaşayarkən, Rusiyanın Ukraynadan 10 dəfə çox artilleriya mərmisi atdığı məlumdur. Bundan əlavə, Rusiyanın hazırda Qərb ölkələrindən daha sürətli sursat istehsal etdiyi və istehsal gücünü günü-gündən artırdığı xəbərlərdə tez-tez xatırlanır.


Lakin Ukrayna cəbhə xəttində artilleriya mərmiləri çatışmazlığından əlavə, istehkamların tikintisinin ləngiməsi və ümumi səfərbərliyin gecikməsi səbəbindən canlı qüvvə çatışmazlığından da əziyyət çəkir. Bu, ruslara hücum üçün vaxt verən mühüm amildir.


Ali Baş Komandan Aleksandr Sırski aprelin 13-də bildirib ki, quru hava şəraiti Rusiyanın şərq cəbhəsinə zirehli hücumlarına imkan verdiyi üçün son günlər cəbhə xəttində vəziyyət xeyli pisləşib. Sırskinin sözlərinə görə, son hücumlar əsasən Baxmut, Liman və Pokrovskda olub. Hücumlar Rusiyanın işğalı altında olan Avdeyevka yaxınlığındakı Donetsk vilayətinin mərkəzi nöqtəsindən şimal hissəsinə qədər yayılıb.

Nə üçün general Sırski Rusiya hücumlarının artmasının səbəblərindən biri kimi quru havanı göstərir?

Məlumdur ki, Ukraynada Rusiya qoşunlarının qarşısını alan ən mühüm təbii maneələrdən biri palçıqlı ərazidir. Qışdan sonra yaz aylarında yağan yağışlar Ukrayna torpağını yumşaldır. Bu yumşaq torpaq manevr etməyə çalışan qoşunları demək olar hərəkətsiz edir. Əslində İkinci Dünya müharibəsi illərində Sovet İttifaqına hücum edən almanlar Ukrayna ərazisində “General Palçığ”a qarşı da döyüşmək məcburiyyətində qalmışdılar.


Ona görə də qış mövsümündən sonra yağıntının gözlənilən səviyyədə olmaması və havanın gözləniləndən daha quraq keçməsi Ukrayna torpağını kifayət qədər yumşaltmır. Bu vəziyyət ruslara yayı gözləmədən qurudan hücuma keçmək imkanı verir.

Hücumla bağlı qərbli və ukraynalı ekspertlər arasında fikir ayrılıqları da var

Qərbli və ukraynalı ekspertlər Rusiyanın hücumunun yaxınlaşması ilə razılaşsalar da, Rusiyanın konkret bir sahəyə fokuslanacağı, yoxsa bir neçə nöqtəyə hücum edərək, daha geniş cəbhəyə təzyiq göstərəcəyi ilə bağlı fikir ayrılığı yaşayırlar. Ukraynalıların fikrincə, regionda təzyiq olsa da, hələ ki, Rusiyanın koordinasiyalı hücumu yoxdur. Qərb ekspertləri isə mart ayından etibarən Avdeyevka bölgəsində fəaliyyətlərin azalmasını Moskvanın bütün gücü ilə Çasov Yar üzərinə hücuma keçəcəyinə işarə kimi qiymətləndirirlər.


Şəhərə hücumla yanaşı, Avdeyevka-Pokrovsk oxuna hücumun başlayacağını, əlavə olaraq Rusiyanın Xarkov və Sumı vilayətlərində təxribatçı hücumlara keçəcəyini iddia edənlər də var. “Kiev 24” telekanalının xəbərinə görə, bu fikri dörd çeçen taborunun Sumı vilayətindən 150 kilometr şimal-şərqdə (Rusiya sərhədləri daxilində) toplaşmağa başlaması dəstəkləyir.


Bununla belə, Britaniya kəşfiyyatının məlumatına görə, rus qoşunları Avdeyevkanın qərbində irəliləyişlərini davam etdirəcəklər. Aprelin 26-da Böyük Britaniya Müdafiə Nazirliyinin gündəlik bülletenində vurğulanan bu ideya Rusiya qüvvələrinin Avdeyevkanın mərkəzindən 15 kilometr şimalda yerləşən Oçeretino kəndinə daxil olmaq üçün irəliləməsinə əsaslanırdı. Britaniya kəşfiyyatının məlumatına görə, bu bölgə 2024-cü ilin fevral ayından etibarən rus qoşunları Avdeyevkaya nəzarəti ələ keçirdikdən sonra Rusiya əməliyyatları üçün əsas bölgə kimi mühüm olaraq qalır.


Ukraynanın Xortisa Qüvvələr Qrupunun sözçüsü, polkovnik-leytenant Nazar Voloşin “Politico”ya verdiyi, aprelin 16-da dərc olunan açıqlamada bildirib ki, Rusiya qüvvələri mühasirədə olan Çasov Yarı ələ keçirsə, bu, onlara Donbas vilayətinin digər şəhərlərinə hücumlar təşkil etməyə imkan verəcək. Voloşinin fikrincə, Çasov Yarın süqutu Ukraynanın “Donetsk vilayətində son dayaq məntəqələri” kimi tanınan Kostiantinivka, Drujkivka, Kramatorsk və Slovyansk şəhərlərini ciddi təhlükə altına salacaq. Beləliklə, 10 ildir Ukrayna ordusunun Donbas bölgəsində cəmləşmə və artilleriya dəstəyi şəhəri olan Çasov Yar Rusiya üçün də eyni məqsədlə istifadə olunacaq.


Polkovnik-leytenant Voloşin aprelin 22-də milli televiziyada verdiyi açıqlamada təxminən 20-25 min Rusiya hərbi qulluqçusunun Çasov Yar və ətraf yaşayış məntəqələrinə hücum etməyə çalışdığını bildirib. Voloşinin sözlərinə görə, rusların 98-ci qvardiya hava desant diviziyasının 217-ci qvardiya hava desant alayı Çasov Yar yaxınlığındakı ərazidə yerləşir. Ukrayna tərəfində 92-ci Mexanikləşdirilmiş Piyada Briqadası şəhəri qorumaq üçün döyüşür.

Polkovnik-leytenant bəyan edib ki, rus qoşunları daim Ukrayna mövqelərinə hücum edib, lakin onlar dayana bilməyib və geri çəkiliblər. O, sözlərinin davamında qeyd edib: “Çasov Yar bizimdir. Şəhər ətrafında vəziyyət ağırdır, lakin şəhər tamamilə müdafiə qüvvələrimizin nəzarəti altındadır. Şəhərdə rus ordusu yoxdur”.

Rusiya qüvvələri Çasov Yar ətrafında təzyiqləri artırmağa davam edir

Şəhərlə bağlı Ukrayna və Qərb xəbərləri cəbhənin vəziyyəti barədə məlumatlarla dolu olduğu halda, Rusiya xəbər mənbələri daim yaşayış məntəqələrinin tutulmasına dair xəbərlər təqdim edirdi. Məsələn, aprelin 22-də Rusiya qüvvələrinin Çasov Yardan 3 kilometr şimal-şərqdə yerləşən Boqdanivka kəndi ətrafında bir torpaq sahəsi ələ keçirə biləcəyi məlumatı paylaşılıb. Lakin Moskvanın bu kəndin aprelin 21-də tutulması ilə bağlı iddiaları təsdiqini tapmayıb.


Eyni zamanda, Ukraynanın regional miqyasda yayımlanan xəbər saytları ukraynalı zabitlərə istinad etdiyi məlumatlara görə rus qoşunlarının Çasov Yar istiqamətində irəliləyiş əldə etdiyini paylaşıb. Xəbər saytlarının məlumatına görə, Çasov Yarın şərqində, İvanivske kəndinin kənarında şiddətli toqquşmalar gedir.

Rusiya Çasov Yara necə hücum edə bilər?

Əgər Rusiya qoşunlarına şəhərə hücum əmri verilsə, əvvəllər Avdeyevka və Baxmut şəhərlərində olduğu kimi, şəhərin şimal və cənubunda açıq əraziləri və kiçik yaşayış məntəqələrini tutmağa çalışacaqlar. Yeri gəlmişkən, baş verən qarşıdurmalarda bunun bir nümunəsi yaşanıb. Ruslar Çasov Yarın şimal-şərqindəki Boqdanivkada, cənub-şərqindəki İvanovskoye, Kleçeyevka və Şumovda, cənubundakı Yujni, Nyu-York və Aleksandropolda toqquşmalara daxil oldular.


Ruslar 2 il əvvəl böyük itkilərlə geri çəkildikləri çay və kanal xəttini ələ keçirmək üçün hər şeyə risk edə bilərlər. Daha sonra Avdeyevka və Baxmut nümunələrində olduğu kimi, itkilərə fikir vermədən şəhərin şimalından və cənubundan irəliləyərək, şəhəri mühasirəyə almaq istəyəcəklər. Bu prosesdə Rusiya döyüş təyyarələri, artilleriya və raket batareyaları Ukraynanın müdafiə məqsədilə istifadə edə biləcəyi hər şeyi məhv etməyə cəhd edə bilər. Yenə də kanal rus qoşunları üçün ən mühüm maneə kimi qiymətləndirilir. Çünki süni kanal, belə demək mümkündürsə, beton istehkamdır. Həm onu almaq istəyənlər, həm də müdafiə etməyə çalışanlar üçün çox çətin ərazidir.


Bu da bir həqiqətdir ki, Ukraynanın şərqinə, xüsusilə Donbas bölgəsinə diqqət yetirərək, yeni planlar hazırlayan Rusiya səfərbərlik baxımından Ukraynadan daha uğurlu oldu. Beləliklə, qızğın qarşıdurmalara başlayanda Çasov Yara Ukraynadan daha çox hazır qoşun göndərə və bölgədə döyüşən istənilən qoşunu geri çəkə biləcək. Ukrayna isə səfərbərlik problemi ilə yanaşı, sursat çatışmazlığı səbəbindən çətin günlər yaşayacaq.

Ümumilikdə səfərbərlik qabiliyyəti ilə tanınan Rusiya ordusu Ukrayna artilleriya bölmələrinin, eləcə də tırtıllı və ya taktiki təkərli vasitələrin zərbələrindən yayınmaq üçün motosikletli hücum bölmələri təşkil edir. Çünki iki illik müharibə zamanı Ukraynanın açıq düzlərində rus qoşunlarının hücum karvanları tez-tez Ukrayna artilleriyası tərəfindən məhv edildi. Rusiya ordusu ümumiyyətlə bu tip birliklərdən kəşfiyyat və basqın məqsədləri üçün istifadə edir.


Bununla belə, hərtərəfli hücum zamanı motosikletli qoşunların zirehli qoşunların dəstəklədiyi piyadalarla əvəzlənəcəyi dəqiqdir. Onların arxasında hələlik sursat çatışmazlığı olmayan Rusiya artilleriya bölmələri dayanır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Çasov  


Bizi "telegram"da izləyin