Milli Məclisdə Yeni Kaledoniya ilə bağlı konfrans keçirilib - YENİLƏNİB

2024/04/76cc4-1713439604.jpg
Oxunub: 218     20:21     18 Aprel 2024    
Aprelin 18-də Milli Məclisdə "Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş elmi konfrans keçirilib.

Ordu.az xəbər verir ki, tədbirin moderatoru - Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc konfransda aparılacaq müzakirələrin əhəmiyyətindən söz açıb. Son illər ölkəmizin müasir müstəmləkəçilik əleyhinə hərəkatın önündə getdiyini təqdirlə vurğulayan komitə sədri Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsindən sonra Fransanın ölkəmizə qarşı aşkar ədalətsiz mövqe tutmasının onun müxtəlif diplomatik-siyasi pərdələrlə örtülən çirkin imperialist siyasətini ifşa etdiyini bildirib. Ölkəmiz əleyhinə kampaniya aparan rəsmi Parisin Cənubi Qafqazda hər bir vəchlə yerləşmək cəhdləri, Ermənistandan alət kimi faydalanmaq planı onun müstəmləkə siyasətinin mahiyyətindən irəli gəlir. Lakin Prezident İlham Əliyev neoimperial siyasətlərə qarşı əzmlə və qətiyyətlə dayanıb. Bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupu dövlətimizin siyasi iradəsinin nümayişidir.

Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naisselin hazırda Yeni Kaledoniya adasını öz müstəmləkəsi kimi idarə edən Fransanın yerli kanak xalqına qarşı yürütdüyü imperialist siyasətindən, hüquqlarının pozulmasından söz açıb, onların azadlıq mübarizəsindən və bu mübarizədə üzləşdiyi çətinliklərdən bəhs edib. O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır.

Omayra Naisselin Yeni Kaledoniyanın apardığı azadlıq mübarizəsinə verdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. O deyib ki, parlamentlərimiz arasında bağlanan əməkdaşlıq memorandumu Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Qarabağ zəfərinin müasir dünyaya xalqların rifahının və hüquqlarının təmin edilməsinin daha bir nümunəsini göstərdiyini bildirib. Vurğulayıb ki, Fransanın Azərbaycana qarşı ədalətsiz mövqeyi, öz imperialist siyasəti ilə Yeni Kaledoniya kimi dövlətləri əsarətdə saxlaması demokratiya prinsiplərinə və insan hüquqlarının aliliyinə ziddir.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov isə Azərbaycanın beynəlxalq arenada dekolonizasiya prosesini təşviq etməsindən, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləməsindən danışıb, Qrupun fəaliyyəti, kolonializmlə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Digər çıxış edənlər Fransanın yeni müstəmləkəçilik siyasəti, xalqları əsarətdə saxlaması, onların təbii sərvətlərini talan etməsi və digər məsələlər barədə fikirlərini bildiriblər.

Yeni Kaledoniya parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi onların ədalət və azadlıq uğrunda apardıqları haqlı mübarizədə göstərdiyi ardıcıl dəstəyə və konfransın ölkəmizdə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.

***

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

Ordu.az-ın xəbərinə görə, konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Naisseline Omayra və Milli Məclisin deputatları iştirak edirlər.

Qeyd edək ki, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Məclis   Yeni-Kaledoniya  


Bizi "telegram"da izləyin