Ermənistan ordusuna atəş açmaq barədə göstəriş verilib? Köçəryan yazılmamış qanunlarla hərəkət etməyin tərəfdarıdır?

2024/04/1712568935.jpg
Oxunub: 692     20:18     24 Aprel 2024    
“168.am” nəşri Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Köçəryanın sabiq müdafiə naziri Arşak Karapetyana cavabına toxunub, 2021-ci il sərhəd döyüşləri zamanı Paşinyanla aparılan danışıqlarda sonuncuya bəraət qazandırmağa çalışıb. Nəşr Köçəryanın sərhəddə Ermənistan ordusuna atəş açmaq barədə verilmiş göstərişlərlə bağlı manipulyasiyalarına da toxunub.

Ordu.az nəşrin məqaləsini olduğu kimi təqdim edir:

“Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Köçəryan “Azadlıq” radiosuna açıqlamasında Arşak Karapetyanla Nikol Paşinyan arasındakı uzaq debata toxunub.

Andranik Köçəryan 2021-ci il noyabrın 14-də müdafiə naziri Arşak Karapetyanın Ermənistanda olmadığını təkzib etməyib, eyni zamanda Nikol Paşinyanın Ermənistanın keçmiş müdafiə nazirinin həmin gün Paşinyana sərhəddəki vəziyyətlə bağlı məruzə etməsi barədə dediklərini də inkar etməyib.

“Arşak Karapetyan Ermənistan Baş nazirinə hesabat verib, hesabatı Dubaydan, yoxsa Marsdan verməsinin nə əhəmiyyəti var? Aydındır ki, onun əlaqəsinin bütün vasitələri qoşulmuş vəziyyətdə olub, qayda belədir, deyilmi? Ona məruzə ediblər və o məruzə edib. Təbii olaraq çox mümkündür ki, həm ona, həm də Baş nazirə məruzə ediblər, amma Arşak Karapetyanın Baş nazirə hesabat verməsi göz qabağındadır”, - deyə Andranik Köçəryan vurğulayıb və Arşak Karapetyana kimin hesabat verdiyini açıqlamayıb.

Bəlkə Ermənistanda qalan və müdafiə naziri funksiyalarını yerinə yetirməli olan şəxs hesabat verib? Yəni Andranik Köçəryan Arşak Karapetyanın Ermənistanda olmadığını və ona da məruzə edildiyi faktını inkar etmirsə, Karapetyana nə dərəcədə düzgün məruzə edildiyi müzakirə olunubmu? Karapetyanın ona təqdim edilmiş hesabatı Nikol Paşinyana hansı şəkildə çatdırdığı başqa məsələdir. Bunlar mübahisənin hər iki tərəfinin cavab vermədiyi məntiqli suallardır.

Yeri gəlmişkən, Nikol Paşinyan 2021-ci il noyabrın 14-də “WhatsApp” tətbiqindən başqa hansı əlaqə vasitələri ilə Arşak Karapetyanla əlaqə saxlayıb? Paşinyan “WhatsApp” tətbiqi vasitəsilə öz sual-cavablarını “əks-tədbir” kimi “TikTok” rəsmi səhifəsində “sliv” edib.


Arşak Karapetyan buna xüsusi reaksiya verməyib, əvəzində Paşinyanın partiyasının üzvü Vilen Qabrielyan “Facebook” səhifəsində Paşinyana qarşı “hesabat” verib və bildirib ki, 2021-ci il noyabrın 14-də saat 10:00-da Zod-Xəzinəvar hadisələri ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin təcili iclası keçirilib. İclas zamanı Paşinyan Qabrielyanın 2-ci ordu korpusunda xidmət etdiyini nəzərə alaraq, ondan “şəxsi əlaqələr vasitəsilə vəziyyəti mümkün qədər dəqiq təsvir etməyə çalışmağı” xahiş edib.

“Otaqdan çıxmışam, qısa müddətdən sonra qayıtmışam və vəziyyəti təsvir etmişəm. Orada bizə təəccüblü olaraq rəsmi və qeyri-rəsmi məlumatların, yumşaq desəm, açıq-aşkar başqa cür şərh olunmasını aşkara çıxarmışıq”, - deyə hakim fraksiyadan olan deputat bildirib.

“Azadlıq” radiosu isə Andranik Köçəryana Arşak Karapetyanın cavab bəyanatını da xatırladıb. Həmin bəyanat bundan ibarətdir ki, 2021-ci ilin mayında, Azərbaycan Silahlı Qüvvələri əraziyə daxil olanda, o, Baş Qərargah rəisinin birinci müavini olub, əmr vermək və həmin əməliyyatlara müdaxilə etmək hüququna malik olmayıb və Nikol Paşinyan atəş açmamaq əmri verib.

Cavabında hakim fraksiyadan olan deputat, əslində, sualdan yan keçərək, Karapetyanın niyə Ermənistanda olmadığı sualını verib. “O deməyə çalışır ki, Baş Qərargah rəisinin müavini olub və belə səlahiyyətlərə sahib deyil? İndi mən ona qarşı çıxıram ki, o, Baş nazirin müşaviri olanda, ozamankı Baş Qərargah rəisi Artak Davtyanı idarə edirdi”, - deyə Andranik Köçəryan qeyd edib.

Yəni, Andranik Köçəryanın məntiqinə görə, Arşak Karapetyan 2021-ci ilin mayında Azərbaycanın irəliləyişləri zamanı prioritet məsuliyyətə malik olmayıbsa, yazılmamış qanunlarla nüfuzundan istifadə etməli idi və ya nüfuzundan istifadə edib, müdafiə nazirini və Baş Qərargah rəisini başdan “uçurmalı” idi?

Maraqlıdır, 44 günlük müharibəni araşdıran parlament istintaq komissiyasının sədri xatırlayırmı ki, “müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) “keçmiş komandiri” Mikayel Arzumanyana qarşı irəli sürülmüş ittihamın epizodlarından biri 2020-ci il sentyabrın 29-da Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəis müavini olmasına baxmayaraq, həmin vaxt “Areqa” yüksəkliyini tərk etmək və geri çəkilmək əmrini verdiyi ilə bağlıdır. Əlbəttə, bu ittihamın nə dərəcədə əsaslı olması başqa sualdır.

Andranik Köçəryan isə bir daha xatırladıb ki, Arşak Karapetyan ziddiyyətli açıqlamalar verdiyi üçün iki dəfə Aprel döyüşləri ilə bağlı istintaq komissiyasına çağırılıb. Atəş açıb-açmamaq əmrinə və Arşak Karapetyanın Paşinyanın onu atəş açmaq əmri verdiyinə görə vəzifəsindən azad etməsi barədə açıqlamasına gəlincə, Andranik Köçəryan bununla bağlı “Azadlıq” radiosunun sualını belə cavablandırıb: “Mənasız atəşlər olmamalıdır”. Yəni bunlar daha geniş miqyaslı əməliyyata çevrilə bilər.

“Bəs addım-addım gəlsələr, necə olacaq?” sualına Köçəryan cavab olaraq bildirib ki, bəs indi niyə gəlmirlər? “Arşak Karapetyanın problemi ondan ibarət idi ki, biz bir gün əvvəl müdafiə problemlərimizi həll etməliydik”, - deyə Köçəryan vurğulayıb. Bəlkə də Arşak Karapetyan Aprel döyüşləri ilə bağlı istintaq komissiyasında ziddiyyətli ifadələr işlədib və ya bu gün də manevr etməyi və özünə qarşı bütün ittihamların “altından çıxmağı” bacarır, lakin Andranik Köçəryanın da bundan uzaqda olmadığı faktdır.

Sözügedən müsahibədə müzakirə mövzusu 2021-ci ilin mayında Azərbaycanın irəliləyişləri və noyabr döyüşləri olub. Andranik Köçəryan bundan əvvəl bu hadisələrin kontekstində atəş açıb-açmamaq ilə bağlı nə deyirdi? O, 2023-cü ilin aprelində jurnalistlərə açıqlamasında bildirib: “Biz də atəş açırıq. Gəlin, ən vacib şeyi qeyd edək: bizim olan bizimdir. Əgər atəş açsalar, biz atəş açacağıq, əvvəllər onlar atəş açırdılar, biz atəş açmırdıq, onlar gəlirdilər, biz yerləri tərk edirdik. Əgər əvvəllər biz daha çox qurban verirdiksə, indi belə deyil”.

Daha sonra “Faktor”a açıqlamasında öz sözlərinə düzəliş verib, niyə də yox, söz oyununa əl atıb və psixoloji amilləri nəzərdə tutduğunu deyib. “Kim dedi ki, əmrlə atəş açmamışdılar. Bizim psixoloji kompleksimiz var idi ki, bu da ortadan qaldırılıb. Bu, müharibədən sonrakı kompleks adlanır, yəni əsgərdən tutmuş komandirə qədər məhdudlaşdırılmışdılar, çaş-baş qalmışdılar. Bu gün mənzərə tamamilə fərqlidir”, - deyə Köçəryan bildirib.

Andranik Köçəryan hətta redaktə olunmuş nitqində belə əslində Ermənistan tərəfindən olmuş atəş açmamaq əmri faktını təkzib etmir. Halbuki 2021-ci ilin mayında o, yenidən jurnalistlərlə brifinqdə Azərbaycanın atəş açması və buna cavab verilməsi məsələsinə toxunaraq qeyd edib: “Əgər bizə atəş açırlarsa, biz də atəş açmalıyıq. Nə bilirsiniz ki, atəş açmırıq? Doğru demirsiniz. Əks halda biz qurbanlar verərdik, özümüzü müdafiə etməzdik”.

“İndi addım-addım gəlmirlər” məsələsinə gəlincə, Andranik Köçəryan unudur ki, indi Azərbaycan 2021-2022-ci illərdə bütün strateji yüksəklikləri ələ keçirib, Ermənistan Silahlı Qüvvələrinin hərəkətini, kəndləri, kəndlərin əhalisini nəzarət altında saxlayır və fürsət halında yaxşı da Ermənistanın sərhədini keçirlər, amma azmış hesab edilirlər. Bu sıranı davam etdirmək olar.

Bəs niyə Nikol Paşinyan hakimiyyət dəyişikliyindən sonra Arşak Karapetyanı əvvəlcə özünə müşavir təyin edib, sonra isə onu Silahlı Qüvvələrə, Müdafiə Nazirliyinə qaytarıb? Halbuki Serj Sarkisyan 2016-cı ilin Aprel döyüşlərindən sonra Karapetyanı Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad edib. Andranik Köçəryanın dediyinə görə, Karapetyan istintaq komissiyasına ziddiyyətli məlumatlar verib. Bu yaxınlarda təşkil olunmuş mətbuat konfransında isə Paşinyan qeyd edib ki, onun Rusiya və ya rus dairələri ilə əlaqələrini nəzərə alıb. Əlbəttə, Karapetyanın “1 Mart” işi üzrə verdiyi ifadəni də unutmaq olmaz.

İndi Andranik Köçəryan Arşak Karapetyandan soruşur ki, əgər Paşinyan xaindirsə, niyə Nikol Paşinyan hökumətində əməkdaşlıq edib və işləməyə razılıq verib? “168.am” bu və digər oxşar sualları Ermənistanın keçmiş müdafiə nazirinə ünvanlayıb, lakin bunlar cavabsız qalıb.

Siyasi müraciət təqdim etmiş Nikol Paşinyanın keçmiş müşaviri hesab edir ki, keçmişə diqqət yetirmək lazım deyil. Halbuki bu gün bu keçmişi ən çox Paşinyan hakimiyyəti xatırladır və son nəticədə bir çox mövcud problemlərin cavabları, səbəbləri keçmişdə gizlənib. Hakimiyyət dairələrinin niyə bu mövzuları aktivləşdirdiyini zaman göstərəcək, vaxtilə Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanla bağlı olan, “İskəndər”in tətbiqinə dair biabırçı planın təsdiqlənməsi ilə əlaqəli olan mövzunun aktivləşdiyi və söndüyü kimi, bəlkə bu da sönəcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Atəş   Göstəriş  


Bizi "telegram"da izləyin