Oddesaya hücum planı nəyə işarədir?| Şərqi Avropada yeni gərginlik mənbəyi yaradılır

2024/04/1713250626.jpg
Oxunub: 1746     12:25     16 Aprel 2024    
Rusiya mətbuatı bir ayda ikinci dəfə Moskva səfərindən qayıtdıqdan sonra Qaqauz Yeri Muxtar Bölgəsinin rəhbəri Qutsulun Kişinyov hava limanında “alçaldıcı yoxlamalara məruz qaldığını” yazır.

Məlumatlara görə, Moldovanın “prokurorluğu ona qarşı cinayət işi açıb”. Qaqauziya liderinin konkret nədə ittiham olunduğu bəlli deyil. Qutsulun Moskvada olduğu gün Moldova Prezidenti Sandu Qaqauziya muxtariyyətinin paytaxtında olub, burada yerli parlamentin bir qrup deputatı, yerli özünüidarəetmə orqanlarının rəhbərləri ilə görüşüb.

Moldova Prezident Aparatının mətbuat xidmətinin məlumatına görə, görüş “konstruktiv” keçib. Prezident Sandu əmin edib ki, onun hökumətinin Qaqauziyanın muxtariyyətini ləğv etmək planı yoxdur, lakin yerli hökumət “Moldova konstitusiyasına və qanunlarına hörmət etməyə borcludur”. Muxtariyyət lideri Qutsul Moskvada Qaqauziyanın “müstəqilliyini elan edə və yardım xahişi ilə Rusiyaya müraciət edə biləcəyini” bəyan edib.

Qutsulun bəyanatı həm Moldova konstitusiyasına, həm də Qaqauziya parlamentinin qəbul etdiyi və Moldovanın mərkəzi orqanları tərəfindən təsdiq edilmiş qanuna ziddir. Qaqauziya SSRİ-nin dağılmasından və Moldovanın müstəqilliyinin elan edilməsindən sonra muxtariyyət əldə edib. Qaqauz kimliyinin və onların mədəni-sivilizasiya xüsusiyyətlərinin qorunub saxlanmasına zəmanət vermək məqsədilə Avropa İttifaqı da bu layihəni dəstəkləyib.

Qaqauziyada vəziyyətin gərginləşməsi Moldovanın Avropa İttifaqı ilə assosiasiyalaşması ilə bağlı müzakirələrlə üst-üstə düşür. Qaqauziyada Moldovanın Rumıniyaya birləşməsi perspektivi xüsusilə kəskindir. Fevralın sonlarında belə bir təəssürat yaranmışdı ki, qondarma “Dnestryanı” Rusiyaya birləşmək məsələsini qaldıracaq. Tiraspolda “bütün səviyyəli deputatların qurultayı” çağırıldı, lakin Rusiyaya birləşmək barədə qərar qəbul edilmədi.

Bunun ardınca Qaqauziya muxtariyyətinin başçısı Qutsulun Moskvaya səfəri baş tutdu və burada onu kifayət qədər yüksək səviyyədə qarşıladılar. Digər mənbələr bu görüşləri Moldovada ölkədən Rusiyaya bir milyard dollar köçürmək ittihamı ilə cinayət təqibi altında olan etnik qaqauz Şorun təşkil etdiyini bildirir. Moskva Qaqauziya məsələsində nə planlaşdırır? Moldovanın cənubundakı bu ərazini Rusiyaya birləşdirmək üçün yalnız bir imkan var: Ukraynanın Odessa vilayətinin ələ keçirilməsi.

Belə olan halda Rusiya Dnestryanı ilə də canlı əlaqə yaradacaq, lakin bu, Moldovanın Rusiya-Ukrayna müharibəsində iştirakı deməkdir, Rumıniya buna biganə qalmayacaq. ABŞ-nin Rumıniya ərazisində yeni NATO hərbi bazası yaratmağa başladığı məlum olub. Türkiyə mətbuatı hesab edir ki, bu addım təkcə Rusiyanın deyil, Türkiyənin də Qara dəniz və Şərqi Avropada təsirini məhdudlaşdırmaq məqsədi daşıyır.

Qaqauzlar etnik türk mənşəlidirlər. Xatırlatmaq yerinə düşər ki, Rəcəb Tayyib Ərdoğan Moldovaya səfəri zamanı Qaqauziyanın inzibati mərkəzi olan Komratda da olub. Rusiya ilə Türkiyə arasında Qaqauziyanın kimliyinin qorunub saxlanması ilə bağlı razılıq var, yoxsa onlar rəqibdirlər? Bunu birmənalı olaraq qiymətləndirmək çətindir. Faktdır ki, Qaqauziyanın lideri Qutsul bir ay ərzində iki dəfə Moskvaya səfər edib. Rusiya mətbuatının yazılarına görə isə Kişinyovda anti-Avropa siyasi koalisiyası yaradılır.

Bu, moldovadaxili qarşıdurma təhlükəsi deməkdir. Faktiki olaraq Şərqi Avropada yeni gərginlik ocağı yaradılır və ya ən azından Kişinyovun rusiyayönlü və avropayönlü siyasi qanadlara parçalanması ehtimalı yüksəkdir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oddesa   Rusiya   Şərqi-Avropa  


Bizi "telegram"da izləyin