Lukaşenko: "Belarus azad edilmiş ərazilərin bərpasında iştirak edə bilər"

2024/05/1715858627.jpg
Oxunub: 154     15:18     16 May 2024    
“Bizim bağlı mövzumuz yoxdur. Bizdə hər şey açıqdır. Biz müzakirə aparırıq, hətta kimsə hansısa məsələlər barədə eşidirsə, onlar münasibətlərimizin necə olduğu barədə düşünürlər”.

Ordu.az xəbər verir ki, bunu Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.

Belarus Prezidenti bildirib ki, münasibətlər çox səmimi, çox yaxındır, biz qardaş kimi ünsiyyət qururuq: “Dünyanı eyni şəkildə anlayır, onun haraya doğru getdiyini başa düşürük. Bilirsiniz, Sizə təkbətək görüş zamanı Heydər Əliyev haqqında danışmışdım, kaş ki, o, Azərbaycanın necə inkişaf etdiyini və uğurlarını görəydi. Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə, Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq, - onların bəziləri şəhərdə anadan olub, - lazımdır və belə də olacaq. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir".

Belarus lideri qeyd edib ki, ölkəsi azad edilmiş ərazilərin bərpasına kömək göstərə və bu prosesdə iştirak edə bilər: "Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus   Azərbaycan  


Bizi "telegram"da izləyin