ULAQ KAMA Türkiyə HDQ-nin Vurucu Gücünü Artırmaq Üçün Sırada – FOTOLAR (VİDEO)

2024/05/vs240-1716277615.jpg
Oxunub: 549     16:30     27 May 2024    
Bu yaxınlarda Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilən platforma və sistemlər HDQ-nin logistikasını və vurucu gücünü əhəmiyyətli dərəcədə artırıb.

İndi sırada “METEKSAN Savunma” və “Ares” Gəmiqayırma Zavodunun birgə hazırladığı “Sərf Edilə Bilən İnsansız Dəniz Platforması” “Ulaq Kama” var. Ona “kamikadze tipli Silahlı İnsansız Dəniz Platforması (SİDP)” da deyirlər.


İlk dəfə IDEF 2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş olunan və model kimi təqdim edilən “Ulaq Kama”nın inkişaf etdirmə və istehsal fəaliyyəti davam edir. “Ares” Gəmiqayırma Zavodunun insansız sistemlər üzrə meneceri Onur Yıldırım bu platformanı “Ulaq” ailəsinin ən kiçik, ən yeni və ən aqressiv üzvü” kimi təsvir edir.


Yıldırım KİV-lərə açıqlamasında “Kama”nın uzunluğunun 6,37, eninin isə 1,2 metr olduğunu bildirib. Platformanın su səviyyəsindən hündürlüyü təxminən 60 santimetrdir ki, bu da “Kama”nın düşmən elementləri tərəfindən görünməsini çox çətinləşdirir.

“Ulaq Kama” ortalama 50 düyün kreyser sürətinə sahib olacaq və təxminən 200 kiloqram faydalı yük daşıya biləcək. Platformaya həssas olmayan partlayıcı maddələr yükləndiyi üçün kənardan vurularaq, nəzarətsiz şəkildə məhv edilməsi mümkün olmayacaq.


“Ulaq Kama” sərf edilə bilən qayıq olmaqla yanaşı, lazım gəldikdə aşkarlama, müşahidə və kəşfiyyat məqsədləri üçün də istifadə edilə bilər. Dəniz görüntüsü platforma üzərində yerləşən stabilləşdirilmiş sensorlardan dərhal idarəetmə mərkəzinə ötürüləcək. Bu da istifadəçinin dənizlərdəki vəziyyətlə bağlı məlumatlılığını artıracaq.

“Ulaq Kama” peyk idarəetmə sistemi sayəsində üfüqdən kənar ərazilərdə fəaliyyət göstərə biləcək. Platforma uzaqdan idarəetmə, yarımavtonom və tam avtonom rejimlərində missiya yerinə yetirə biləcək. Kəşfiyyat və müşahidə məqsədləri üçün platformada 3 sabit və 1 stabilləşdirilmiş kamera sistemi var.


Bu kameralar sayəsində 360 dərəcə ətraf mühitə nəzarət mümkün olacaq və situasiya məlumatlılığına töhfə veriləcək. “Ulaq Kama”nın arxa hissəsində yerləşən GNSS sistemi sayəsində platforma “Jammer” olan ərazilərdə də öz marşrutunu tapa, istiqamətini təyin edə və hədəfi nişan ala biləcək.

Platformada dayaz sularda da missiya yerinə yetirməyə imkan verəcək “inboard” hərəkət sistemindən istifadə edilib.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ULAQ-KAMA   Türkiyə   HDQ  


Bizi "telegram"da izləyin