Türkiyə Hərbi Hava Qüvvələrinin gələcəyi: HÜRJET, GÖKBEY, KAAN...

2024/05/turk--12010875093.jpg
Oxunub: 198     13:40     24 May 2024    
“İnsanlı platformaların imzalanma mərasimi” əslində Türkiyənin gələcəkdə sahib olacağı hava gücünə dair ipucları daşıyır. “Hürkuş”, “Hürjet”, “Gökbey”, “Kaan” deyərkən, siyahı uzanıb gedir. Layihələrdəki son vəziyyət və yaxın illərdə Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) üçün hansı mənzərənin ortaya çıxacağı maraq doğurur. Bütün bu sualların cavablarına birlikdə baxaq.

Bu yaxınlarda Ankarada keçirilən imzalanma mərasimi əslində Türkiyənin aviasiya sahəsində gələcək onilliklərinə işıq salmaq baxımından son dərəcə kritik idi. “İnsanlı Hava Platformaları” üçün təşkil edilən imza mərasimində “Kaan”, “Hürjet”, “Hürkuş-B” və “Gökbey” platformaları ilə bağlı bir sıra qərar və sifarişlər müqaviləyə çevrilib.

Bu anda çox sayda platforma və hər birində əldə edilən fərqli irəliləyiş prosesi bir qədər mürəkkəbləşdirdi. Türkiyə niyə eyni vaxtda müxtəlif layihələri birlikdə həyata keçirir, hansı platforma harada istifadə olunacaq və ya bütün bunlar tamamlandıqda mənzərə necə olacaq?


Daha gənc və daha güclü təyyarələr gəlir

Müqavilələrin bəziləri Türkiyənin milli sabit qanadlı təlim təyyarələri layihələrinin ilk istehsal paketləri ilə bağlıdır. Türkiyədə hərbi aviasiyanın zirvəsi sayılan “Kaan”a gedən yolda əvvəlcə “Hürkuş”, sonra isə “Hürjet” layihələri hazırlanıb.

Məlum olduğu kimi, ilk olaraq “Hürkuş” üçün “qollar çırmalanıb”. Daha sonra Türkiyənin ilk insanlı reaktiv mühərrikli təyyarəsi olan “Hürjet” özünü göstərdi. Atılan imzaları “Bu iki təyyarənin inventar səfəri başladı” sözləri ilə ümumiləşdirə bilərik. Beləliklə, Türkiyə HHQ-nin yaşlanan təlim təyyarələri parkının “Hürjet” və “Hürkuş”la həm daha güclü, həm də daha gənc olacağını deyə bilərik.


Türk pilotların hazırlanmasına böyük töhfə verəcək

F-16 məsələsi və ya “Kaan” ilə bağlı inkişaflar ictimaiyyətdə daha çox danışılsa da, “Hürjet” və “Hürkuş”un da ciddi rol oynayacağını qeyd etməliyik. Xatırladaq ki, təlim parklarında müxtəlif tapşırıqlar və təyyarələr üçün döyüş hazırlığı keçirilir. Türkiyəli ekspertlər bir çox təyyarənin kifayət qədər tez-tez və intensiv uçduğunu bildirərək, sözügedən təyyarələrin də bu yükü götürəcəyinə işarə edirlər.

Məsələn, Türkiyə HHQ əvvəllər təlim pakı üçün Pakistandan təyyarələr alıb. 2013-cü ildə “Hürkuş”u inkişaf etdirmə layihəsi TUSAŞ-a verilib. Bu münasibətlə TUSAŞ ilk dəfə olaraq insanlı təyyarə dizayn etdi. O, həmçinin bu dizaynı Avropa Aviasiya Təhlükəsizliyi Təşkilatı tərəfindən sertifikatlaşdırdı. Bu imzalar və proseslər bu gün “Hürjet” və “Kaan” layihələrinin qapısını açan açar idi.


“Hürkuş” üçün yeni yol xəritəsi çəkilib

“Hürkuş” layihəsi çərçivəsində istehsal edilən ilk 15 təyyarədə bəzi performans tələbləri yerinə yetirilməyib. Təbii ki, bu təyyarələr inventarlaşdırılmadı və proses yenidən başladı. Çatışmazlıqların aradan qaldırılmasına və yeni tələblərə uyğun formalaşdırılan təyyarəyə “Hürkuş-B” adı verilib. Bu yaxınlarda imzalanan razılaşmalardan biri bu təyyarədən 40 ədəd tədarük edilməsi anlamına gəlir.

Xüsusilə, eyni mərasimdə 12 ədəd “Hürjet”in satılması üçün imzaların atıldığını qeyd etməliyik. Təmin edilməsi gözlənilən ilk 12 təyyarə böyük ehtimalla prototiplərdən fərqli olacaq. Böyük ehtimalla əlindəki təyyarələr xeyli köhnə olan “Türk Ulduzları” bu ilk 12 təyyarə üçün təklif verəcək. Böyük ehtimalla, “Türk Ulduzları” “Hürjet”i öz çətin şərtlərində sınaqdan keçirəcək və TUSAŞ-a dəyərli rəy verəcək.


Gökbeyin çox fərqli versiyalarını görəcəyik

Türkiyənin aviasiya layihələrinin ən diqqət çəkən platformalarından biri olan “Gökbey” üçün də imzalar atılıb. Bu layihədə də müəyyən yetkinliyin əldə edildiyi vurğulaya bilərik.

Bu anda fərqli istifadəçilərin gözləntilərinə uyğun bir tədarük planı irəli sürülür. Helikopterin ilk müştərisi Türkiyə Jandarma Baş Komandanlığı olacaq və onun Sahil Mühafizəsi Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi, Meşə Ümumi Müdirliyi və Səhiyyə Nazirliyi kimi fərqli istifadəçiləri olacaq. Amma hamısı fərqli və uyğun xüsusiyyətləri olan “Gökbey” helikopterini istəyəcək.

“Gökbey” layihəsi ilə müxtəlif qurumların köhnəlmiş orta ağırlıqdakı hərbi/mülki platformaları yenilənəcək. Bir çox qurumun eyni platformadan istifadə etməsi TUSAŞ üçün çox dəyərli gəlirlər deməkdir. Həm Jandarma, həm Sahil Mühafizə Komandanlığı, həm də digər istifadəçiləri nəzərə alsaq, 100-ə yaxın “Gökbey”in tədarük planlaması əslində çox real rəqəm kimi görünür.


“Kaan” üçün kritik proses başlayıb

Bu qədər hava platformasından danışıb, “Kaan”ı qeyd etməmək mümkün deyil. Son təşkil edilən Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsində dizayn prosesinin ən gərgin hissəsi hesab edilən ikinci mərhələ üçün qərar və büdcə verilib.

İkinci mərhələdə ilk uçuşunu qürurla izlədiyimiz “Kaan” ilə müqayisədə müəyyən dəyişikliklər olacaq. Detal dizaynı, aerodinamik dizayn, içəridə heç vaxt görə bilməyəcəyimiz komponentlərin də dizaynı olacaq və təbii ki, bu ikinci mərhələdə Kritik Gözdən Keçirmə toplantıları keçiriləcək. “Kaan” uzun bir marafondur. Platformadan gözləntilər hər mənada çox qabaqcıldır və yerlilik dərəcəsi çox yüksəkdir. Bu marafonun ilk mərhələlərindən biri geridə qalıb. Bununla belə, Türkiyəni qarşıda çoxlu mərhələlər gözləyir.


Türkiyə üçün çox dəyərli bir foto ortaya çıxacaq

Bir çox platformalar, atılan addımlar və yol xəritəsi haqqında danışıldı. Bəs bütün bunları bir araya gətirəndə, Türkiyə HHQ-nin gələcəyi üçün necə bir mənzərə ortaya çıxır?

Əslində, Türkiyə müdafiə mexanizminin ehtiyaclarını yerli/milli platformalar və alt sistemlərlə maksimum şəkildə qarşılamaq fikri çox köhnə bir idealdır. 1974-cü il Kipr Sülh Əməliyyatı və sonrakı embarqolar onun yaranmasının səbəbi kimi əsas rol oynayır. Bununla belə, dünyada qlobal oyunçu olmaq istəyi və bu sahəyə xərclənən milyardlarla dolları aşağı səviyyələrə endirmək kimi iqtisadi amillər də var. Yuxarıda qeyd etdiyimiz layihələrin hamısı əslində Türkiyənin məruz qaldığı haqsız embarqolardan çox əvvəl başladılıb.

Məsələn, bu gün tez-tez bəhs etdiyimiz “Atak”, 10 tonluq Türk Ümumi Məqsədli Helikopteri, “Gökbey”, “Hürkuş”, “Hürjet” və nəhayət “Kaan” çox uzunmüddətli layihələrdir. Bundan əlavə, bunlar fərdi platforma dizaynları və istehsalı kimi qəbul edilməməlidir. Atılan bütün bu addımlar Türkiyə üçün çox böyük infrastruktur və bacarıqların inkişafı proqramına çevrilib.

Bu proqram öz əsas məqsədlərinə doğru qətiyyətlə irəliləyərkən, həm də bir çox uğursuzluqlara məruz qaldı. Məsələn, 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyənin təhlükəsizlik təşkilatında və kadr təminatında ciddi dəyişikliklər oldu. Bu, müdafiə sənayesinə də öz əksini tapdı.

Türkiyənin ABŞ ilə yaşadığı fikir ayrılıqları səbəbindən qarşılaşdığı təcrübələr və daha sonra S-400 alqı-satqısı ilə də F-35 layihəsindən kənarda qalması, şübhəsiz ki, kiçik hesab ediləcək hadisələr deyil. Bu inkişaflar nəticəsində yuxarıda qeyd etdiyimiz bütün layihələrin alt sistem inkişaf etdirmə prosesləri, qrafikləri və məzmunları yenilənməli oldu. Məsələn, 2010-cu ildə “Kaan” layihəsi üçün aparılan araşdırmalarda milli təyyarənin F-35 ilə birlikdə uçması nəzərdə tutulmuşdu. 2019-cu ildə baş verən hadisələrə görə “Kaan”ın demək olar ki, bütün qabiliyyət hədəflərini dəyişdi və yola davam edildi.

Bu bulanıq dövrdə bir çox layihələrin sırası, məzmunu, personalı və istifadəçiləri dəyişdi. Amma Ankarada atılan və bu xəbərin əsas mövzusu olan imzalar sektorun bu yeni vəziyyətə uyğunlaşdığını göstərir. Yeni və real planların irəli sürüldüyünü və prototip dövrünün məhsullar dövrünə keçdiyini görürük.

Artıq Türkiyənin əhəmiyyətli sayda təlim keçmiş kadrları var. Və arxadan yeniləri də yetişir. Dizayn qrupları bir layihəni tamamlayıb, digərinə başlaya bilərlər. Bu səbəbdən dizayn, sınaq və istehsal qruplarının işləyən əzələləri həmişə güclü qalır. Onların hamısını onilliklər ərzində davam etdirmək üçün kifayət qədər layihə yükü mövcuddur. Bunlar Türkiyənin ən güclü tərəfləridir.

Bununla belə, Türkiyənin kadrları saxlamaq imkanı və yaşadığı iqtisadi çətinliklər bu layihələri bəzən imkan, bəzən də qrafik baxımından çətinləşdirdi. Çətinləşdirməyə də davam edəcək kimi görünür. Bununla belə, davamlılıq bu nöqtədə əsas anlayışlardan biridir. “Hürkuş” layihəsi bir neçə büdrəmə ilə yoluna düşdü və indi yolu açıqdır. “Hürjet” və “Gökbey” layihələri çox yaxşı gedir. Sağ əli “Kaan”ın başına deyək. Bütün bunlar tamamlandıqda Türkiyə HHQ şübhəsiz ki, keçmişə və bu günə nisbətən daha güclü mövqeyə yüksələcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HÜRJET   GÖKBEY   KAAN   Türkiyə   HHQ  


Bizi "telegram"da izləyin