İran-İsrail toqquşmasından qazananlar və uduzanlar kimlərdir? – ANALİZ

2024/04/2024--1713443817.jpg
Oxunub: 566     16:25     18 Aprel 2024    
Aprelin 13-də İran İsrailin aprelin 1-də Dəməşqdəki konsulluğunu bombalamasına cavab verib.

Aprelin 1-də baş verən hücumda 2-si general olmaqla, 7 yüksək rütbəli İnqilab Keşikçiləri Korpusunun üzvü həyatını itirib. İranın öz ərazisindən həyata keçirdiyi cavab zərbələrində onlarla Pilotsuz Uçuş Aparatı (PUA) və qanadlı raketlərdən istifadə edilib. Atılan sursat sayca təsirli olsa da, demək olar ki, hamısı İsrailin “Dəmir Günbəz”i və müttəfiq Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən tutuldu və nəticədə heç bir itki olmadı.

Tehranın bölgədəki tərəfdarları vurğulayırlar ki, İran ilk dəfədir regional vəkillərinə müraciət etmədən İsraili birbaşa hədəfə alır. Belə bir qərarın Tehranın fəaliyyətinə təsiri nə olursa-olsun, bu epizod bir çox qazananları və uduzanları üzə çıxardı.

İntiqamın 2 qazananı

Bu həmlənin ən böyük qazananı İsrail, xüsusilə də Baş nazir Benyamin Netanyahu oldu. Netanyahu son həftələrdə Qərb siyasi dairələrindəki bir çox tərəfdarını qəzəbləndirib. Netanyahu Qərbin İsrailə hərbi və siyasi dəstəyini davam etdirəcəyinə dair vədini təzələmək üçün İranın cavab tədbirinin təqdim etdiyi fürsətdən istifadə etdi.

Müharibə başlayandan bəri tərəddüd etmədən İsrailə dəstək verən Amerika Birləşmiş Ştatlarına (ABŞ) və əsas Avropa ölkələrinə verdiyi bu mesajla İsrail Baş naziri ötən ay ABŞ Senatının çoxluğunun lideri Çak Şumerin Netanyahunun siyasi taleyi və Qəzzada “soyqırımı cəhdi” ilə bağlı sərt tənqidlərini və bununla bağlı konkret müzakirələri uğurla geri çevirdi.

İran yerli ictimaiyyətdə və Yaxın Şərqdə rəğbət bəsləyənlərin gözündə zədələnmiş reputasiyasını qoruyub saxlayaraq, digər qazanan oldu. Əgər Tehran İsrailin İran konsulluğuna hücumuna cavab verməsəydi və ya İsrailin şimalında “Hizbullah”ın əliylə son dərəcə simvolik bir neçə hücumla kifayətlənsəydi, İranın etibarlılığı ciddi şəkildə şübhə altına alınacaq və onun klassik “regional gərginlikdən yayınma” bəhanəsi işə yaramayacaqdı. İran üçün reputasiya xilas edici olan bu tədbir, görünür, hələlik problemi həll edib.

Bundan başqa, İran öz bəyanatında Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək, cavab tədbirinin konsulluğa hücuma cavab olduğunu təkrarlayıb. Beləliklə, İran oktyabrın 7-dən sonrakı həftələrdə ABŞ-yə söz verdiyi kimi, Qəzzada müharibədən qaçmaq öhdəliyini saxladı. Buna görə də İran bu addımı İsrail-Fələstin münaqişəsindən kənarda tutdu və cavab tədbirinin bu şəkildə qəbul edilməsinin vacibliyini vurğuladı.

Kim uduzdu?

İsrailin Qəzzadakı hərbi əməliyyatına məruz qalan şəxslər uduzan tərəfdə yer aldı. Üstəlik, bu hadisə dünyanın diqqətini İrana yönəltdi və İran pis adam rolunu üzərinə götürdü. İsrailin İranın nüvə obyektlərinə hücumu ehtimalı İranın bu cür hücumlara necə cavab verəcəyi və ya Suriya və İraqdakı vəkilləri vasitəsilə regional təsirini necə canlı tutacağı ilə bağlı suallar və fərziyyələr yaradır.

Bu cür müzakirələr diqqəti Qəzzadan başqa bir məsələyə yönəldir. Bu, Qərb mediasının diqqətini mülki itkilər haqqında məlumatlılığı azaltmaq riski daşıyır. Beləliklə, Tehran Təl-Əvivin hiyləsinə düşdü və İsrailin gündən-günə uduzduğu rəvayətlər müharibəsindən çox ehtiyac duyulan xilası təmin etdi. Üstəlik, Qərbin israilyönlü rəftarı ilə İsrail hərbi əməliyyatlarını daha da gücləndirə bilər.

Ayrılmaz üçlük

Tehranın cavabı İsrailin İran konsulluğuna hücumuna tam cavab olmasa da, regiondakı rəğbət bəsləyənlər, xüsusən də Müqavimət Oxu adlandırılan qrup daxilində reputasiya üstünlüyü təmin etdi. Tehran Birinci Körfəz müharibəsi zamanı yalnız Səddam Hüseynin bacardığı İsrailə birbaşa zərbə endirməyə qadir bir aktor kimi imicini gücləndirdi. Eyni şəkildə, Tehranın gücləndirilən statusu İsrailin Qərbdən davamlı siyasi, hərbi dəstək almasına və ABŞ-nin mövcudluğunun davam etməsinə imkan verir. Bu üçtərəfli əlaqə regional geosiyasət haqqında çox şeyi ortaya qoyur. ABŞ, İran və İsrailin təmsil olunduğu ayrılmaz üçlüyün Yaxın Şərq məsələsinə necə zərər vurduğu göz qabağındadır.

İranın cavab tədbirinin qismən İsrailin Qəzzaya hücumuna cavab olduğu iddia edilsə də, İran əslində İsrailin istədiyi rəvayətə xidmət etdi. O, həmçinin bir çox amerikalı seçicilər arasında populyar olan Yaxın Şərqdən geri çəkilmə ritorikasına baxmayaraq, Birləşmiş Ştatların bölgədəki hərbi izini qoruyub saxlamaq üçün bəhanələr təmin edir. İranın cavabı mürəkkəb manevrlərlə xarakterizə olunan Qərb filminin ssenarisini xatırladır. Bir aktor faktiki zərər vermədən digərinə təhlükə hissi yaradır. Daha sonra təhdid altında olduğu anlaşılan aktor 3-cü şəxsi şerif rolunu öz üzərinə götürməyə, müdafiəni təmin etməyə və tarazlığı bərpa etməyə çağırır.

Bu arada vəkilləri vasitəsilə çatdırdığı ABŞ-nin Yaxın Şərqdən çıxarılması və İsrailin Qəzzadakı hərbi əməliyyatlarına son verilməsi kimi hədəfləri yerinə yetirilmədikdə belə Tehran bölgədəki hədəf kütləsi arasında reputasiyasını artırdı. Bir sözlə, Yaxın Şərqdə heç bir şey göründüyü kimi deyil. Məzhəbdən olmayan insanlara qatı düşmənlər kimi görünən bu aktorların elan etdikləri hədəflər bir-birləriylə işləyir kimi görünsə belə, maraqlarının üst-ütə düşdüyü br vəziyyətlə qarşılaşa bilərik.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail   Dəməşq   Toqquşma  


Bizi "telegram"da izləyin