Türkiyə zərbə PUA-ları baş rolda: Afrikada “dövlət” olmaq

2024/05/sesse-1715403238.jpg
Oxunub: 284     18:40     16 May 2024    
Türkiyə müdafiə sənayesi məhsullarını Afrika ölkələrində daha sıx görməklə birlikdə zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) gündən-günə önə çıxır. Prosesin hərbi tərəfi ictimaiyyətin diqqətini cəlb etsə də, əslində fonda Türkiyə Afrika ölkələrində mərkəzi hökumətlərin separatçılara qarşı mübarizəsində və bununla da öz dövlət gücünü nümayiş etdirə bilmələrində aparıcı rol oynayır.

Türkiyənin Afrikada izlədiyi yol xəritəsi və bölgədəki bəzi ölkələrlə inkişaf etdirdiyi əməkdaşlıq getdikcə daha da aydınlaşır. Afrika buynuzunda Türkiyə bayrağını ən çox gördüyümüz sahələrdən biri də müdafiə sənayesidir...

Ankaranın hazırda təxminən 30 Afrika ölkəsi ilə Müdafiə Sənayesi üzrə Əməkdaşlıq Müqaviləsi var. Bu müqavilələr təkcə müdafiə sənayesi platformalarının satışını əhatə etmir. Türkiyə ilə Afrika ölkələri arasında hərbi çərçivə razılaşmaları ilə inkişaf etdirilən təhlükəsizlik əlaqələri də getdikcə dərinləşir. Ortaya çıxan mənzərədə hər iki tərəf üçün qazan-qazan prinsipi üzərində qurulan bu yeni proses özü ilə fərqli dinamika gətirir.

Bu nöqtədə Afrikadakı bəzi ölkələrin mərkəzi hökumətləri əllərində olan Türkiyə zərbə PUA-ları ilə separatçı ünsürlərə və ya terror qruplarına qarşı əməliyyatlar təşkil edə bilirlər. Günün sonunda Afrikada uzun illərdən sonra mərkəzi hökumətlər Türkiyə PUA-ları vasitəsilə bir növ “dövlətin gücünü” nümayiş etdirirlər.

Müdafiə sənayesi araşdırmaçısı Ahmet Alemdar Türkiyənin Afrikadakı bu yansıması və prosesin təfərrüatları haqqında danışıb...

Məhdud imkanlarla hərtərəfli həl axtarışı

Afrikada təhlükəsizlik təhdidlərinin artması və şaxələnməsi ölkələrin müdafiə xərclərini artırmasına səbəb olub. Alemdar mövcud resursların kifayət qədər məhdud olduğunu qeyd edərək, bu cür təhlükə və risklərlə mübarizə aparmaq üçün səmərəli strukturun qurulmasının vacibliyini vurğulayır.

O bildirir: “Zərbə PUA-larının Afrika ölkələrinə son satışları bu baxımdan oxunmalıdır”. Alemdar vurğulayır ki, regiondakı dövlətlər yeni alınmış yüngül döyüş təyyarələri və PUA sistemləri ilə bir şəkildə müasir qalmağa çalışırlar.

Aşkarlama, müşahidə və kəşfiyyat “olmazsa olmaz”

Alemdar sözügedən təhdidlərlə mübarizədə təchizat və təlim keçmiş personal problemlərinin olduğu məlumatını da paylaşır. O, quru, dəniz və hava müdaxiləsi üçün həm personal, həm də zirehli vasitə və materialların keyfiyyət və ya say baxımından kifayət etmədiyinə diqqət çəkir.

Bu məqamda Türkiyədən alınan zərbə PUA-ları ön plana çıxır. Çünki əlinizdə olan məhdud imkanlardan ən səmərəli şəkildə istifadə etmək üçün çox yaxşı bir aşkarlama, müşahidə və kəşfiyyat üçbucağı qurmaq lazımdır. Alemdar qeyd edir: “Bütün bunlarla yanaşı, bu hava vasitələrinin son dərəcə həssas döyüş sursatları da var”. Beləliklə, o, dərhal müdaxilə tələb edən hədəfləri zərərsizləşdirməyin mümkün olduğunu deyir.

“Türkiyə zərbə PUA-ları Afrika üçün ideal həll yoludur”

Alemdar Türkiyə istehsalı olan “Bayraktar TB2” və ya “Anka” kimi MALE sinfinə məxsus PUA sistemlərinin Afrika ölkələri üçün ideal həllər təşkil etdiyi qənaətindədir. Səbəbini soruşduqda o belə cavab verir:

“Uzun müddət havada qalma qabiliyyəti və faydalı yüklərin effektivliyi kimi məsələlər bir yana, Türkiyə zərbə PUA-ları reaktiv mühərrikli təyyarələrə nisbətən əməliyyat xərclərinin çox aşağı olması ilə seçilir.

Üstəlik, reaktiv mühərrikli təyyarələr üçün pilot hazırlığı da kifayət qədər bahalıdır. Bir saatlıq missiya uçuşunun əməliyyat xərcləri sizin sahib olduğunuz Türkiyə zərbə PUA-sından qat-qat yüksəkdir. Bütün bunları bir araya gətirdiyiniz zaman Türkiyə PUA-ları yüksək texnologiyası, dəqiq zərbə imkanları və sərfəli strukturları ilə Afrikadakı bütün ölkələrin diqqətini çəkir”.

Daha öncə yardım tələb olunan ölkələrdən heç bir fayda əldə olunmayıb

Prosesin hərbi tərəfindən sonra Alemdar başqa mövzuya toxunur və Türkiyə zərbə PUA-larının bütün qitədəki fəaliyyətinin siyasi yansımalarına diqqət çəkir. O, Afrika qitəsində zəif və ya uğursuz kimi xarakterizə edilə bilən dövlətlərin olduğunu xatırladaraq davam edir:

“Ölkələrin mərkəzi hökumətləri daxili təhlükəsizlik və sərhəd problemlərində qeyri-adekvat ola bilər. Yadınızdadırsa, bir müddət Afrika ölkələrində bu təhdidlərlə mübarizədə ABŞ, Rusiya və ya Fransaya üstünlük verməyə böyük maraq var idi. Beynəlxalq tərəfdaşlarla həll yolları axtarmağa cəhd edən ölkələr, təəssüf ki, müstəmləkəçiliyə bərabər olan təcrübələrə məruz qaldılar.

Malini nümunə gətirək... Fransızlar 10 ilə yaxındır ki, ölkədəki separatçılara qarşı mübarizə aparırlar. Nəinki həll yolu tapılmadı, hətta mərkəzi hökumət də zəiflədi. Bu günlərdə bu təhdidlərlə mübarizədə Türkiyə zərbə PUA-larından istifadə edən Malidə mərkəzi hökumətin gücləndiyi bildirilir. Bu yaxınlarda Mali xarici işlər naziri “Türkiyə zərbə PUA-ları vəziyyəti dəyişir” demişdi.

Tək Mali nümunəsi deyil... Separatçılara və silahlı qruplara qarşı effektiv mübarizədə Efiopiyanın nümunəsi də gözümüzün qabağındadır. Burada Türkiyə zərbə PUA-larının fəaliyyəti mərkəzi hökumətə ciddi güc qazandırdı.

Son zamanlar Afrika ölkələrinin TB2, “Akıncı”, “Anka” və “Aksungur” zərbə PUA-sı platformalarına olan marağı da buna işarə edir. Təhlükəsizlik təhdidlərinə qarşı qənaətli şəkildə mübarizə aparmaq və mərkəzi hökuməti gücləndirmək...”

“Ölkələrin iqtisadiyyatına da töhfəsi böyükdür”

Bir sözlə, bu gün Türkiyə zərbə PUA-ları həm bölgədəki müstəmləkəçilik anlayışında, həm də mərkəzi hökumətlərin səlahiyyətlərində dəyişiklik etməyə imkan verir. Təbii ki, tam müstəqil mərkəzi hökumətlər yaradıla bilər.

Bu nöqtədə Alemdar deyir ki, bəzi fərqli mövzularda əldə edilən qazanclar, xüsusən də sərhəd nəzarəti əslində ölkələrin iqtisadiyyatına müsbət təsir göstərir.

İşlər nəzarətdən çıxdıqda mərkəzi hökumətin qanuni gəlirləri və qaynaqlarının paralel olaraq azaldığını izah edən Alemdar bildirir: “Türkiyə zərbə PUA-ları həm ictimai asayişdə, həm nəzarətdə, həm də terrorla effektiv mübarizədə aparıcı rol oynayır. Bu imkanları inkişaf etdirən mərkəzi hökumətlər də iqtisadi cəhətdən rahatlaşır və ölkə inkişaf baxımından müsbət istiqamətdə irəliləyir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA   Afrika  


Bizi "telegram"da izləyin