Kütləvilik, yoxsa texnoloji üstünlük? İran müharibə vəziyyətində İsraili məğlub edə bilərmi?

2024/05/israi-1715667903.jpg
Oxunub: 429     16:23     16 May 2024    
İran rejiminin “İsraili məhv etmək” istəyi heç kimə sirr deyil, İran rəsmiləri bu istəyini dəfələrlə açıqlayıblar. Bununla belə, bu məsələ həm İranın, həm də İsrailin hərbi imkanları, silah arsenalı və taktiki bacarıq səviyyəsi sahəsində çoxlu suallar doğurur.

Hərbi Modernləşdirmə Mərkəzinin prezidenti Kris Osborn öz məqaləsində İran və İsrail arasında müharibə olması halında onların hərbi imkanlarını müqayisə edib.

Hərbi Hava Qüvvələri (HHQ)

Bu kontekstdə ən aktual sual hər bir ölkənin digərinə hücum etmək qabiliyyəti və coğrafi genişlənməsi ilə bağlıdır. İranda çoxlu köhnə və sürətli F-14 (Tomcat) döyüş təyyarələri olsa da, texniki xidmət və təmir baxımından onların vəziyyətinin necə olduğu bəlli deyil. İran, çox güman ki, İsrail döyüş təyyarələrinin hücumlarına qarşı həssas olaraq qalacaq.

İsrailin F-35I “Adir” də daxil olmaqla, beşinci nəsil radarla təchiz edilmiş təyyarə parkı var ki, bu da ona hava üstünlüyü əldə etməyə və İranın Hava Hücumundan Müdafiəsindən (HHM) yayınmağa imkan verə bilər. İranın Rusiya istehsalı olan bir neçə müdafiə sisteminə malik olmasına baxmayaraq, onların İsrailin F-35I döyüş təyyarələrini aşkar edib məhv edə biləcəyi hələlik bəlli deyil.

Döyüş təyyarələrinin sayına görə İsrail İrandan daha yaxşı vəziyyətdədir. “Global Fire Power”in son hesabatına görə, İran Silahlı Qüvvələrində 160, İsrail HHQ-də isə 241 döyüş təyyarəsi var.

Texnoloji üstünlük və İsrailin hərbi təchizatı İran qüvvələrinin İsrailə qurudan hücuma keçməsini çətinləşdirir. İran Quru Qoşunları (QQ), həmçinin İsrailə çatmaq üçün Türkiyə, İraq və ya Fars körfəzindən keçməlidir. Bütün bu ssenarilərdə İran QQ İsrailin hava hücumlarına açıq və müdafiəsiz qalacaq.

Deməli, İran rejiminin nüvə silahı əldə etməsi ilə bağlı narahatedici ehtimal bir yana, İranın İsrailə hücumu uğurlu görünmür.

İran QQ

Düzdür, İran rejiminin ən azından kağız üzərində QQ-si daha böyükdür, lakin tank və hərbi zirehlərə gəldikdə, İsrail İranı üstələyir.

“Global Fire Power” saytının 2023-cü il hərbi qiymətləndirməsinə görə, İranın 4071, İsrailin isə 2200 tankı var. Lakin İranın İsraildən 2000 tank çox olması onun hərbi üstünlüyə malik olması demək deyil, xüsusən də İsrail tankları sensorlar və dəqiq, üstün hədəfləmə sistemləri ilə təchiz olunub. Bu fərq İsrailin “Merkava” tankları ilə sovet dövründə modernləşdirilmiş İran T-72 tanklarının qısa müqayisəsi ilə aydın şəkildə göstərilir.

İranın İsraildən təxminən 400 min çox əsgəri var. Lakin İran rejimi İsrailə qurudan hücum edə bilmirsə və İsrail silah, texnologiya baxımından üstündürsə, bu fərqin (əsgər sayı) müharibədə həlledici amil olması ehtimalı azdır.

İran arsenalı

“Independent Farsi”nin məlumatına görə, 2021-ci il Qlobal Atəş Gücü qiymətləndirməsinə əsasən, İranın 8500-ə yaxın hərbi zirehli vasitəsi, İsrailin isə 7000-ə yaxın hərbi zirehli vasitəsi var.

Bu işdə texnologiya və onun üstünlüyü böyük rol oynayır. Üstəlik, İsrailin müdafiə sədlərini və ya səngərlərini məhv edə biləcək tanklar olmadan İranın İsrailə qarşı hər hansı hücumda uğur qazanması çox çətindir.

İranın İsraildən daha çox artilleriya və çoxsaylı raket buraxılış qurğuları var, lakin 70-80 kilometr mənzilə malik bu artilleriya və raket sistemləri İsrailə hücum etmək üçün İsrail sərhədinə yaxın yerləşdirilməlidir.

Hərbi Dəniz Qüvvələrinin (HDQ) həlledici rolu varmı?

Heç birinin (İsrail və İran) güclü HDQ-si yoxdur, lakin İran dəfələrlə göstərib ki, kiçik qayıqlarla hücuma keçə bilir. “Global Fire Power” saytının hesabatına görə, İranın 19, İsrailin isə cəmi 5 sualtı qayığı mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rejim   İsrail  


Bizi "telegram"da izləyin