45 illik helikopterin pis hava şəraitində uçması qərarına görə məsuliyyət daşıyan İran hökumətidir - Dövlət Departamenti

2024/01/1706678767.jpg
Oxunub: 321     22:38     20 May 2024    
45 illik helikopterin pis hava şəraitində uçması qərarına görə məsuliyyət daşıyan İran hökumətidir.

Ordu.az-ın verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə İranın sabiq xarici işlər naziri Cavad Zərifin İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı ABŞ-a qarşı ittihamlarını şərh edərkən deyib.

“Birincisi, biz sanksiyalar rejimimizə görə üzr istəmək fikrində deyilik. İran hökuməti öz təyyarələrini terrorizmi dəstəkləmək üçün istifadə edib, ona görə də biz İranın istifadə etdiyi təyyarələrə qarşı sanksiyalar rejimi tətbiq etdik. Biz sanksiyalar rejimimizi tam şəkildə tətbiq etməyə davam edəcəyik. 45 illik helikopterin pis hava şəraitində uçması qərarına görə məsuliyyət daşıyan İran hökumətidir”, - deyə o bildirib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Xatırladaq ki, İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif helikopterin qəzaya uğramasında əsas günahkarlardan birinin ABŞ olduğunu bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq ABŞ İrana təyyarə və hava nəqliyyatı ehtiyat hissələrinin satışına sanksiya tətbiq edib.

"Birləşmiş Ştatlar İran xalqının hava nəqliyyatının yaxşı imkanlarından istifadə olunmasına imkan vermir. Bu isə ABŞ-nin İran əleyhinə cinayətləri siyahısında qeydə alınacaq", - deyə o bildirib.

İranlı sabiq nazir qeyd edib ki, ötən gün İranda helikopter qəzası ağır və acı hadisə idi.

"Ötən 45 il ərzində İran müxtəlif dövrlərdə çətin şəraiti təcrübə edib. İran bu vəziyyətdən də çıxacaq və vahid səslə və vahid hərəkətlə gələcəyə doğru addımlayacaq", - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Miller   ABŞ  


Bizi "telegram"da izləyin