Cənubi Afrika ölkədə asayişi hərbçilərin köməyi ilə qorumağa davam edəcək

2024/05/272a4-1716394571.jpg
Oxunub: 195     19:56     22 May 2024    
Cənubi Afrika Respublikası ölkədə asayişi qorumaq üçün ordudan istifadə etməklə bağlı əməliyyatın vaxtını uzadıb.

Ordu.az EWN radiostansiyasına istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikası Prezidenti Siril Ramafosa milli parlamentə məlumat verib.

Dövlət başçısı qanunun və asayişin qorunması üçün 2023-cü ilin payızında başladılan və bütün ölkə üzrə 2,5 min hərbçinin cəlb olunduğu “Prosper” əməliyyatının təqribən bir il müddətinə - 2025-ci ilin mart ayının sonuna qədər uzadıldığını elan edib. Üstəlik, əməliyyatda iştirak edən hərbçilərin sayının 3,2 min nəfərə çatdırılacağı gözlənilir.

Qeyd edək ki, hərbi bölmələr ölkənin kritik infrastrukturunu, o cümlədən elektrik stansiyalarını qoruyurlar.

Əlavə edək ki, Cənubi Afrika Respublikasında mayın 29-da ümumxalq seçkiləri keçiriləcək. Ölkədə səsvermə zamanı iğtişaşların qarşısını almaq üçün nazirliklərarası Ədliyyə, Cinayətkarlığın Qarşısının Alınması və Təhlükəsizlik Mərkəzi yaradılıb. Buraya Müdafiə Nazirliyinin rəhbərliyi də daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Afrika   Hərbçilər  


Bizi "telegram"da izləyin