Şəhid Ülvü Hüseynovun anadan olmasının 36-cı ildönümü qeyd olunub

2024/04/80c48-5140886652.jpg
Oxunub: 178     10:20     21 Aprel 2024    
İkinci Fəxri xiyabanda şəhid, kapitan Ülvü Möhsün oğlu Hüseynovun anadan olmasının 36-cı ildönümü qeyd olunub. Şəhidin doğum günündə ailə üzvləri, Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələri eləcə də başqa qonaqlar əvvəlcə məzarı üstünə tər çiçəklər qoyublar.

Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani şəhid kapitan Ülvü Hüseynovun məzarı önündə çıxış edərək mərhumun həyatından, döyüş yolundan söz açaraq dedi ki, Ülvü Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Sabir kəndində doğulub. Heydər Əliyev adına Hərbi Liseydə oxuyub, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi institut) "motoatıcı" ixtisası üzrə təhsil alıb. Zabit kimi hərbi xidmətini cəbhə bölgəsində keçirib.

İkinci Fəxri xiyabana xitabən - "Müqəddəs ünvandı bu yer, bu məkan. İllər ötür, nəsillər dəyişilir, hər şey unudulur, yaddan çıxır, amma unudulmayan, yaddan çıxmayan, torpaq uğrunda şəhid olan qardaşlarımızdı. Ülvü və onun kimi qeyrətli, cəsur oğulların sayəsində bu gün torpaqlarımız düşmən tapdağından azaddır. Ona görə də bu gün onların ruhu şaddır".

Polkovnik Abdulla Qurbani daha sonra qeyd edib ki, o, 1992-ci ildə Ordubad rayonunun Sabir kəndində Birinci Qarabağ müharibəsi şəhidinin dəfn mərasimində iştirak edib. O zaman Vətənimizin hər yerində olduğu kimi, Ordubadda da gənclər könüllü cəbhəyə gedirdilər. Onların da bir arzusu, bir amalı vardı: Vətən torpağını qorumaq. Ülvü də onların vətənpərvərliyindən ruhlanaraq böyüyəndə hərbçi peşəsini seçmişdi. Kapitan rütbəsinə qədər yüksəlmişdi. İkinci Qarabağ müharibəsində Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçdi. Müharibənin bitməsinə bir gün qalmış Şuşada şəhadətə ucaldı. Ülvü hər birimizin qəlbində əbədiləşdi.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ülvü Hüseynov "Qarabağ" ordeni ilə təltif olundu. Polkovnik Abdulla Qurbani şəhid Ülvü Hüseynovun oğlu Nihada müəllifi olduğu "Vətən müharibəsi şəhidləri" kitabını hədiyyə edib.

Şəxsi Heyət Baş İdarəsi Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə İş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova şəhidin anasına, həyat yoldaşına səbir dilədi. Xalqımızın şəhid qəhrəman oğullarla həmişə fəxr etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə həmişə diqqət və qayğı göstərdiyini bildirib.

Şəhidin qohumları, "Uğurlu yol" qəzetinin baş redaktoru və digər çıxış edənlər Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq, şücaət göstərərək şəhid olanlardan, həmçinin Ülvünün keçdiyi döyüş yolundan bəhs etdilər. Şəhidlərin və döyüşlərdə yaralananların göstərdiyi qəhrəmanlıqlara görə bu gün torpağımızın erməni tapdağından azad edildiyini bildiriblər.




Bəxtiyar Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu   Şəhid  


Bizi "telegram"da izləyin