Yunanıstanın hərbi xərcləri: Yenə çıxılmaz vəziyyət?

2024/04/yunan-1713770757.jpg
Oxunub: 503     17:24     24 Aprel 2024    
Hərbi xərclərində kranı sona qədər açan Afina müxtəlif sahələrdə mühüm alışlar edir. Türkiyənin bu prosesi çox yaxından izlədiyinə diqqət çəkən ekspertlərin sözlərinə görə, xüsusilə son tələblərlə 40 milyard avroya çata biləcək xərclər Yunanıstan iqtisadiyyatını bir daha iflasa uğrada bilər.

Son zamanlarda demək olar hər həftəyə Yunanıstanın yeni hərbi xərcləri ilə başlayırıq... Bəzən təyyarə, bəzən raket, bəzən də dəniz platformaları ilə bağlı olan bu proseslərdə ən diqqət çəkən məsələlərdən biri Afinanın bütün bunları “pul kəsərək” almasıdır. Ən böyük gəliri gəmiçilik və turizm olan ölkənin milyardlarla dollarlıq hərbi alış-veriş etməsi yaxın keçmişi xatırladır. Əvvəllər Türkiyə ilə silahlanma yarışına girən, bu sahədə və digər əsas məsələlərdə büdcəsindən qat-qat artıq xərclərə imza atan Yunanıstanın Aİ və BVF-nin dəstəyi ilə iflas astanasından qayıtdığı günlər uzaqda deyil.

Ancaq bu gün bu məqamda Afina xüsusilə hərbi xərclərdə əlini bir daha qaldırdı. O, son dərəcə müasir və bahalı sistemlər almaq üçün “qollarını çırmaladı”. Türkiyə müdafiə sənayesi araşdırmaçısı Kubilay Yıldırım Yunanıstanın hərbi xərclərinin mümkün təsirləri və bütün bunların Ankaradan necə göründüyü barədə danışıb.

1990-cı illərdə ABŞ və Fransanın da təsiri var idi

Yıldırım əvvəlcə qısa bir xatırlatma edir, Yunanıstanın əslində 1990-cı illərdə sistemli və ağıllı şəkildə həyata keçirdiyi silahlanma siyasətinin olduğunu qeyd edir. Bu nöqtədə ABŞ və Fransa kimi iki fərqli mənbədən alınan döyüş təyyarələri önə çıxır. Yıldırım deyir: “Bunlar həm siyasi risklərin bölüşdürülməsinə, həm də çox fərqli fiziki xüsusiyyətlərə və imkanlara malik təyyarələrin alınmasına imkan verirdi”.

Yıldırım daha bir misal gətirir... O, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) inventarından çıxarılan və çox uzun mənzilli taktiki bombardmançı təyyarələr olan A-7-lərin alınmasını xatırladır. Yıldırım sözügedən təyyarələrin uçuş məsafəsinin Kritdən Ankaraya qədər uzana bilməsini həmin dövr üçün “diqqətəlayiq” adlandırır.

2008-ci il böhranı dönüş nöqtəsi oldu

Yunanıstanın bu ağlı 2000-ci illərdə itirməyə başladığını izah edən Yıldırım ən mühüm qırılma nöqtələrindən birinin 2008-ci il maliyyə böhranı olduğunu xatırladır. Burada mötərizə açıb qeyd edək ki, o zaman Yunanıstan beynəlxalq təşkilatlar tərəfindən “borcunu ödəyə bilməyəcək vəziyyətdə” kimi qeyd olunurdu. Yunanıstanda baş verən iqtisadi yanğının Avrozonada böyük maliyyə böhranı yaradacağı səbəbiylə Aİ və BVF 2010-2015-ci illər arasında Yunanıstan üçün 260 milyard avroluq xilasetmə paketi ilə ölkəni iflasdan xilas etdi.

Yıldırım o dövrü təsvir edərək deyir: “Yunanlar mövcud təyyarə və gəmi parkını laqeydlik və həddindən artıq istifadə ilə tükəndirdilər. Onların taktiki təyyarə parkı və donanması həm texnoloji cəhətdən geri qalır, həm də kifayət qədər köhnəlib”.

Yunanıstanın son alışları necə oxunmalıdır?

Kubilay Yıldırım bu suala belə cavab verir: “Xüsusilə Şərqi Aralıq dənizindəki gərginlikdən sonra Yunanıstan aldığı siyasi dəstək və xarici maliyyə ilə 90-cı illərin fəlsəfəsini xatırladan çox ağıllı silahlanma siyasətinə keçdi”.

O, sözlərinə belə davam edir:

“Burada bir üçayaq görə bilərik... Birinci ayaq Türkiyə ilə baş verə biləcək qəfil, çox sürətli hava/dəniz münaqişəsində bir neçə nöqtədə çox yüksək zərbə gücünə sahib olmaqdır. İkinci ayaq Şərqi Aralıq dənizi və Kiprdə hava qüvvələrinin fəaliyyət göstərə və əməliyyat yerinə yetirə biləcəyi əraziyə çatmaq və bunu dəniz platformaları ilə dəstəkləməkdir. Üçüncü ayaq isə öz inventarını gücləndirmək və mövcud platformaların sayını, pilot və texniki qulluqçu bacarıqlarını artırmaqdır...

Qeyd etdiyimiz bu üçlü strukturda Afinanın əsas məqsədi Türkiyə ilə mümkün bir münaqişə vəziyyətində qısa müddətdə təsir yaratmaqdır. Daha aydın desək, bu, Qərbin böyük dövlətləri işə qarışana qədər Türkiyəyə mümkün qədər çox zərər verməkdir. Bir “oldu-bitdi”yə məruz qalmamaq onlar üçün prioritetdir. Onlar hətta bunu tərsinə çevirmək və lazım gələrsə, “oldu-bitdi” yarada biləcək güc əldə etmək istəyirlər. Bu səbəbdən məhdud sayda da olsa yüksək performanslı platformalar və onların xüsusi silah sistemlərini almaq yoluna getdilər”.

Təkcə Egeydə deyil, Aralıq dənizində də təsir göstərmək istəyirlər

Yunanıstanın son alışlarından ən yadda qalanlarını saysaq, Fransadan aldıqları ikinci əl “Rafale” təyyarələri, 150 kilometri keçən “Meteor” “hava-hava” raketləri, “Scalp NG” qanadlı raketləri, F-16 parklarının ən üst paketlərlə modernləşdirilməsi, ABŞ-dən gələcək havada yanacaq tədarükü təyyarələri ilk sıralarda gəlir.

Kubilay Yıldırım da bunlara işarə edir, lakin KC-135 tipli havadan yanacaq dolduran təyyarələr üçün ayrıca mötərizə açır. O bu satınalma ilə Yunanıstan HHQ-nin xüsusilə Şərqi Aralıq dənizində çox uzun müddət fəaliyyət göstərmə və Egey üzərində uzun patrul uçuşları həyata keçirmə qabiliyyətinə sahib olacağını vurğulayır.

O qeyd edib ki, Yunanıstan beləliklə uzun illərdir əldən verdiyi bir qabiliyyəti əldə edəcək: “Bu nöqtədə ABŞ HHQ Yunanıstan HHQ-yə havada yanacaq doldurma təlimi verməkdən çəkinməyəcək. Hazırda Yunanıstan HHQ-yə namizəd pilotlar İsraillə birgə yaradılmış təlim mərkəzində uçuş və ilkin hava döyüş təlimləri alırlar. “Rafale”nin alınması ilə Fransa HHQ ilə intensiv qarşılıqlı təlimlər aparılır”.

Yıldırım qısa müddətdə təhvil verilə bilməyəcək kimi görünsə də, F-35-lər üçün də mötərizə açaraq, bu cür üstün xüsusiyyətlərə malik bir təyyarənin inventara əlavə edilməsini çəkindirmə baxımından diqqətəlayiq hesab edir.

Yunan iqtisadiyyatı bütün bunların öhdəsindən gələ bilərmi?

Bəzən sahib olmadığın pulu xərcləmək asandır. Bəzi iqtisadçıların fikrincə, Yunanıstan hökuməti də oxşar prosesdən keçir. Kubilay Yıldırım yuxarıda qeyd etdiyi sistem və platformaların Yunanıstan iqtisadiyyatına mümkün təsiri ilə bağlı suala belə cavab verir:

“Yunanıstan hava və dəniz qüvvələrinin bu günə qədərki satınalmaları həm ağıllı, həm də sərfəli olsa da, Yunanıstan hakimiyyətinin son vaxtlar siqnal verdiyi əlavə layihələr, çox güman ki, Yunanıstan iqtisadiyyatının belini qıracaq. Bu günlərdə haqqında danışılan F-35 satınalması, 6 əlavə “Rafale” təyyarəsi, heç cür irəliləməyən “Mirage-2000” modernləşdirməsi, davam edən F-16 modernləşdirməsi, FDI freqat tədarük layihəsi və bundan əlavə, axtardıqları köhnə dəniz platformalarının modernləşdirilməsi çox böyük büdcə deməkdir.

Bundan başqa, Yunanıstanın müdafiə naziri Nikos Dendiasın gündəmə gətirdiyi yeni nəsil “Constellation” sinfinə məxsus ABŞ freqatlarının Yunanıstanda və Yunanıstanın istəklərinə uyğun olaraq istehsalı isə artıq realist bir planı deyil, arzunu ifadə edir. Çünki bütün söhbətlərin Yunanıstana sursat və dəstək sistemi xərcləri ilə birlikdə 40 milyard dollara başa gəlməsi mümkündür. Söhbət Yunanıstan iqtisadiyyatını sarsıdacaq qədər böyük bir xərcdən gedir”.

Bütün bu hadisələr Ankara üçün nə deməkdir?

Afinanın silahlanma hərəkətlərinin ən yaxından izlənildiyi yer Ankaradır desək yanılmarıq. Kubilay Yıldırım məsələnin Türkiyə ölçüsünə də qısaca toxunur. O, Yunanıstanın xüsusilə qərb paytaxtlarında hüquqi ekvivalenti olmayan tezisləri üçün tərəfdarlar axtardığını, bunun üçün başda ABŞ olmaqla müxtəlif beyin mərkəzlərində insanları işə götürdüyünü, xüsusilə Konqresin üzvləri ilə detallarını bilmədiyimiz əlaqələr inkişaf etdirmə məsələsində səy göstərdiyini və pul xərclədiyini xatırladır. Yıldırım bildirir:

“Yunanıstan bir neçə il ərzində öz inventarını yeniləməsi və arxasında hiss etdiyi “siyasi külək” səbəbiylə, məsələn, Egeydə 12 millik ərazi su/hava sahəsini elan etmək kimi bir nəticə əldə etməyi planlaşdıra bilər. Türkiyə hər cür yerli sistemin yetkinlik səviyyəsinə çatdıqda, onları kifayət qədər miqdarda istehsal etdikdə və bəziləri kifayət qədər yenilikçi olan bu sistemlərə uyğun əməliyyat konsepsiyaları inkişaf etdirdikdə, Yunanıstan bu müvəqqəti üstünlüyünü itirəcək.

Əlbəttə, quyuya su tökməklə quyu dolmaz, amma Türkiyə sənayesinin də çəkindiriciliyə töhfə verməsi üçün müəyyən vaxt lazımdır. Bu səbəbdən də qarşıdakı 3-4 il çox kritikdir. Bu hadisələrin Ankaranın da radarında olduğunu şərh etmək olar. Çünki ABŞ-dən alınacaq yeni F-16 “Blok 70” təyyarələri, modernləşdirmə dəstləri və bəlkə də Türkiyə tarixindəki ən böyük hərbi sifarişlər siyahısı Afinanın “oldu-bitdi” həvəsinin qarşısını alacaq qədər əhatəlidir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Hərbi-xərc  


Bizi "telegram"da izləyin