“Mavi Vətən”də yeni səhifə: KALKAN PUA-sı

2024/05/bayka-1716277310.jpg
Oxunub: 1122     11:30     11 İyul 2024    
Adını tez-tez eşitdiyimiz, lakin heç vaxt görmədiyimiz “Kalkan” Pilotsuz Uçuş Aparatı (PUA) 30-cu sınaq uçuşundan sonra ilk dəfə yeni dizaynı ilə ortaya çıxdı... Dünyada sürətlə inkişaf edən bu konsepsiyada “Mən də varam” deyən Türkiyə şaquli enmə-qalxma icra edə bilən və fərqli missiyaları üzərinə götürə bilən bu sistemdən “Mavi Vətən” (Türkiyədəki dənizlər-red.) başda olmaqla, bir çox sahədə olduqca təsirli şəkildə istifadə edə bilər.

Uçuş-enmə zolağına ehtiyac olmadan şaquli enmə-qalxma icra edə bilən platformalar son vaxtlar çox populyarlaşıb. PUA sahəsində brendə çevrilən Türkiyə bu sahədə də dəyərli işlər görür. Bu məhsullardan biri də “Baykar” imzalı “Kalkan” PUA-sıdır. Müdafiə və dəniz araşdırmaçısı Kozan Selçuk Erkan layihənin təfərrüatları, xüsusən də sözügedən platformanın harada istifadə oluna biləcəyi və sahəyə hansı təsirləri göstərəcəyi barədə danışıb.

Uçuş-enmə zolağına ehtiyac duymur

Erkan ilk olaraq “Kalkan” PUA-sı haqqında ümumi bir çərçivə çəkir və “pilotsuz fırlanan qanadlı platformaların fiziki məhdudiyyətlərindən asılı olmayaraq şaquli enmə-qalxma icra edə bilən hava vasitəsi” tərifindən istifadə edir. Uçuş-enmə zolağına ehtiyac duymadan öz en və hündürlüklərindən bir qədər böyük olan ərazilərdən enmə-qaxlma icra edə bilən bu PUA-ların harada istifadə oluna biləcəyi sualının cavabı isə olduqca genişdir... Polis, Sahil Mühafizəsi, Meşə Nazirliyi, sərhədlər, dəniz platformaları və digər təhlükəsizlik mənsubları tərəfindən səmərəli şəkildə istifadə ediləcəyi gözlənilir.

Bu səbəbdən Erkan “Kalkan” PUA-sı haqqında belə deyir: “Geniş sahədə istifadə oluna biləcək ucuz və faydalı platformadır”. O, mövcud PUA-larla müqayisədə “Kalkan” PUA-sının həm havada qalma, həm mənzil, həm də üzərinə götürə biləcəyi missiyalar baxımından daha faydalı olacağını vurğulayır.

Erkan qeyd edir: “PUA kimi havaya qalxıb, təyyarə kimi uçacaq. O, şaquli enmə-qalxma üçün elektrik mühərriklərindən istifadə edəcək. Havada uçarkən daha uzun məsafəyə çatmaq üçün öz porşenli mühərrikindən güc alacaq”.

“Dəniz platformaları üçün böyük fayda təmin edir”

Erkan layihənin yerlilik məsələsi üçün ayrıca mötərizə açır... O, “Kalkan” PUA-sındakı bütün kritik sistemlərin yerli olduğunu vurğulayır. Erkan deyir ki, dizayn, istehsal, görüntüləmə sistemləri və mühərriklər yerli olaraq hazırlanıb.

Hava vasitəsi olsa da, “Kalkan” PUA-sının Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) və dolayısıyla “Mavi Vətən”ə nə kimi qazanclar gətirə biləcəyi sualı verilir. Erkan əvvəlcə mövcud vəziyyəti açıqlayır, sonra isə yeni dövrlə bağlı gözləntilərindən bəhs edir:

“Hazırda dəniz platformalarımızda əsasən SH-60 “Seahawk” tipli dəniz helikopterlərini görürük. Biz bu məhdud sayda helikopterdən dəniz axtarış/xilasetmə/kəşfiyyat və müşahidə üçün istifadə edirik. Bundan əlavə, adı çəkilən helikopterlərə sualtı qayıqlara qarşı mübarizə üçün müxtəlif rollar veririk. Bunlardan əlavə, meşə yanğınları zamanı da SH-60 “Seahawk”ların qapısını döyürük. Təbii ki, çox intensiv istifadə var.

HDQ Komandanlığı TCG “Anadolu” başda olmaqla, freqatlar və dəniz patrul gəmiləri ilə parkını gündən-günə genişləndirir. HDQ Komandanlığı bu yeni platformalar üçün “Gökbey” helikopterinin dəniz versiyasını planlaşdırır. Qeyd etdiyimiz helikopterlərin sülh dövründə aşkarlama/müşahidə və kəşfiyyat fəaliyyətlərində istifadə edilməsi planlaşdırılır.

“Kalkan” PUA-sı məhz burada işə düşür. O, az öncə sadaladığımız işlərin çoxunu yerinə yetirə bilən bir vasitə kimi seçilir. Belə sistemlərin qiyməti çox aşağıdır. Verdikləri faydalar kifayət qədər yüksəkdir. Onlar həmçinin qiymətli helikopterlərinizin daha az aşınmasını təmin edirlər”.

“TB-2-ni alan ölkələr “Kalkan” PUA-sını da istəyə bilər”

Erkanın sözlərinə görə, “Kalkan” PUA-sı yalnız dəniz və sahil mühafizəsi üçün nəzərdə tutulmamalıdır... Bu platformalardan sahillərin dəniz çirklənməsinə qarşı nəzarəti, qaçaqmalçılığa qarşı mübarizə, sərhəd təhlükəsizliyi və bir çox başqa növ missiyalar üçün istifadə edilə bilər.

Nəhayət, Erkan “Kalkan” PUA-sının mümkün ixrac potensialı üçün də bir mötərizə açır və deyir: “Bu günlərdə Qərb sistemləri ortaya çıxmağa başladı. Biz də gecikməməliyik. “Kalkan” PUA-sı buna nail ola bilsə, xarici həmkarlarından daha sərfəli xərcləri və keyfiyyəti ilə çox ciddi ixrac həcminə sahib olacaq. TB-2 istifadəçisi olan ölkələr öz inventarlarına “Kalkan” PUA-sını da əlavə etmək istəsələr, sürpriz olmaz”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mavi-Vətən   KALKAN   PUA  


Bizi "telegram"da izləyin