İranın “yeni imici”ndə “qərbləşən” Ermənistanla münasibətlər necə təşkil olunacaq? – BAXIŞ BUCAĞI

2024/04/1713333404.jpg
Oxunub: 230     15:32     17 Aprel 2024    
“Minimum gözlənti budur ki, İslam dövlətləri sionist rejimin cinayətləri davam etdikcə onunla müvəqqəti əlaqələri kəsəcəklər”. Bunu İranın ruhani lideri Ayətullah Əli Xameneyi İsrailə hücumdan öncə İslam ölkələrinin Tehranda akkreditə olunmuş səfirlərini qəbul edərkən deyib. O, İsraillə ticarət və iqtisadi əlaqələri davam etdirən müsəlman ölkələrini qınayıb.

Beynəlxalq mətbuatın nəşrlərində İranın İsraili “qisas zərbələri ilə vuracağı” fikri üstünlük təşkil edirdi. Ötən gün Türkiyə və İran prezidentləri arasında telefon danışığı oldu. Türkiyənin hökumətyönlü KİV-ləri İbrahim Rəisinin “İran-İsrail gərginliyini aradan qaldırmaq üçün Türkiyənin vasitəçiliyini qəbul etmədiyini” yazırdı.

Təxminən bir həftəlik fasilədən sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-Avropa İttifaqı-Ermənistan konfransı ilə bağlı qısa bəyanat yayıb və regional “3+3” formatını vurğulasa da, bunu “məsləhətçi” adlandırıb. Təbii olaraq Tehran Cənubi Qafqaza regiondankənar qüvvələrin cəlb olunmasını alqışlamır, lakin regional formatı “məsləhətçi” adlandırmaqla, əslində bu məsələdə manipulyasiya etdiyini, Ermənistanla bağlı siyasətində birtərəfli davrandığını etiraf edir.

İsrailə qarşı ümumislam koalisiyası çağırışı nə dərəcədə Türkiyəyə ünvanlanırdı? Belə görünür ki, Tehran və Ankaranın mövqelərində çox ciddi fərq var: Əgər İran üçün İsrail ümumilikdə “sionist rejim”dirsə, Ərdoğanın problemi Baş nazir Netanyahu ilə bağlıdır.

Türkiyənin İrandan fərqli olaraq Qəzzaya marağının əsas motivi Yaxın Şərqdə sabitliyə nail olmaqdır. Digər tərəfdən, İran “Şiə ayparası”nı gücləndirməyə və Türkiyənin siyasətinə qarşı çıxmağa çalışır. Üçüncü tərəf ərəb dünyasıdır, burada İsraillə münasibətlərin sülh yolu ilə tənzimlənməsi tərəfdarları “yəhudi dövlətini yer üzündən silməyə” hazır olan ekstremistlərdən daha çox görünür.

İran İsrailə növbəti dəfə zərbə endirəcək, yoxsa “hazırlıq addımları” haqda yeni məlumatlar yalnız Misirin vasitəçiliyi ilə danışıqlarda HƏMAS-ın mövqelərini gücləndirmək məqsədi daşıyır? Rusiyanın Yaxın Şərqdəki partlayış vəziyyətində iştirakı açıq şəkildə görünmür. Təbii ki, Tehran ümumislam koalisiyası yarada bilməyəcək.

Amma yəqin ki, İranın Yaxın Şərqdə daha ciddi geosiyasi rol perspektivi var. Bəs mümkün olan bu yeni “obraz” xüsusilə Qərblə münasibətlərini sıxlaşdıran Ermənistanla münasibətlərdə necə təsir göstərəcək?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin