Dünyada Dəyişən Balanslar: Niderland Sualtı Qayıq Tenderi və Türkiyə Sualtı Qayıq Sənayesi Üçün Önəmi – ARAŞDIRMA (FOTOLAR)

2024/04/Piri--13711547584.jpg
Oxunub: 978     16:21     24 Aprel 2024    
Bu həftə mətbuatda çox yer tapmasa da, sualtı qayıq sənayesini maraqlandıran çox əhəmiyyətli bir inkişaf olub. Niderlandın “Walrus” sinfinə məxsus adi sualtı qayıqlarını əvəz edəcək “Orca” sinfinə məxsus sualtı qayıq tenderi yekunlaşıb. Fransanın “Naval Group” (keçmiş adıyla DCNS) şirkətinin “Barracuda” sinfinə məxsus adi sualtı qayığı dörd sualtı qayığı əhatə edən 5,6 milyard avroluq tenderin qalibi olub. Bəli, “Barracuda” sinfi AIP sisteminə malik deyil.

Soyuq müharibənin başa çatması, Rusiyanın zəifləməsi ilə sovet sualtı qayıq təhlükəsi aradan qalxdı, buna görə də Avropa ölkələrində yeni sualtı qayıq sifarişləri təxirə salındı və sualtı qayıq sənayesi ciddi şəkildə qan itirməyə başladı. Bu ölkələrdən biri də Niderland idi. 1980-ci illərdə sualtı qayıq dizayn və inşasında çox yüksək səviyyədə olan “RDM Submarines” şirkəti Niderland donanmasına təhvil verdiyi 4 “Walrus” sinfinə məxsus sualtı qayıdan sonra yeni sualtı qayıq sifarişi ala bilmədikdə iflas etdi.

Xüsusilə Delft Texniki Universitetində və “Marin” şirkətində sualtı qayıqlarla bağlı nəzəri və eksperimental tədqiqatlar davam etdirilsə də, Niderland 30 ildir heç bir sualtı qayıq inşa edilmədiyi üçün sualtı qayıq dizayn və inşasında “state-of-the-art”ın gerisində qalmışdı. 2014-cü ildə Krım böhranı ilə başlayan Avropada tarazlığın dəyişməsi və artan Rusiya sualtı qayıq təhlükəsi Niderlandı yeni sualtı qayıq proqramını işə salmağa məcbur etdi.


Məqsəd Niderland şirkətlərinin maksimum iştirakı ilə 4 sualtı qayığın birincisinin 2033-cü ildə missiyaya başlayacaq şəkildə inşa edilməsi, Niderland şirkətlərinin texnologiya transferi ilə “nou-hau” əldə etmələri və Niderland sualtı qayıq inşa sənayesinin yenidən canlandırılması idi. Tenderə dörd ölkədən təkliflər təqdim olunmuşdu: Fransa, Almaniya, İsveç və İspaniya.


İspaniya:

İspaniya sualtı qayıq donanması Fransanın DCNS (Naval Group) şirkəti tərəfindən inşa edilmiş sualtı qayıqlardan ibarətdir. İspanların yerli sualtı qayıq layihəsinin ilk sualtı qayığı, “Navantia Shipyard” tərəfindən inşa edilən S80 sualtı qayığı dizaynındakı problemlər səbəbiylə pis bir reputasiyaya malik olduğu üçün Niderland tərəfindən yarışa daxil edilməmişdi.


İsveç:

İsveçin “Saab” şirkəti müsabiqəyə İsveç Hərbi Dəniz Qüvvələri (HDQ) üçün hazırlanmış A26 sualtı qayığının genişləndirilmiş törəməsi ilə daxil olub. A26 sualtı qayığı İsveçin özünü sübut etmiş, Yaponiyanın da sualtı qayıqlarında İsveç lisenziyası ilə istifadə etdiyi AIP sistemi olan “Stirling” mühərriki ilə təqdim edilmişdi.

İsveç sualtı qayıq sənayesi, Niderlanddakı kimi, Soyuq müharibədən sonra yeni sifarişlərin azalması səbəbindən çox qan itirdi. Məşhur “Kockums” Gəmiqayırma Zavodu müflis oldu, strateji əhəmiyyətinə görə və İsveçin sualtı qayıq donanmasını ayaqda saxlamaq üçün dövlət nəzarətinə götürüldü. 1996-cı ildə “Gotland” sinfinə məxsus sonuncu sualtı qayığın təhvil verilməsindən sonra şirkət “Saab”a satıldı, daha da zəiflədi və Avstraliyanın sualtı qayıq tenderi üçün Avstraliya şirkəti ilə birləşdirildi.

“Saab” şirkəti “Kockums”u 1999-cu ildə anlaşılması çox çətin olan bir qərarla Almaniyanın HDW Gəmiqayırma Zavoduna satdı. Almanlar bu addımla sualtı qayıq tenderlərində ən güclü rəqiblərindən olan isveçli rəqiblərini mübarizədən kənarlaşdırdılar (İsveç kimi bir ölkənin milli təhlükəsizliyi üçün bu qədər vacib olan şirkəti rəqibinə necə sata biləcəyini anlamaq həqiqətən çətindir). Uğursuzluqlara baxmayaraq, sonuncu “Collins” sinfinə məxsus sualtı qayıq 2001-ci ildə gecikmə ilə də olsa Avstraliya HDQ-yə təhvil verilib, lakin İsveç HDQ-nin sifariş etmək istədiyi A26 sualtı qayığında ciddi problemlər yaşanıb.

HDW-nin “ThyssenKrupp”a satılması ilə idarəçiliyi TKMS tərəfindən ələ keçirilən “Kockums” tələblər üçün artan xərclər səbəbiylə A26 təklifini İsveç Müdafiə Nazirliyinə təqdim etməkdə müqavimət göstərirdi və TKMS “Kockums”un mini sualtı qayıqlar üzərində işi, HDW vasitəsilə adi sualtı qayıqları idarə etmək istəyirdi. Ancaq 2014-cü ildən bəri artan Rusiya sualtı qayıq təhlükəsi səbəbiylə A26 sualtı qayıq layihəsi İsveç üçün həyati əhəmiyyət kəsb etdi və İsveç Müdafiə Nazirliyi layihəni işə salmaq üçün Hollivud filminə layiq bir əməliyyat təşkil etdi (https://www.blt.se/blekinge/sanningen-om-raden-mot-kockums/).

İsveçin Malmö şəhərində yerləşən, lakin idarəçiliyi almanların əlində olan “Kockums”a hərbi birliklərin müşayiəti ilə basqın həyata keçirildi, “tam məxfi” plan və avadanlıqlar ələ keçirildi və yük maşınlarına yüklənərək, şirkətdən çıxarıldı. Şirkətin isveçli işçiləri almanların verdiyi maaş artımlarını belə qəbul etmədilər, şirkətdən istefa verdilər və “Saab”da vəzifələrinə davam etdilər. Nəticədə “ThyssenKrupp” “Kockums”u “Saab”a geri satmaq məcburiyyətində qaldı.

Nəticədə 2001-ci ildə sonuncu “Collins”in təhvil verilməsindən sonra 22 il ərzində İsveçdə yeni sualtı qayıqlar inşa edilə bilmədi. “Saab” A26 sualtı qayıq layihəsini öz üzərinə götürsə də, İsveç sualtı qayıq sənayesi bu prosesdə ciddi qan və reputasiya itirdi. A26-nın 2024-cü il olan çatdırılma müddəti inşasının ancaq 2022-ci ildə başlana bilməsiylə 2027-də ilə təxirə salındı. “Saab” Niderland tenderində əlini gücləndirmək üçün Niderlandın məşhur gəmiqayırma şirkəti “Damen” ilə konsorsium yaratmaq barədə strateji qərar qəbul etdi.

Bu tərəfdaşlıq Niderland şirkətlərinin sualtı qayıq layihəsində iştirakının ən yüksək səviyyədə olacağına əminlik yaratsa da, tenderdə qalib gəlmək üçün kifayət etmədi.


Almaniya:

İkinci Dünya müharibəsində Almaniyanın nüvə enerjisindən silah sənayesində istifadə etməsinin qadağan edilməsi səbəbindən almanlar adi və “fuel cell” AIP sisteminə sahib sualtı qayıqlarda ixtisaslaşdılar. Dünyanın bir çox ölkəsinə ixrac etdilər və çoxlu sualtı qayıqlar inşa etdilər. Türkiyənin sualtı qayıq donanması da Almaniyanın HDW Gəmiqayırma Zavodunun layihələndirdiyi “Type 209” sinfinə məxsus sualtı qayıqlarından ibarətdir.

“Type 209”lardan sonra almanlar Portuqaliya, Yunanıstan, Cənubi Koreya və Türkiyəyə “Type 214” sinfinə məxsus sualtı qayıqlarını satdılar, İtaliya və öz donanmaları üçün “Type 212A” sualtı qayıqlarını inkişaf etdirdilər. Almanlar Niderlandın “Orca” sinfinə məxsus sualtı qayıq tenderinə “Type 212A” sualtı qayığının qabaqcıl modeli kimi təqdim edilən, lakin əslində “Type212A”dan iki dəfə çox subasımı qabiliyyətinə malik “Type212CD E” sualtı qayığı ilə daxil oldular.

Almanlar Norveçlə birlikdə “Type 212 CD” sinfinə məxsus sualtı qayıq üzərində işləyirlər və seriyanın ilk sualtı qayığının inşasına yalnız 2023-cü ilin sentyabrında başlanıla bildi. Yəni bu sinifdə hələ istehsal olunmuş sualtı qayıq yoxdur. “Type 212CD E” sualtı qayıq dizaynı almanların yeni nəsil “fuel cell” texnologiyasına malik olacaq, lakin batareya texnologiyası “Type 212A”larda istifadə edilən natrium sulfid batareya texnologiyasına sahib olacaqdı.

İsveçlilər Niderlandın məşhur hərbi və mülki gəmiqayırma şirkəti olan “Damen” ilə tenderə daxil olublar. Fransızlar isə Niderlandın palçıq qazma gəmisi (dredger) üzərində ixtisaslaşmış “Royal IHC” şirkəti vasitəsilə Niderland sənayesini layihəyə daxil edəcəklərini açıqlayıblar. Digər tərəfdən, görünür ki, TKMS nə cür yerli iştirak və texnologiya transferi edəcəyini dəqiq ifadə edə bilməyib. “Kockums” ilə bağlı əvvəlki hadisələr bəlkə də şirkətin əməkdaşlıq üçün pis reputasiyasına səbəb olmuşdu.


Fransa:

Fransızlar öz donanmalarında nüvə sualtı qayıqlarından istifadə edirlər, lakin ixrac növü kimi adi dizel-elektrik sualtı qayıqları inşa edirlər. Fransız sualtı qayıq istehsalçısı DCN daha sonra DCNS adını və ən son 2017-ci ildə “Naval Group” adını alıb. “Naval Group”un 62,5%-i Fransa hökumətinə, 35%-i isə Fransa müdafiə nəhəngi “Thales Group”a məxsusdur. Fransızların ixrac tipli adi sualtı qayıqları “Scorpene” sinfi olaraq Hindistan, Malayziya, Çili və Braziliyaya satılıb.

“Naval Group” “Collins” sinfinə məxsus sualtı qayıqları əvəz etmək üçün Avstraliya ilə yeni okean tipli adi sualtı qayıq müqaviləsi imzaladı. 12 ədəd “Barracuda” sualtı qayığının 90 milayrd avroya inşa və texniki qulluğunu əhatə edən bu nəhəng layihə 2021-ci ildə ləğv edildi və Avstraliya cəza olaraq Fransaya 830 milyon avro ödəməyi qəbul etdi. Fransanın Niderlanda təklif etdiyi “Barracuda” sualtı qayığı bu münaqişənin mövzusu olan sualtı qayıq idi. “Barracuda” fransızların donanmasında istifadə etdiyi “Suffren” sinfinə məxsus nüvə sualtı qayığının bir versiyasıdır, hərəkət sistemi nüvə əvəzinə dizel elektriklə əvəz edilib.

Görünən odur ki, fransızlar daha əvvəl “Scorpene”lər üçün hazırladıqları MESMA texnologiyasını “Barracuda”ya daxil etməyiblər və AIP texnologiyası yerinə “Lithium Ion” batareya texnologiyasına üstünlük veriblər. “Lithium Ion” batareyaları sualtı qayıq batareya yuvasına qurğuşun-turşu batareyalarından daha çox həcmdə yaxşı yerləşdirilə bilər və çəki başına daha çox enerji saxlaya bilir. Daha yüksək cərəyanlarla doldurula bilmələri onların qısa müddətdə doldurulmasına imkan verir və qurğuşun-turşu batareyaları 80%-dən çox boşalda bilməsələr də, ümumiyyətlə 50% boşalmada istifadə olunsalar da, “Lithium Ion” batareyaları 100% təkrar doldurula bilən və uzun ömürlü olması ilə qurğuşun-turşu batareyaları ilə müqayisədə əhəmiyyətli bir üstünlük təqdim edir.

Bu, sualtı qayığın şnorkel etdiyi vaxtının ümumi səyahət müddətinə nisbəti olaraq hesablanan “indiscretion rate” baxımından çox əhəmiyyətli bir üstünlük təmin edir.

“Lithium Ion” sualtı qayıqlarda xüsusilə dəniz suyu ilə təmasda ciddi təhlükə yaratdığı və yanğının söndürülməsi çox çətin olduğu üçün yaxın vaxtlara qədər üstünlük verilmirdi. Yaponlar ilk dəfə “Oryu”, daha sonra “Toryu” sualtı qayıqlarında AIP texnologiyasından imtina etdilər və inkişaf etdirdikləri texnologiya ilə “Lithium Ion” batareyasını sualtı qayıqlarda istifadəyə uyğun hala gətirərək, bu mövzuda öncül oldular. Cənubi Koreya da bu tip batareyadan yeni inkişaf etdirdikləri 3000 tonluq “Dosan Ahn Chango” sinif sualtı qayıqlarında istifadə edəcəklərini açıqladı.


“Barracuda” fransızların donanmasında istifadə etdiyi “Suffren” sinfinə məxsus nüvə sualtı qayığının bir versiyasıdır, hərəkət sistemi nüvə əvəzinə dizel elektriklə əvəz edilib. Fransızlar hələ bu konfiqurasiya ilə “Suffren” törəməsi yaratmayıblarsa, nüvə versiyaları 2020-ci ildən dənizdə olduğundan, bu “Barracuda” təklifi hazırlıq səviyyəsi baxımından isveçlilərin A26 və almanların “Type 212 CD E” təkliflərindən daha etibarlı hesab edilə bilər.

Niderlandlıların “Orka” Sinfinə Məxsus Sualtı Qayıq Layihəsi ilə əsas məqsədlərindən birinin Niderland şirkətlərinin texnologiya transferi yolu ilə “nou-hau” əldə etməsi və Niderland sualtı qayıq inşa sənayesinin yenidən canlandırılması olduğunu söylədik. Fransa “Saab” və “Damen” arasında əməkdaşlıq çərçivəsində irəli sürülən Niderland iştirakına yaxınlaşmasa da, Niderland palçıq qazma gəmisi (dredger) üzərində ixtisaslaşmış “Royal IHC” şirkəti vasitəsilə Niderland sənayesini layihəyə daxil edəcəyini açıqlaması almanlardan daha çox əməkdaşlığa meyilli olduqları kimi şərh edilə bilər.

Fransızların texnologiya transferi baxımından almanlardan daha çox əməkdaşlığa açıq olmalarına bir hipotez olaraq da bəlkə də Hindisanın Fransa ilə ortaya qoyduğu “Scorpene” layihəsi ilə texnologiya transferi həyata keçirərək, daha sonra öz nüvə sualtı qayığı sinfi olan “Arihant” sualtı qayığını inkişaf etdirə bilmiş olmasını irəli sürə bilərik.


Nəticə və mövzunun Türkiyə üçün önəmi

Soyuq müharibənin sona çatması ilə ortadan qalxan Rusiya sualtı qayıq təhlükəsi 2014-cü ildə Krım böhranı ilə başlayaraq, Avropada yenidən hiss olundu. Lakin zaman keçdikcə İsveç və Niderland kimi oyunçuların sualtı qayıq sənayeləri zəiflədi. Niderland “Walrus” sinfindən bəri 30 ildir ki, sualtı qayıqlar inşa etmir və bu baxımdan öz səlahiyyətlərini itirib.

Nəticədə “Walrus” sinfini əvəz edəcək “Orca” Sinfi Layihəsi sürətləndirildi və Fransa Almaniya ilə İsveçi məğlub edərək, 5,6 milyard avroluq Niderland layihəsini qazandı. Şərh edə bilərik ki, Niderlandın Fransanı seçməsi siyasi seçim deyil, tamamilə texnologiyaya və onun transferinə əsaslanır. Fransız sualtı qayığı AIP sisteminə malik olmayan “Li-Ion” batareyalı adi sualtı qayıqdır. Yaponiya müasir sualtı qayıqlarında AIP-dən imtina edən ilk ölkə oldu.

İsveç lisenziyası ilə istifadə etdikləri “Stirling” mühərrikindən imtina etdilər və “Li-Ion” texnologiyasına üstünlük verdilər. Niderlandlı mütəxəssislər də almanların təklif etdiyi “fuelcell” alternativinə qarşı texniki cəhətdən bu texnologiyaya üstünlük verdilər. Türkiyə hələ də ilk AIP sualtı qayığını aktiv xidmətə qəbul etməyib və bu texnologiya ilə daha beş sualtı qayığın inşa edilməsini gözləyir. Bu sualtı qayıqlarda yeni batareya texnologiyalarının mümkünlüyü (məsələn, bir “Type 214” istifadəçisi də olan Cənubi Koreyanın “Li-Ion” alternativi) qiymətləndirilməlidir.

Dünyanın ən aktual sualtı qayıq layihələrindəki bu inkişaflar nəzərə alınmalı və sualtı qayıqlarda “Li-Ion” texnologiyasının istifadəsi ilə bağlı yerli araşdırmalar ortaya qoyulmalıdır. “Fuelcell” AIP sisteminə sahib olması planlaşdırılan “Milden” Layihəsi yenidən qiymətləndirilməli və layihədə Niderlandın seçimi nəzərə alınaraq, layihə sürətləndirilməlidir. Sualtı qayıq layihələrinin inşası, texniki xidməti, avadanlıq seçimi və modernləşdirilməsi ilə bağlı gələcək proseslər yaxşı təhlil edilməlidir.

Ekspertlər hazırda ABŞ və Çin arasında İkinci Soyuq müharibənin getdiyini qiymətləndirirlər. Bununla belə, Birləşmiş Ştatlar artıq birinci soyuq müharibədə malik olduğu iqtisadi üstünlüyə malik deyil. Bütün ölkələr dünyada vəziyyətin hər gün yeni bir kütləvi müharibəyə doğru getdiyini görür və buna uyğun hazırlıq görürlər. Türkiyənin silah sistemləri NATO ölkələrinin texnologiyalarına əsaslanır, lakin son illər ölkə siyasi baxımdan bəzən Rusiya və Çinlə yaxınlaşır və buna görə də ciddi embarqolarla üzləşə bilər.

S-400 problemləri, F35 böhranı, F16 embarqosu və alt sistemlərdə bir çox digər embarqolar məlumdur. Almaniya ilə “Eurofighter” Layihəsi problemi və bir çox sistemlə bağlı ixrac lisenziyası embarqoları tətbiq edilir. Fransa ilə aviadaşıyıcı gəmi böhranı və Yunanıstanla fasiləsiz Egey dənizi müzakirələrinə əlavə olaraq, İspaniya və İtaliya ilə münasibətlərdə müsbət irəliləyişlər var. Digər tərəfdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2024-cü ilin yayında “Vaqner” böhranı zamanı Rusiya Prezidenti Putinə dəstək sözü verdiyi mətbuatda yayılıb.

Ərdoğan dəfələrlə çıxışlarında ABŞ-nin Yunanıstanda qurduğu dəniz və quru bazalarından narahatlığını, YPG/PKK-ya verdiyi dəstəyin dostluq və müttəfiqliyə uyğun gəlmədiyini dilə gətirib. Belə olan halda, sabah Dünya Müharibəsi başlasa, Türkiyənin bitərəf qalıb-qalmayacağını və bu işə qarışacağı təqdirdə kimin tərəfində olacağını proqnozlaşdırmaq çox çətindir.

Türkiyə Silahlı Qüvvələrinin Ankaraya kimin hücumundan asılı olmayaraq ölkəni müdafiə edə biləcək hazırlıq səviyyəsində olması danılmazdır. Sabah müharibə başlasa və ABŞ, yaxud Avropa ölkələri tərəfindən öz ərazi bütövlüyünə təhlükə görüb, Rusiya və Çinin yanında yer alacaqsa, Türkiyə bu halda özünü müdafiə edə bilməlidir. Buna nail olmağın yeganə yolu yerli və milli müdafiə sənayesidir. Son illərdə milli müdafiə sənayesi hərəkətə keçdi və qısa müddətdə çox mühüm irəliləyişlər edildi. Halbuki Yer kürəsi Türkiyənin texnoloji tərəqqisindən daha sürətlə istiləşir və Türkiyə kütləvi müharibəyə tam hazırlaşmadan müharibə qapısına gələ bilər.

Türkiyənin nüvə sualtı qayığına sahib olmasının zəruri olub-olmadığı kimi, aviadaşıyıcı gəmiyə sahib olmasının zəruri olub-olmadığı da illər ərzində müzakirə mövzusu olub. Ancaq Ərdoğanın ötən aylarda verdiyi göstərişlə yerli aviadaşıyıcı gəmi layihəsi ilə bağlı araşdırmalara başlanıldı və bu səbəbdən bu müzakirələrə son qoyuldu. Türkiyənin bir aviadaşıyıcı gəmisi olacaq. Bununla paralel olaraq, yaxın gələcəkdə yerli nüvə sualtı qayığı tədqiqatlarına başlamaq təəccüblü deyil.

Bu baxımdan sualtı qayıq əməliyyatı məsələsində Hindistanın Türkiyə üçün yaxşı bir nümunə olduğu düşünülə bilər. Hindistan bir tərəfdən Fransa ilə sualtı qayıq layihələri və texnologiya transferi həyata keçirərkən, digər tərəfdən də Rusiyadan “Akula” sinfinə məxsus iki nüvə sualtı qayığını icarəyə götürərək, nüvə sualtı qayığı texnologiyası və istismarını öyrəndi. Bu model təkcə Türkiyəyə nüvə sualtı qayığı texnologiyasını öyrənməkdə praktiki fayda təmin etməyəcək, həm də dost/düşmən məfhumunun önündəki dumanların aradan qalxacağı yaxın gələcəkdə sualtı qayıq əməliyyatları ilə bağlı çeviklik təmin edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dünya   Türkiyə   Sualtı-Qayıq   Niderland  


Bizi "telegram"da izləyin