Borelldən “gözlənilməz” bəyanat| Vaşinqton Avropadan “imtina edir”, Çinə mərkəzləşir?

2024/04/1713332644.jpg
Oxunub: 513     11:42     17 Aprel 2024    
“Keçmişdə hesab olunurdu ki, Avropanın təhlükəsizliyinə dair strateji məsuliyyətinin gücləndirilməsi NATO-ya zərər verəcək və ABŞ ilə əlaqənin kəsilməsinə səbəb olacaq. İndi bu əlaqənin kəsilməsi riski Avropa tərəfdən deyil, ABŞ siyasətindən qaynaqlanır”.

Bu bəyanatın müəllifi Brüsseldə keçirilən konfransda çıxış edən Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borelldən başqa heç kim deyil. Avropa komissarı faktiki olaraq təhlükəsizlik arxitekturasının dərin transformasiyası məsələlərini gündəmə gətirir və qeyd edir ki, ABŞ Avropadan “ayrılır”.

Avropada daha tez-tez və yüksək səslə danışmağa başlayıblar ki, regionun öz təhlükəsizlik strukturu olmalıdır və ABŞ-dən mümkün qədər müstəqil olmalıdır. Bunu yalnız Avropanın Trampın seçilməsini gözləməsi ilə əlaqələndirmək yəqin ki, səhv olardı. Məsələn, komissar Borell Trampın ehtimal olunan seçilməsinin yaratdığı perspektivdən deyil, ABŞ-nin indiki siyasətinin təəssüratından və reallıqlarından danışır.

Demək olar şübhə yoxdur ki, Avropada bu danışığı məhz ABŞ-nin özü təşviq edir. ABŞ-nin Avropanı tərk etməsi qeyri-real, qeyri-mümkün görünür. Amma digər tərəfdən, mövcud söhbətlərə uzaqlaşmaq mənasında baxılmamalıdır. Əslində, ABŞ təsdiq edilmiş “baş plan” olmadan Avropanın təhlükəsizliyini və hərbi-siyasi sistemini transformasiya etmək vəzifəsini qarşıya qoyub.

Vaşinqton hər hansı bir “baş plan”a məcbur etmək missiyasını öz üzərinə götürmür, hətta Avropa təhlükəsizlik arxitekturasının gələcək oxu kimi hansı konfiqurasiyaların formalaşacağını müşahidə etmək üçün müəyyən rəqabət rejimində Avropanı “tərk edirmiş” kimi görünür. Britaniya, Almaniya, Fransa, Polşa bu işdə fəal iştirak edir, Macarıstan öz ambisiyasını göstərir, Türkiyə hazırlaşır.

Göründüyü kimi, ABŞ Avropa üzərində “nəzarət”in şaquli təsirlə deyil, daxili rəqabət və tarazlıq prinsipi əsasında həyata keçiriləcəyi rejimə keçməyə çalışır, bu rejimdə rəis və ya polis deyil, arbitr rolunu öz üzərinə götürür. Görünür, bu hal həm də onunla əlaqədardır ki, zaman keçdikcə ABŞ-nin qlobal hegemonluq mövqeyini qoruyub saxlaması getdikcə çətinləşir, daha çox resurs tələb edir, eyni zamanda o, artıq daha böyük və daha çox əks-təsir, müqavimət ocaqlarına malikdir, buna görə də optimallaşdırma planlaşdırır.

Görünür, Vaşinqton bu prinsipi bütün əsas regionlarda tətbiq edəcək, potensialının əsas cəmləşməsini Asiya-Sakit okean zonasında, yəni ABŞ-nin milli təhlükəsizlik strategiyası ilə Birləşmiş Ştatların əsas rəqibi elan edilmiş Çinə daha yaxın bölgədə həyata keçirəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Avropa   Çin  


Bizi "telegram"da izləyin