Fərid Şəfiyev: "Azərbaycan ənənəvi balanslı siyasətini davam etdirməlidir"

2022/12/O6fur-1671120271.jpg
Oxunub: 128     16:03     16 Aprel 2024    
Azərbaycanın böyük münaqişələrdən kənarda qalmaq siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.

Ordu.az xəbər verir ki, bunu “Report”a açıqlamasında İran-İsrail gərginliyi və Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda sabitliyi qorumaq və münaqişədən çəkinmək üçün Azərbaycanın atmalı olduğu addımları şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Idarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O vurğulayıb ki, böyük güclərin bir-biri ilə toqquşması hərdən bu və ya digər tərəfləri seçim etmək məcburiyyətinə gətirsə də, Azərbaycan artıq bu mərhələni geridə qoyub:

“Ona görə də ənənəvi balanslı siyasəti davam etdirməli, həm Qərb, həm də Şərqlə əməkdaşlıq imkanlarını qorumalıyıq. Eyni zamanda, müəyyən problemlərin mövcudluğuna baxmayaraq, Avropa İttifaqı ilə əməkdaşlığımızı da davam etdirməliyik. Çünki bir sıra iqtisadi layihələrimiz məhz Avropa İttifaqı ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycanın iqtisadi inkişafı Avropaya bağlıdır. Fikrimcə, bu bağlılığı itirmək olmaz”.

Fərid Şəfiyev Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) kimi prioritet öhdəliklərinin olduğunu da xatırladıb:

“Amma hər bir təşkilatın öz məhdudiyyətləri də var. Bizim Avropa İttifaqı ilə bu günə qədərki əməkaşlığımız müəyyən faydalar verib. Doğrudur, təəssüf ki, hazırda bir sıra Avropa dövlətləri Ermənistanı dəstəkləyirlər, amma bu, birmənalı deyil, yəni İtaliya kimi Azərbaycanı müdafiə edən dövlətlər də var.

Bunlardan çıxış edərək çalışmaq lazımdır ki, böyük münaqişələrə cəlb olunmayaq. Çünki biz artıq öz hədəfimizə çatmışıq, Azərbaycanın daxilində və xaricində müəyyən təhlükələr olsa da, artıq işğal yükündən qurtulmuşuq. Ona görə də xarici siyasətimizi ehtiyatla davam etdirməliyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fərid-Şəfiyev   Azərbaycan  


Bizi "telegram"da izləyin