Putinlə Cinpin Ərdoğana nə təklif edəcək? Blinkenin Kiyevə qəfil səfəri nə ilə bağlıdır?

2024/05/1200x-1716020305.jpg
Oxunub: 329     13:54     18 May 2024    
Yenidən seçildikdən sonra ilk xarici səfərini Çinə edən Rusiya prezidenti Vladimir Putin Pekində çinlilərlə rusların əsrlər boyu qardaş olacağını bəyan edib.

Aylar əvvəl, Putinin Türkiyəyə gözlənilən səfəri müzakirə olunanda proqnozlaşdırdığımız kimi, o, yəqin ki, ilk növbədə Pekinə, yalnız bundan sonra həmin səfərin nəticələrinə əsasən Türkiyəyə getməyə üstünlük verəcəkdi. Görünür, Putinin Türkiyəyə səfəri, təbii ki, Prezident Rəcəb Tayyib Ərdoğanın marağında olsa, yaxın vaxtlarda təsdiqlənə bilər. İndiyə qədər Ərdoğan Putini gözləyirdi, amma uzun müddətdir ki, bununla bağlı Türkiyə tərəfdən heç bir səs gəlmir.

Əvəzində Türkiyənin xarici işlər naziri Ankarada Ukraynanın müdafiə nazirini qəbul edib. Razılaşaq ki, Ukrayna müdafiə naziri Türkiyədə həmin ölkənin müdafiə naziri ilə deyil, xarici işlər naziri ilə görüşürsə, bu, qəribədir. Bu görüş Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində hücumu şəraitində, rəsmi Kiyevin də bu istiqamətdə vəziyyətin kifayət qədər ağır olduğunu etiraf etdiyi vəziyyətdə baş verir.

Məgər Ankara Ukrayna hərbçilərinin köməyi ilə Ukraynanın siyasi rəhbərliyinə müəyyən təzyiq göstərməyə, bu yolla hansısa siyasi razılaşmalar əldə etməyə və bunları Moskvaya təqdim edərək, müharibənin birinci ilində Türkiyənin sahib olduğu vasitəçilik rolunu bərpa etməyə cəhd edir? Bu gün bu rol açıq-aydın Çinə keçir, bu isə başqa bir çap deməkdir və bu rolda möhkəmlənmək halında Pekinin rolu həm Şərqi Avropa istiqamətində - hətta Qara dəniz hövzəsi və Balkanlar istiqamətində təsirlə, həm də Mərkəzi Asiyada Qərb üçün ciddi çağırış olacaq.

ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə elan olunmamış fövqəladə səfərə getməsinə də səbəbin məhz bu tendensiyalar olduğu istisna edilmir. Blinkenin səfərinin məqsədinin ən azından Çinin mümkün roluna qarşı çıxmaq vasitəsi kimi müəyyən dərəcədə Türkiyənin rolunun bərpa olunmasına töhfə vermək olub-olmadığını demək çətindir, amma Çinin roluna qarşı çıxmağın ABŞ dövlət katibinin səfərinin gündəliyində bəlkə də açıqlanmayan, lakin mühüm məqsəd olduğu şübhəsizdir.

Maraqlıdır ki, bu, Blinkenin Çinə səmərəsiz səfərindən sonra, Çin prezidentinin ən azından Serbiya və Macarıstan baxımından kifayət qədər səmərəli olmuş Avropa səfərindən sonra və Putinin Pekinə səfəri ərəfəsində baş verir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Cinpin   Ərdoğan  


Bizi "telegram"da izləyin