TDT-nin kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı işə başlayıb - FOTOLAR

2024/04/66290-5141896869.jpg
Oxunub: 161     17:03     24 Aprel 2024    
Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı işə başlayıb.

Bu barədə Ordu.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, toplantı Mərkəzi Asiya regionunun kosmik oyunçularının iştirakı ilə üçüncü dəfə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2024) çərçivəsində baş tutub.

Türkiyə Kosmik Agentliyinin ev sahibliyi ilə keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir. Məqsəd türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub. Toplantının gündəliyinin əsas mərkəzində kosmik fəaliyyətin davamlılığı üçün əməkdaşlığın vacibliyi dayanıb. "Azərkosmos"un sədri Saməddin Əsədov toplantıda çıxış edərək ölkəmizin türk dövlətlərinin kosmik nümayəndələrinin Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində təmsil olunmasının önəmini vurğulayaraq kosmik arenada elm, biznes və innovasiya üzrə birgə səyləri davam etdirməyə hazır olduğumuzu qeyd edib.

Həmçinin toplantıya qatılan kosmik ictimaiyyət bu il ölkəmizdə keçiriləcək COP29 iqlim konfransına dəvət olunub.

Daha sonra universitetlərdə elmin inteqrasiyası və mübadiləsi ilə bağlı kosmik məsələlərdə tədqiqat və tərəqqini artırmaq üçün praktik platformaların inkişaf etdirilməsi diqqətə çatdırılıb.

Toplantı kosmik sahə üzrə çalışan ekspertlərin işçi qruplar formatında görüşü ilə öz işinə davam edib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   Toplantı  


Bizi "telegram"da izləyin