Ankara istənilən prosesə hazırdır| Türkiyə güc strukturları daxilində böyük islahatlar başlaya bilər

2024/05/polis-1715964979.jpg
Oxunub: 405     19:34     17 May 2024    
Türkiyə mətbuatının məlumatına görə, ötən gün axşam ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Xidmətinin direktoru İbrahim Kalın və Ədliyyə naziri Yılmaz Tunç ilə məsləhətləşmə keçirib.

Mənbələrin bildirdiyinə görə, Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının ölkənin hüquq-mühafizə və ədliyyə sisteminin bir sıra yüksək rütbəli nümayəndələrinin FETÖ-nün göstərişi ilə silahlı çevriliş hazırlaması ilə bağlı verdiyi məlumat müzakirə olunub. Ötən gün Türkiyənin xüsusi xidmət orqanları polisin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin bir neçə yüksək rütbəli zabitini həbs edib, onların mənzillərində axtarış aparılıb.

Böyük ehtimalla Ankaranın polis rəisi vəzifəsi ilə vidalaşacaq. Bəs qardaş Türkiyədə nə baş verir? Türkiyədə bələdiyyə seçkilərindən sonra daxili siyasi tənzimləmə dəyişib. Cümhuriyyət Xalq Partiyasınnı lideri Özgür Özəl ilə iki saatdan çox davam edən görüşdə, Ərdoğan ölkənin gələcəyi üçün daxili həmrəylik barədə razılığa gəlməyi təklif edib.

Türkiyə üçün çox çətin bir xarici siyasi vəziyyətdə hərbi çevriliş təhlükəsi üzə çıxıb: Ərdoğanın Vaşinqtona səfəri gözlənilənlərin əksinə olaraq ləğv edilib, Rusiya prezidenti Vladimir Putin yenidən seçildikdən sonra ilk səfərini Pekinə edir, Ankara-Brüssel dialoqu nəticə verməyəcək, İsraillə münasibətlər demək olar böhran içərisindədir. Bunun fonunda Türkiyə-İran ziddiyyətləri də demək olar aydın şəkildə üzə çıxıb.

Silahlı çevriliş təhlükəsinin haradan qaynaqlandığını analiz etmək çox çətindir. Lakin Türkiyə Prezidenti yuxarıda adı çəkilən bütün aktorlara Türkiyənin regional və hətta qlobal çağırışlarla daxili qeyri-sabitliyə məhkum edilə bilməyəcəyi siqnalını verir və hər zamankı kimi mübarizəyə hazırdır.

Türkiyədə hüquq-mühafizə orqanlarını, ordunu, xüsusi xidmət orqanlarını arzuolunmaz şəxslərdən təmizləmək üçün böyük tədbirlər həyata keçiriləcək? Vaşinqton və Brüssel bunu necə həzm edəcək? Rusiya 2016-cı ildə olduğu kimi onu dəstəkləyəcəkmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ankara   Türkiyə  


Bizi "telegram"da izləyin