Yüksək döyüş hazırlığı sülhün təminatıdır

2024/04/43210-3426740058.jpg
Oxunub: 347     17:23     16 May 2024    
Bölmələr hər zaman olduğu kimi, yenə təlim məşqlərinə davam edir. Artilleriya bölmələrində də şəxsi heyət əvvəlcə tərtib olunmuş dərs cədvəlinə uyğun ərazidə bilik və bacarığını artırırdı. Baş leytenant Teymur Süleymanov tabeliyində olan bölməsi ilə məşğələ rəhbərlərinin başçılığı altında təlim yerlərinə yola düşdülər. Təyin olunmuş nöqtəyə çatdıqda öz yerlərini tutdular. Zabit Teymur Süleymanov məşğələnin gedişinə, mövzu və məşğələnin əsgərlər tərəfindən necə mənimsənildiyinə nəzarət edirdi.

Baş leytenant Teymur Anar oğlu Süleymanov Naftalan şəhərində doğulub boya-başa çatıb. 2009-cu ildən ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi müxtəlif vəzifələrdə xidmət edib. Lənkəran Dövlət Universitetini bitirib. 2017-ci ildə "Zabit hazırlığı kursu"nu bitirərək, artilleriyaçı ixtisasına yiyələnib. Teymurun uşaqlıq illəri döyüş bölgəsində, düşmənlə təmas xəttinə yaxın ərazidə keçib. Ermənilər cəbhə bölgəsində mövqelərimizi tez-tez atəşə məruz qoyanda partlayan mərmilərin səsini çox eşitmişdi. Böyüyəndə mütləq hərbçi olmaq istəmişdi ki, düşməndən qisas alsın. Qarşıda ucalan dağların da doğma Vətənimizin bir parçası olduğunu və mənfur ermənilər tərəfindən işğal edildiyini biləndə lap təəssüflənmişdi. Özü-özünə sual da vermişdi ki, necə ola bilər ki, ermənilər bu qədər ərazilərimizi işğal edib, soydaşlarımızı dədə-baba yurdundan didərgin salsınlar? Bu acı həqiqətləri görüb duyan Teymur böyüyəndə mütləq hərbçi olacağına qərar verir.

Uzun sürən atəşkəs dövründən sonra 2016-cı ildə Aprel döyüşləri kimi tarixə düşən döyüşdə Teymur da iştirak edib. O, Talış kəndi ətrafında bir neçə gün davam edən döyüşlərdə heyət komandiri kimi döyüş tapşırığını yerinə yetirib, ona verilən hədəflərə dəqiq zərbələr endirib. O zaman vacib yüksəklikləri düşməndən azad edən ordumuz qısa müddətdə böyük uğur qazanıb.


İkinci Qarabağ müharibəsi zamanı Teymur cəbhənin Tovuz istiqamətində xidmətdə olub. Zabit komandiri olduğu bölmə ilə ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirib. Nümunəvi xidmətlərə görə baş leytenant Teymur Süleymanov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə" və "Vətənə xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif olunub.

Döyüş maşınının komandiri əsgər Zahid Məmmədli bir ilə yaxındır ki, xidmətdədir. O, Yevlax rayonundan ordu sıralarına çağırılıb. Vətən qarşısında əsgəri borcunu şərəflə, ləyaqətlə başa vurmaq onun başlıca məqsədidir. Artıq torpaqlarımızın işğaldan tam azad olunduğunu deyən əsgər sonuncu əməliyyat tədbirlərinə də silahdaşları ilə cəlb edildiyini bildirdi: "Ən böyük arzum idi torpaqlarımızın azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak etmək. Ötən ilin sentyabrında biz də döyüş tapşırığımızı yerinə yetirərkən düşmənin hərbi hədəflərini məhv etdik. Bir sutka tamam olmamış düşmən təslim oldu. Bu, bizi çox sevindirdi".

Heyət üzvlərindən Sirac Nəbiyev dedi ki, hərbi xidmətə yeni gəldiyindən əməliyyat tədbirlərinə cəlb olunmayıb. Baxmayaraq ki, təhkim olunmuş silahlardan mükəmməl istifadə edə bilirdi.

Heyət üzvləri arasında ucaboy, sarışın, idmançı bədən quruluşu ilə diqqətimi cəlb edən əsgər Nikolay Vlasyuk Sabunçu rayonundan hərbi xidmətə çağırıldığını söylədi. Əlavə etdi ki, doğma Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında gedən döyüşlərdə iştirak etmək onun arzusu olub. Əməliyyat tədbirlərinə cəlb olunan Nikolay da silahdaşları ilə birlikdə verilən hər bir döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirib.

Əsgərlər Mübariz Həsənov, İsa Qasımov və başqaları ilə həmsöhbət olduğum zaman sülh dövründə də döyüş hazırlıqlarını müntəzəm olaraq artırmağın vacibliyini bildirdilər. Düşmənin istənilən hücumunun qarşısını bundan sonra da vaxtında almağı qarşılarına məqsəd qoyublar. Onlar yaxşı bilirlər ki, yüksək döyüş hazırlığı sülhün təminatıdır.

Bəxtiyar Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Döyüş-hazırlığı   Ordu   Əsgər  


Bizi "telegram"da izləyin