Xudafərin su anbarından Coğazçaya aparan yol – Su ehtiyatları uğrunda müharibədə də qalib Azərbaycandır!

2024/04/1713942940.jpg
Oxunub: 3830     14:23     24 Aprel 2024    
Ermənistanın “168.am” nəşri 44 günlük müharibə zamanı Xudafərin su anbarı ətrafında baş verən hərbi-siyasi təmaslara toxunub, hadisələri araşdırmağa çalışıb. Nəşr müharibə zamanı Ermənistan hərbi-siyasi rəhbərliyinin açıqlamalarından sitatlar gətirib, habelə bununla bağlı İranla heç bir təmasın baş tutmamasına diqqət çəkib. Məqalədə qeyd olunur ki, Azərbaycan su resurslarına nəzarət uğrunda ciddi işlər görür.

Ordu.az nəşrin məqaləsini olduğu kimi təqdim edir:

“Martın 15-də Azərbaycan mətbuatı İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəviyə istinad edərək yazıb ki, yaxın günlərdə İran və Azərbaycan prezidentləri “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının açılış mərasimində iştirak etmək üçün Xudafərinə səfər edəcəklər.

Bundan əvvəl Tehranda İran və Azərbaycanın enerji qurumlarının rəhbərlərinin görüşü olub.

Qeyd edək ki, bu sərhəd su anbarı strateji əhəmiyyətli qovşaqdır, həmin Xudafərin körpüsü və su anbarı 44 günlük müharibə nəticəsində Azərbaycanın tam nəzarətinə keçib. Azərbaycan tərəfi bu barədə 2020-ci il oktyabrın 18-də məlumat yayıb.

2023-cü il iyunun 22-də “168.am”a verdiyi müsahibələrdən birində Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan 44 günlük müharibə günlərində Xudafərin su anbarı sektorunda döyüş əməliyyatları, ona nəzarət edilməsi ilə bağlı dövriyyəyə qoyulmuş ziddiyyətli məlumatlara, eləcə də Paşinyanın “Azərbaycan tərəfi atəşkəsin ilkin şərtini qoyub ki, erməni qüvvələri su anbarının Azərbaycanın nəzarəti altında olacağı və onların oradan suvarma məqsədilə su götürə biləcəkləri şəkildə Araz çayı boyunca Xudafərin su anbarına qədər geri çəkilməlidirlər” bəyanatına toxunaraq qeyd edib:

“Əvvəla, onu deyim ki, o vaxt Azərbaycan tərəfinin belə bir tələb irəli sürməsindən xəbərim olmayıb, bu barədə ilk dəfə Paşinyanın bəyanatından eşitmişəm. Xudafərinlə bağlı ziddiyyətli məlumatlara gəlincə, olduğum yerdə mediadan məlumatım yox idi, o zaman informasiya axınını izləyə bilmirdim, amma deyə bilərəm ki, oktyabrın əvvəlində Xudafərin su anbarı, körpü mütləq müdafiəmizin dərinliyində olub. Orada ilk geri çəkilmələr oktyabrın 15-də başlayıb, Xudafərin körpüsünə nəzarətin itirilməsi isə oktyabrın 18-19-da olub”.

Xatırladaq ki, 2020-ci il oktyabrın 20-də Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz Facebook səhifəsində yazıb: “Rəqib xeyli itki verərək, cənub istiqamətində, Xudafərin su anbarına doğru geri çəkilir... Xəbərdar etmişdik ki, cəhənnəmə daxil olursunuz”.

Onu da əlavə edək ki, Nikol Paşinyan 2023-cü il iyunun 20-də istintaq komissiyasında oktyabrın 7-də Rusiya Prezidenti ilə telefon danışığı apardığını, ertəsi gün isə sonuncunun Azərbaycan tərəfinin atəşkəs üçün ilkin şərtinin olduğunu bildirdiyini bəyan edib. İlkin şərt bu olub ki, Azərbaycan tərəfi Füzulinin döyüşsüz onlara təhvil verilməsini və erməni qüvvələrinin Araz çayı boyunca Xudafərin su anbarına doğru geri çəkilməsini, su anbarının Azərbaycanın nəzarətində olmasını və suvarma məqsədilə oradan su götürülməsini gözləyir.

“Mən dedim ki, ilkin şərtlər qəbuledilməzdir. Çünki biz Rusiya Prezidenti ilə razılaşdıq ki, atəşkəs ilkin şərtlər olmadan təsdiq olunmalıdır və bundan sonra mən qoşunların geri çəkilməsinə razı olsam belə, geri çəkilmə zamanı Azərbaycanın hərbi əməliyyatlar zamanı hücumu davam etdirməyəcəyinə zəmanət yoxdur. Lakin müəyyən çeviklik göstərərək qeyd etdim ki, Xudafərin su anbarının suyundan birgə istifadə mümkündür, yəni “Qarabağ” (separatçılar – red.), məncə, Azərbaycanın su anbarından su götürməsinə mane olmaya bilər”, - deyə Paşinyan davam edib.


Maraqlıdır ki, Nikol Paşinyanın bu məsələ ilə bağlı İran lideri ilə telefon danışığı olmayıb, çünki bu, İran sərhədi ilə bağlı idi. Üstəlik, o, özbaşına fəaliyyətə icazə verib və Azərbaycana hansısa təkliflər ötürüb, adını da siyasi çeviklik qoyub, hətta “Qarabağ”ın adından vədlər verib.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Ermənistanın ikinci prezidenti Robert Köçəryan 5-ci kanala verdiyi müsahibədə şimalda rəqibi dayandırmağın, Suqovuşan boyunca, Tərtərçayın sağ sahilindəki yüksəliklərdə yeni sədd qurmağın və şimal istiqamətində “Yeğnikner” mövqeyini möhkəmləndirməyin uğurlu olduğunu, cənubda isə cəmi 14 km-də dözmədiyimizi və elə ilk gün geri çəkildiyimizi deyib.

“Məhz həmin 14 kilometrdə azərbaycanlılar hücumlarını inkişaf etdirdilər, Cəbrayıla, Hadruta, birbaşa Xudafərinə, Qubadlıya, Zəngilana şaxələndilər və bütün bu müddət ərzində yeni bir xətt formalaşdıra bilmədik. Niyə? Çünki o vaxt bir sıra hərbçilər üçün çox şübhəli olan hərbi əməliyyat keçirməyə cəhd ediblər”, - deyə Köçəryan qeyd edib və xatırladıb ki, Nikol Paşinyan RBK ilə söhbətində gedişatda olan hərbi planları açıqlayıb.

Yeri gəlmişkən, 2016-cı ilin Aprel döyüşləri zamanı Xudafərin su anbarı əslində Azərbaycanın hədəfində olub, lakin 2016-cı ilin fevralında Azərbaycan və İranın resurslardan istifadə, Araz çayında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının inşası və istismarı haqqında müqavilə imzaladıqları məlum olanda məqsədlərinə çata bilməyiblər.

Sənədə əsasən, İran Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər su elektrik qovşaqlarının və su elektrik stansiyalarının tikintisinin başa çatdırılmasını, su elektrik qovşaqlarında və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunub saxlanılmasını və istismarını təmin etməli idi. Müqavilədə qeyd olunurdu ki, “Xudafərin” və “Qız Qalası” Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdiyindən tərəflər bu obyektlərdən bərabər hüquqlarla istifadə etməlidirlər.

Hətta Qarabağın tamamilə itirilməsindən və ya Sərsəng su anbarının Azərbaycanın nəzarətinə keçməsindən əvvəl, müxtəlif hesablamalara görə, 44 günlük müharibə nəticəsində Qarabağın su ehtiyatlarının bir hissəsi - 24 su anbarından 22-si Azərbaycanın nəzarətinə keçib. 2021-ci ilin oktyabr ayına olan məlumata görə, müxtəlif Azərbaycan mənbələri azad edilmiş ərazilərin ümumi su ehtiyatının 2 milyard kubmetrə yaxın olduğunu və bunun gələcəkdə Azərbaycanın içməli və suvarma suyu problemlərini həll edəcəyini bildirib.

2021-ci ilin noyabrında “168.am” yazmışdı ki, Azərbaycan hətta Ermənistanın suveren ərazisində əməliyyatlar apararkən belə, su ehtiyatları uğrunda müharibə məsələsini nəzərə alır, buna görə də irəliləyişlər zamanı gələcək müharibədə qalib gəlmək üçün Ermənistanın su ehtiyatlarının mənbələrində məskunlaşır.

Bu gün artıq Azərbaycan KİV-ləri aktiv şəkildə Ermənistanın Qazax rayonunun su resurslarını özəlləşdirdiyini yazır və Azərbaycanın Tavusla bağlı ərazi tələbini xatırladır. Halbuki 2022-ci ildə bizə məlum olmuşdu ki, Azərbaycan tərəfi Coğazçay su anbarına və ya Berkaber istiqamətində, üstəlik, Berkaberin “ağzı”ndan bir neçə yeni yol çəkməyə hazırlaşır.

Daha konkret desək, nəinki cənub-qərbdə Ermənistanın Berkaber kəndi, qərbdə isə Berkaber su anbarı ilə həmsərhəd olan Qızılhacılı kəndi sektorunda yol qazılıb, həmçinin su anbarına doğru irəli gəliblər və qazıblar, bizim ərazimizdə, sərhədimizdən içəridə də qazıblar. Su ehtiyatları uğrunda müharibələr isə hələ davam edəcək, Ermənistan hökuməti bu problemə nə dərəcədə ciddi yanaşır, yoxsa Paşinyan bu müharibəyə hazırlaşmağı vacib hesab etmir...?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Su-ehtiyatı  


Bizi "telegram"da izləyin