Ukraynadan sonra “növbəti dayanacaq” Qazaxıstandır? – BAXIŞ BUCAĞI

2024/04/1713332724.jpg
Oxunub: 613     14:28     17 Aprel 2024    
“Tengrinems” sensasion xəbər dərc edib. Xəbərə görə, Rusiya Dövlət Dumasının deputatı, müdafiə komitəsinin üzvü, general-leytenant Andrey Qurulev həmkarları ilə səmimi söhbət zamanı bəyan edib ki, Ukraynadan sonra Rusiya “Qazaxıstanın məsələlərini həll edəcək”.

Mətbuatın yazdığına görə, Qurulevin bəyanatının səs yazısı mövcuddur. Habelə mətbuata görə, Böyük Britaniyada Aleksandr Litvinenkonu zəhərləməkdə təqsirləndirilən Dövlət Dumasının başqa bir deputatı, SSRİ DTK-nın keçmiş zabiti Andrey Luquvoy “Qazaxıstanın parçalanması” adlı sənədli film çəkib və Qazaxıstanı Ukrayna ilə müqayisə edib, eyni “qeyri-ruslaşma” ittihamını təqdim edib.

Qazaxıstan Prezidentinin Aparatı yanında Strateji Təhlil İnstitutunun direktoru Yerkin Tukumovun sözlərinə görə, ölkə hakimiyyəti şimal bölgələrində “istənilən separatçı hərəkatı zərərsizləşdirir”. O bildirib ki, Qazaxıstan bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və özünə qarşı eyni münasibəti gözləyir. Bu arada politoloq Dimaş Aljanov qeyd edib ki, Rusiyanın Ukraynaya “müdaxiləsi və bir neçə hərbi cinayəti Qazaxıstan ictimaiyyətini parçalayıb və Mərkəzi Asiyada anti-Rusiya əhval-ruhiyyəsinin artmasına səbəb olub”.

Politoloq qazax xanlığının “beş yüz ildən çox tarixi olduğunu” bildirib. Bu, Rusiyanın “Qazax kimliyi tarixən mövcud olmayıb” iddialarına dolayı, lakin çox şəffaf cavabdır. Göründüyü kimi, vəziyyət təşviş doğurur. Bu yaxınlarda Qazaxıstan Prezidenti ölkənin Qızıl Ordanın varisi olduğunu bəyan edib. Tarixi bir dövrdə Moskoviya Qızıl Ordanın vergi ödəyicisi olub.

Təbii ki, Dövlət Dumasının bir-iki deputatının bəyanatından birbaşa şəkildə Rusiyanın “Qazaxıstana müdaxilə etməyə hazırlaşdığı” nəticəsi çıxmır. Amma bu mövzuya dair ipucu Astananı narahat etməyə bilməz. Xüsusilə ona görə ki, ölkənin şimal bölgələrində hər an kütləvi hərəkatlara başlaya biləcək bir neçə milyon rus və ya rusdilli əhali yaşayır. Görünür, Mərkəzi Asiya Rusiyanın “arxa bağçası” olmaqdan çıxır, müstəqil aktora çevrilməyə çalışır. Rusiya üçün bu, təkcə iqtisadi problem deyil, həm də təhlükəsizlik problemidir.

MDB və Avrasiya İqtisadi Birliyinin “üstünlükləri ilə məhdudlaşmaq” vaxtı, deyəsən, tükənmək üzrədir. Qazaxıstan və Mərkəzi Asiyanın digər ölkələri böyük xammal ehtiyatlarına, logistika və kommunikasiya imkanlarına malikdir. Bunları daxili inteqrasiyaya xidmət etdirmək istəkləri tamamilə təbii, məntiqlidir, bu ölkələrin xalqları tərəfindən tələb olunur.

Moskva gələcək münasibətlərin hansı “rejimini” təklif edəcək? Belə görünür ki, “Böyük Avrasiya” layihəsi işləmir. Ukraynadakı müharibə hamını əsəbiləşdirib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Qazaxıstan  


Bizi "telegram"da izləyin